İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xalqımız bağışlasın, daha üzr istəməyə də üzümüz gəlmir"

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Millətlər Liqasında Estoniya ilə bərabərə bitən (0:0) qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib.

- Matç barədə deyəcək nələrsə var?

- Oyun barədə danışılası nəsə yoxdur. Hər şey göz önündədir. Rəqib məğlub olmamaq üçün bura gəlmişdi. 90 dəqiqə müdafiə olundular. Üstün oynadıq, əlimizdən gələni etdik, amma olmadı. Nələrisə dəyişməyin vaxtıdır. Biz futbolçularda daha çox günah var. Rəhbərlik, media, xalqımız bizim yaxşı olmağımız üçün çalışır. Amma yaxşı yerlərə gəlib çıxa bilmirik.

- Niyə?

Hər kəs oturub, düşünməlidir. Belə getməyəcək. Hardasa sürpriz edib 1 oyun udmaqla özümüzü aldada bilmərik. Deyəsi söz yoxdur. Xalqımız bağışlasın bizi. Üzr istəməyə də artıq adamın üzü gəlmir. Lakin deyəcək başqa sözüm də yoxdur.

- Nələrisə dəyişmək dedikdə köklü islahatlar olmasınımı nəzərdə tutursan?

- Təbii ki, o da lazımdır. Amma mən indi köklü dəyişməkdən yox, indiki futbolçulardan danışıram. Alınmırsa, nələrsə dəyişməlidir. Futbolçular özünü inkişaf etdirməlidir. Edə bilmiriksə, sonunda D liqası yaxındır.

- Aşağı-yuxarı bütün oyunlarda milli rəqiblərindən o qədər geri qalmayıb. Amma hər oyun yaxşı qol fürsətləri boşa verilir. 5 oyunda yaşanan eyni nöqsanı şansa bağlamaq nə dərəcədə doğrudur?

- Yox, şanssızlıq olduğunu deməzdim. Şans bir oyunda, iki oyunda gətirməyə bilər. Əgər davamlı eyni hal yaşanırsa, deməli ustalıq səviyyəmiz aşağıdır. Futbol 90 dəqiqə oynanılır. 10 dəqiqə konsentrasiyanı itirəndə rəqib bunu dəyərləndirir.

- Milli meydana ciddi itkilərlə çıxmışdı. Xüsusilə hücum xəttində Renat Dadaşov, Mahir Emreli və Emin Mahmudovun yoxluğunu meydanda hiss etdiniz?

- Olsaydılar belə böyük dəyişiklik olacağını gözləmirəm. Nəticə fərqli olası deyildi. Bu gün meydanda olan Ozan, Musa da şəxsi fikrimcə yaxşı oyun keçirdi. Təəssüf ki, alınmadı.

- D liqası qapıdadır. Bu nəticəni son illərin fiaskosu adlandıra bilərik?

- Adlandırmaq olar. Bu da sırf biz futbolçuların əməyidir.

- Daha çox özünüzü günahlandırdın. Bu, o anlama gəlir ki, baş məşqçidə heç bir günah yoxdur?

- Baş məşqçi əlindən gələni edir. Meydana çıxıb bizim yerimizə qərar verə bilməz. Son zərbəni bizim yerimizə o etmir. Taktiki-texniki cəhətdən bizi hazırlayır. Yaxşı da motivasiya verir. Kim gəlsə dəyişən nəsə olmayacaq. Dünyanın ən yaxşı baş məşqçisi də gəlsə nəticələr belə olacaq.

- Məğlubiyyətə bərabər heç-heçə ilə İsveçə yollanırsız. Belə psixoloji durumda daha güclü rəqib önündə nəyə ümid edəcəksiniz?

- Ağır oyun olacaq. Rəqib qrup lideri olmaq üçün mübarizə aparır. Necə olacağını bilmirəm. Əlimizdən gələni edəcəyik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR