İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneyidən Ermənistan mesajı - Rəisidən sonra...

“İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti davam edəcək”. Bunu İranın ali dini lideri Əli Xameneyi mayın 22-də İbrahim Rəisinin vida mərasimində iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

“İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti davam edəcək”. Bunu İranın ali dini lideri Əli Xameneyi mayın 22-də İbrahim Rəisinin vida mərasimində iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

“Mərhum prezidentimizin Ermənistanın sərhəd problemlərinə böyük həssaslığı var idi. Bu həssaslıq və diqqət bundan sonra da nəzərə alınmalıdır. İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti cənab Müxbirin (prezident əvəzi - red.) rəhbərliyi altında davam edəcək. İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var, ona görə də hər iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həll olunmalıdır”, - o bildirib.

Bu arada, İran-Ermənistan münasibətləri ilə bağlı yeni detallar və faktlar yayılmaqdadır. “Son günlər Ermənistan və erməni xalqı sizə çox isti münasibət nümayiş etdirir”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu mayın 23-də İranın Ermənistandakı səfirliyinə ziyarət gerçəkləşdirən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan İranın Ermənistandakı səfirinin müavini Bəhram Toheri ilə söhbətində deyib. Qalstanyanın sözlərinə görə, özü İrəvanda doğulsa da, ailəsi İrandandır. Toheri öz növbəsində bunları deyib: “Qeyd etməliyəm ki, son günlər Ermənistan və erməni xalqı çox isti münasibət nümayiş etdirib və bizə dəstək veriblər, buna görə hamınıza minnətdarıq”.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan isə İranın Ermənistana dəstəyi haqda jurnalistlərə danışıb. “İran birbaşa Ermənistanın ərazi bütövlüyünü müdafiə edir və indiyə qədər hansı dövlətlərin belə bəyanatlar vermədiyi göz qabağındadır”, nazir müavini deyib. “Ermənistan və İran arasında daimi açıq dialoq mövcuddur. Bu da ölkələr arasında qurulan münasibətlərin əsas təminatlarından biridir. Ermənistan və İranda hökumətlərin tərkibindən asılı olmayaraq, regional məsələlərdə iki ölkənin mövqeləri kifayət qədər yaxındır. Həm İran, həm də Ermənistan regionda vəziyyətin sabitləşməsi üçün daim çalışacaqlar”, - deyə Kostanyan əlavə edib.

Əlbəttə, Ermənistana heç bir qonşusu hücum etməyə hazırlaşmır. Üstəlik, Azərbaycan 3+3 formatında əməkdaşlığı təklif edir. İki qonşusuna - Azərbaycan və Türkiyəyə qarşı konstitusion (dövlət) səviyyəsində ərazi iddiasını davam etdirən, işğalçı ordu qurmağa çalışan da yenə məhz Ermənistandır. Odur ki, kapitulyant ölkənin sərhədləri sarıdan hər hansı “həssaslığa” gərək yox... Bəs bir neçə “stul”da oturmağa vərdiş etmiş, Qərb-Rusiya-İran arasında oyunbazlıq edən Paşinyan hökuməti hara kimi həm də “iranpərəst” görünə biləcək? “İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var” deyən Xameneyinin bu sözlərini, əslində isə xəbərdarlığını İrəvan ciddiyə alacaqmı?

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev: “Qərb də, digərləri də başa düşməlidir ki, regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll edilməlidir”

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında Tehran-İrəvan münasibətlərinin hazırkı durumu ilə bağlı bunları söylədi: “Məlumdur ki, İranın xarici siyasətində Ermənistanın öz yeri var və vasitə kimi istifadə olunur. Əli Xameneyi tərəfindən mayın 22-də İbrahim Rəisinin vida mərasimində iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı, həmçinin prezidenti müvəqqəti əvəz edən Müxbiriyə edilən tövsiyədə də bu, bariz şəkildə görünürdü. Nikol Paşinyan da öz növbəsində bildirdi ki, İbrahim Rəisi ilə onu təkcə tərəfdaşlıq deyil, həm də isti dostluq münasibətləri bağlayırdı ki, bu da Ermənistan-İran münasibətlərində özünü göstərirdi. Baş nazir ümidvar olduğunu bildirib ki, İbrahim Rəisi ilə nəzərdə tutulan planlar, eləcə də iki ölkə arasında münasibətlərdə müsbət tendensiya davam edəcək”. A.Nağıyev hesab edir ki, Paşinyan başqa cür danışa da bilməzdi: “Çünki daxildə baş verən hadisələr, hətta onun istefası gündəmə gətirilirsə, öz havadarlarından biri kimi İranı seçməlidir. Deməli, həm Qərblə, həm də İranla münasibət qurmağa çalışan Ermənistan daxili auditoriyanı sakitləşdirmək üçün siyasi gedişlər etməlidir. Burada da Qərb və İranın bir-birinə olan münasibəti nəzərə alınmalıdır. Baxmayaraq ki, Ermənistan İranla münasibətlərinin normal olduğunu  qeyd edir, Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Ermənistanla İran arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 2,5% azalaraq 692 milyon 496,8 min dollar təşkil edib”. 

Azərbaycanla münasibətlərə gəldikdə, deputat qeyd etdi ki, İbrahim Rəisi faciəli ölümündən əvvəl baş vermiş hadisədə iştirakı ilə nəhayət, öz xalqına iqtisadi tərəqqi və Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açdı: “Məlumdur ki, iki ölkənin sərhədində həyata keçirilən layihə Azərbaycan və İslam Respublikası xalqları üçün böyük əhəmiyyət kəsb edir. Həmin görüşdə Rəisinin gələcək nəsillərə ünvanlanan tövsiyəsi - "İki xalq, iki dövlət arasında çox mühüm böyük layihələrin həyata keçirilə bilməsi özlüyündə əlamətdar hadisədir. Ola bilsin ki, bizim görüşlərimiz, birgə uğurlarımız kimsənin xoşuna gəlmir. Bizim üçün fərqi yoxdur. Əsas odur ki, biz birlikdə ölkələrimizin, dövlətlərimizin və xalqlarımızın xeyrinə olanı həyata keçirək". Ermənistan və digərləri bundan da bir nəticə çıxarmalıdırlar. Prezident İlham Əliyev öz növbəsində sərhəddə keçirilən görüş və hidrotexniki qurğuların açılışının İran-Azərbaycan münasibətlərinin tarixinə parlaq səhifə kimi düşəcəyinə və bu layihənin iki xalqı, iki ölkəni daha da sıx birləşdirəcəyinə əminliyini ifadə etdi. Bir sözlə, bu hadisə ilə İran və Azərbaycan dövlətləri güclü birgə siyasi iradə nümayiş etdirərək öz xalqlarına və bütün dünyaya açıq şəkildə bəyan etdilər ki, bir yerdədirlər və bundan sonra da belə olacaqlar. Yəni Qərb də, digər havadarlar da başa düşməlidirlər ki, regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll edilməlidir. Nə qədər çətinliklərimiz olsa da, bundan  öz məkrli siyasətləri üçün istifadə etməyə çalışsalar da, bu məsələlərdə Azərbaycanla İranın baxışları tam üst-üstə düşür..."

Sahib Məmmədov: “Əgər təsir mexanizmləri yoxdursa...”

Sahib Məmmədov: “Ümid edirəm ki, ali dini rəhbərin dəfn mərasimində Ermənistan baş nazirinə bildirdiyi fikirlər yaxşılaşmada olan İran-Azərbaycan münasibətlərinə təsir etməyəcək”

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, İranın ali dini lideri Əli Xameneyinin Ermənistanın baş naziri Paşinyanla dəfn mərasimi zamanı görüşündə “İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti davam edəcək” fikirlərini bildirməsində yeni heç nə yoxdur: “İranla Ermənstan arasında müttəfiqlik münasibətləri davam edir və yaxın gələcəkdə etməkdə də davam edəcək. İranın siyasətində, o cümlədən Ermənistanla bağlı siyasətində ciddi dəyişiklik gözlənilmir. O ki qaldı ali dini rəhbərin "İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var" fikrinə, onu deyə bilərik ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın bərqərar olması üçün davamlı səy göstərməkdədir. 3+3 və ya “Altılıq platforması”nın yaradılması təşəbbüsünü Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi görüşdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirmişdi. Bu təşəbbüsü irəli sürən dövlətlər təbii ki, nəinki İranla Ermənistan arasında, həm də regionda yerləşən bütün dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsində maraqlıdır. Bu təşəbbüs Azərbaycandan gəlib". 

S.Məmmədovun sözlərinə görə, başqa məsələdir ki, Tehran uzun illər ərzində Ermənistanı həm özü silahlandırıb, həm də başqa ölkələrdən, o cümlədən Hindistandan göndərilən silahların İran ərazisindən keçməsinə şərait yaradıb: “Normal iqtisadi və siyasi münasibətlərin olmasında ən çox maraqlı olan dövlət Azərbaycandır. Sərhəd məsələsinə "həssaslıq" da yersizdir. Zəngəzur dəhlizi İranla Ermənistan arasında sərhəd üçün heç bir problem yaratmır. Oradan dəmir yolu və avtomobil yolunun keçməsinin sərhədə heç bir dəxli yoxdur. Yolları Ermənistanın özü çəkib, özü də sahibi ola bilər. Yeganə tələb həmin yoldan Azərbaycan yüklərinin, nəqliyyat vasitələrinin və sərnişinlərin maneəsiz keçməsi ilə bağlıdır". 

S.Məmmədov İranın ehtiyatlı olmasını zəruri saydı: “Ermənistanın "çoxvektorlu" siyasəti nəinki İran, həm də region üçün təhlükə yaradır və regiona kənar güclərin müdaxiləsinə imkan yaradır. Əgər İran ən qatı düşmənlərinin onun sərhədində və sərhədinə yaxın ərazidə yerləşməsindən narahat deyilsə, o zaman təhlükəni görmədən davam edə bilərlər. Ümid edirəm ki, ali dini rəhbərin dəfn mərasimində Ermənistan baş nazirinə bildirdiyi fikirlər yaxşılaşmaqda olan İran-Azərbaycan münasibətlərinə təsir etməyəcək".

O ki qaldı İran dövlət rəhbərlərinin faciəli həlakı ilə bağlı Azərbaycanda matəm elan olunmamasına, icraçı direktor qeyd etdi ki, bizdə belə bir praktika yoxdur: “Azərbaycan Prezidenti baş vermiş hadisəyə ilk reaksiya verən dövlət rəhbəridir. Ölkə rəhbəri İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olub və başsağlığı verib. Ölkəmiz son 35 ildə dəfələrlə faciələrlə üzləşib, matəm günlərimiz olub. Biz həmişə dərdimizi özümüz çəkmişik. Dərdlərimizə və faciələrimizə acıyan bütün dövlətlərə və xalqlara minnətdarıq. Biz də həm dövlət, həm də xalq olaraq qonşu İranda baş verən faciədən təəssüflədik. Bir daha Allah rəhmət eləsin”.

İlyas Hüseynov: Urmiya gölünün qurudulması siyasi prosesdir - AZƏRTAC

İlyas Hüseynov: “Ermənistanın baş naziri ”iranpərəst" görünməyə çalışsa da, İran Paşinyanın geosiyasi istəyindən məlumatlıdır və regional münasibətlər yenidən nəzərdən keçirilib"

STM-in sektor müdiri, politoloq İlyas Hüseynovun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan helikopter qəzası ilə bağlı İrana getməsi ilə göstərməyə çalışdı ki, Tehranla münasibətlərə önəm verir: “Eyni zamanda İranın ali dini lideri Əli Xameneyi ilə görüşdə də müsbət mesajlar verildi. Bu gün Azərbaycanla Ermənistanla arasında sülh danışıqları müstəvisində sərhədlərin müəyyənləşdirilməsi prosesi gedir. Qardaş Türkiyə də regional kommunikasiyaların öz işini bərpa etməsini, sərhədlərin açılmasını, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını və diplomatik təmasları dəstəkləyir. Buna görə də İrəvanın Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi və silahlanmaya üstünlük verməsi tamamilə yolverilməzdir”.

İ.Hüseynovun qənaətincə, Paşinyan uzun müddətdir ki, İran-Rusiya-Qərb üçbucağı arasında özünə tərəfdaş axtarışında olsa da, bir-birinə zidd addımlar atır: “Avropa İttifaqının müşahidəçi missiyasının Ermənistan ərazisində yerləşməsi buna bir misaldır. Əsas məsələ bundan ibarətdir ki, Ermənistanın baş naziri "iranpərəst" görünməyə çalışsa da, İran Paşinyanın geosiyasi istəyindən məlumatlıdır və regional münasibətlər yenidən nəzərdən keçirilib".

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR