Onlayn ictimai-siyasi qəzet
Bəli, hələki Rusiyada prezident seçkisinin statistikası belədir – bu günlərdə elan etdilər ki, seçkidə indiki prezident Vladimir Putindən başqa daha üç nəfər iştirak edəcək və ölkənin Mərkəzi Seçki Komissiyası artıq prezidentliyə namizədlərin yekun siyahısını təsdiq edib.
Ola bilsin, siyahı kiməsə “qısır” görünəcəkdir. Amma dörd yox, iyirmi namizəd olsaydı, nə dəyişəcəkdi ki?
İkincisi, dərhal diqqəti çəkən daha bir mühüm detal odur ki, bu dəfəki seçkinin də siyasi palitrası, yumşaq şəkildə desək, çox tanışdır – bu seçkidə də məşhur Rusiya Liberal-Demokrat partiyasının və bir də kommunistlərin namizədi iştirak edəcək. Amma hamıya aydındır ki, növbəti prezident də Vladimir Putin olacaq.
Bu isə o deməkdir ki, ən azı Ukrayna ilə müharibə davam edəcək, ölkə yenə də Qərblə total geosiyasi qarşıdurma yaşayacaq. Amma seçkidə Liberal-Demokratların və yaxud da kommunistlərin nümayəndəsi qalib gəlsəydi nəsə dəyişəcəkdimi? Əlbəttə ki yox! Bu iki partiya belə hesab edir ki, əslində prezident V.Putin onların “proqram”larını həyata keçirir.
O ki qaldı dördüncü namizədə, “Yeni insanlar” siyasi blokunun təmsilçisinə, biz artıq bir dəfə “yeni rusları” görmüşük – bəli, onların libasının Qərb, düşüncələrinin isə əski kommunist üslubunda olduğu hamı üçün aydınlaşdı. Ona görə də daha heç kim inanmır ki, bir nəfərin hakimiyyətə gəlişilə Rusiya və ya ruslar prinsipial şəkildə dəyişə bilər...
O ki qaldı Vladimir Putinə, onunla bağlı da artıq sözümüzü dedik. Biz bu sətirləri yazanda Rusiya telekanallarının birində Vladimir Putinin bir ABŞ jurnalistinə müsahibəsini verirdilər. Biz onu diqqətlə dinlədik. Bəs təəssüratımız nə oldu? Putinin cavablarında zərrə qədər belə olsun, etiraf və yaxud da peşmançılıq notları sezmədik – həmişəki kimi o, özünə çox inamlı görünür, öz siyasətlərini az qala, “haqq işi” kimi qələmə verirdi.
Başqa nə demək olardı bu xüsusda? Elə bu günlərdə Ukraynadan da daha bir xəbər gəldi – ukraynalıların prezidenti Volodimir Zelenski də, necə deyərlər, “nadinc-şuluq” ali baş komandandan canını qurtardı və öz hakimiyyətini möhkəmlətmək üçün onun yerinə başqa bir adamı təyin etdi. Amma bununla vəziyyət birdəfəlik düzələcəkmi?
Qəti düşünmürük, çünki müharibə davam edir, ən başlıcası isə, onun gedişində nəinki qəti, hətta həlledici dönüş görünmür - əvvəl deyirdilər ki, guya, ruslar Ukrayna ərazisinin 17 faizinə nəzarət edir. İndi isə bu ədədin 26-27 faiz olduğu bildirilir. Bəli, ola bilsin, burada bir az şişirtmə var, amma bununla vəziyyət dəyişmir -əsas odur, Ukrayna ordusu indiyə qədər vəd olunan həlledici dönüşü təmin edə bilməyibdi...
İkincisi, tərs ali baş komandan Ukrayna ordusuna rəhbərlikdən getdi, amma problemlər qalır: prezident Zelenski yeni ali baş komandan da uğurlar və qələbələr tələb edəcək, yeni ali baş komandan isə prezidentdən əsgər və silah istəyəcək. Ən əsası, onların biri-birlərinin tələblərini yerinə yetirmək üçün imkanları demək olar, sıfır səviyyəsindədir - əhali Ukraynadan qaçır, Qərbin Ukraynaya silah-sursat tədarükünün normal ritmisə gündən-günə pozulur. Rusiya ordusu qarşısında dərhal təslim olmamaq– bəlkə də müharibədə Ukraynanın edə biləcəyi bu idi və onu da etdi.
O ki qaldı prezident – ali baş komandan qarşıdurmasına, Zelenskiyə çox təklif edilir ki, ali baş komandan funksiyasını da üzərinə götürsün, çünki müharibə zamanı ali baş komandan istər-istəməz ölkənin ən əsas fiquruna çevrilir. Amma hələki o, bunu istəmir. Təkcə ona görə yox ki, o, ali baş komandana qətiyyən oxşamır, bəlkə də həm də ona görə ki, ali baş komandan da olsa, onun cavabdehliyi iki dəfə artacaqdır, o, isə bunu istəmir...
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ