Onlayn ictimai-siyasi qəzet
17 oktyabrda İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən öldürülən Yəhya Sinvar bioqrafiyasının təfərrüatlarını xarici mediada yer alan materiallara istinadən Musavat.com təqdim edir:
Yəhya Sinvar 29 oktyabr 1962-ci ildə Qəzza sektorunun cənubundakı Xan-Yunis qaçqın düşərgəsində doğulub. Onun valideynləri 1948-ci il Ərəb-İsrail müharibəsindən sonra əl-Məcdəl (hazırda İsrailin Aşkelon şəhəri) şəhərindən düşərgəyə köçürülüblər. O, BMT-nin Yaxın Şərq Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi tərəfindən təşkil olunan məktəbdə təhsil alıb.
Yəhya Sinvar 1980-ci illərin əvvəllərində Qəzza İslam Universitetinə daxil olub və orada ərəb dili fakültəsini bitirib. İsrailin xüsusi xidmət orqanları və KİV-ləri İslam Universiteti ilə HƏMAS arasında sıx əlaqələrin olduğunu bildirir, bu təhsil ocağını hərəkatın “beyin mərkəzi” adlandırırdılar. "The Chronicle of Higher Education" nəşri 2008-ci ildə bu universitetin sonradan Yəhya Sinvarı işə götürən HƏMAS-ın mənəvi lideri şeyx Əhməd Yasin tərəfindən təsis edildiyini yazıb.
Yəhya Sinvar ilk dəfə 1982-ci ildə hələ tələbə olarkən, ikinci dəfə 1985-ci ildə İsrail polisi tərəfindən həbs edilib. Azadlığa buraxıldıqdan sonra 1987-ci ildə birinci fələstin intifadası zamanı HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin rolunu öz üzərinə götürən “Məcd” təşkilatını yaradıb. O, İsraillə əməkdaşlıqda şübhəli bilinən fələstinlilərin axtarışı və məhv edilməsi ilə məşğul olub. Yəhya Sinvar şəxsən qətllərdə iştirak edərək “Xan-Yunis qəssabı” ləqəbini alıb.
1988-ci ildə o, iki israilli əsgərinin, dörd fələstinlinin qaçırılması və qətli ilə bağlı həbs edilərək ömürlük həbs cəzasına məhkum edilib. İsrail həbsxanalarında 22 ildən çox vaxt keçirən Yəhya Sinvar hətta kamerada yeraltı keçid qazmaqla bir neçə dəfə həbsxanadan qaçmağa cəhd edib. Özünü “yəhudi tarixinin mütəxəssisi” adlandıran Yəhya Sinvar həbsxanada ivrit dilini öyrənib, İsrailin xüsusi xidmət orqanlarının keçmiş rəhbərlərinin tərcümeyi-hallarını ərəb dilinə tərcümə edib, Fələstin müqaviməti tarixindən kitab yazıb. 2008-ci ildə o, beyin şişinin çıxarılması əməliyyatı keçirib.
2011-ci ildə HƏMAS tərəfindən əsir götürülən israilli əsgər Gilad Şalitin azad olunması müqabilində 1027 fələstinli məhbusla birlikdə Yəhya Sinvar da azadlığa buraxılıb. Tezliklə o, HƏMAS-ın siyasi bürosuna seçilib, 2015-ci ildə ABŞ hökuməti tərəfindən qlobal miqyaslı terrorçu kimi tanınıb. İki il sonra o, İsmayıl Haniyyəni əvəz edərək Qəzza sektorunda HƏMAS qruplaşmasının lideri olub. “Hizbullah” və İranla əməkdaşlığın qurulmasında böyük rolu olan Yəhya Sinvar 2018-ci ilin martında İsrail sərhədində döyüşən qruplaşma döyüşçülərinə rəhbərlik edib.
Yəhya Sinvar, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə qarşı hücumunun əsas ilhamvericisi və təşkilatçısı hesab olunur. Nəticədə təxminən 1200 nəfər həlak olub, 240 nəfər isə girov götürülüb. 30 noyabrda o, bu hücumu “yalnız məşq” adlandırıb. Dekabr ayında İsrailin Baş naziri Benyamin Netanyahu kəşfiyyat xidmətlərinin rəhbərlərinə HƏMAS liderlərini, o cümlədən Yəhya Sinvarı tapıb məhv etməyi tapşırıb. Elə həmin vaxt İsrail Xan-Yunisdə onun yerini göstərən məlumat üçün 400 min dollar mükafat vəd edən vərəqələr yaymağa başlayıb. 2024-cü ilin may ayında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Kərim Xan, insanlığa qarşı hərbi cinayətlərə görə məsul olan Yəhya Sinvarın həbsinə order tələb edib. Eyni ittihamla BCM, İsrailin baş naziri Benyamin Netanyahunun da həbsinə nail olmağa çalışır.
6 avqustda Yəhya Sinvar Tehran şəhərində öldürülmüş İsmayıl Haniyyənin yerinə Qəzza sektorunda HƏMAS-ın siyasi bürosunun rəhbəri vəzifəsinə seçilib. Uzun müddət Yəhya Sinvarın, İsrail ordusunun “Qəzza metrosu” adlandırdığı Xan-Yunis tunellərində döyüşçü qruplaşmaların əksəriyyəti ilə birlikdə gizləndiyi düşünülürdü. Sentyabrın ortalarında İsrailin “Maariv” qəzeti həmin tunellərə IDF zərbəsi barədə məlumat yayıb. Bundan sonra Yəhya Sinvar iki həftə ərzində əlaqəyə çıxmayıb. 8 oktyabrda onun Qətərdəki HƏMAS nümayəndələri ilə əlaqələrini bərpa etdiyi məlum olub.
Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ