Onlayn ictimai-siyasi qəzet
“15 oktyabr Azərbaycan xalqının dövlətçilik tarixində əlamətdar bir gün kimi yadda qalacaq. Ona görə ki, 2003-cü ilin 15 oktyabr tarixində Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öz dövlətçilik tarixinin yeni bir mərhələsini başlatdı. 15 oktyabrdan başlayan uzun, məşəqqətli siyasi marafon nəticə etibarı ilə 15 oktyabr 2023-cü ildə Azərbaycan dövlətinin öz bayrağını Xankəndidə, Ağdərədə, Əsgəranda, Xocalıda dalğalandırması ilə başa çatdı”.
Bu sözləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, 15 oktyabr xalqımızın milli sevincə qərq olduğu bir gündür.
“Bir əsrdən uzun bir zaman sonra Azərbaycanın konstitusion quruluşunun bütün ərazisində tətbiq edildiyi gündür. Çünki “Dağlıq Qarabağ” Muxtar Vilayət kimi SSRİ dövründə - 1923-cü ildə yaradılaraq Azərbaycan dövlətinin təməllərinə uzunmüddətli bir mina kimi yerləşdirilmişdi. Biz o minanı zərərsizləşdirərək xilas olmağı bacardıq. Ona görə də bu gün bizim xalqımızın milli qürur tarixidir. Şübhəsiz ki, tarixi zəfərə gələn yol çətin və təzyiqlər altında olub. Yaranan bu problemlər öz həll yolunu tapması üçün dövlət başçısından xüsusi istedad, əzmkarlıq, əsasən də xüsusi qətiyyət tələb edirdi. Nəticə olaraq Azərbaycan bu çətinliklərin hər birinin öhdəsindən gəlməyi bacardı. Əgər son 20 illik çətin marafonda hər hansı bir yanlış qərar qəbul edilmiş olsaydı, biz bu tarixi anları yaşaya bilməzdik. Çünki bu dövr özlüyündə çox mürəkkəb idi.
2023-cü il yeni əsrin başlanğıcı olmaqla, yeni çağırışlar müəyyənləşdirdi. Bu dövr eyni zamanda qlobal imperializmin milli dövlətlərə qarşı sosial şəbəkələr, kiberhücumlar vasitəsilə ictimai və siyasi şüuru manipulyasiya edərək daha şiddətli təzyiqlər qurduğu dövrdür.
Biz postsovet məkanında eyni zamanda rəngli inqilablar mərhələsindən üzüağ çıxmağı bacaran xalqıq. Rəngli inqilablar çağırışına sosial şəbəkələr vasitəsilə məğlub olan qonşu xalqlarımız bu gün acı taleyi yaşayırlar. Hazırda Gürcüstan öz ərazisinin 20 faizini itirib, Ukraynada da müharibədir, Moldovada çətin və mürəkkəb proseslər baş verir, öz ərazi bütövlüyünü uzun illərdir hələ də bərpa edə bilmir. Bütün bu proseslər rəngli inqilablar vasitəsilə öz liderlərini dəyişən ölkələrdir. Ancaq müdrik və uzaqgörən Azərbaycan xalqı Heydər Əliyev siyasi xəttinə dəstək verməklə, Prezident İlham Əliyevə səs verməklə öz müqəddəratını həll etdi və bu gün xalqımız Müzəffər Ali Baş Komandanı ilə layiq olduğu qüruru yaşayır” - deyə Hikmət Babaoğlu qeyd edib.
Dürrə Həsənova,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ