Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Macarıstan prezidenti Viktor Orban yenə maraqlı və kriptolu paylaşım edib.
Özünün sosial media hesablarında Türkiyə prezidenti ilə Vaşinqtondakı görüşünü əks etdirən foto paylaşıb və onu müşayiət edən mətndə sensasiya sayıla biləcək məqamları ifadə edib.
Viktor Orban yazır ki, yola çıxdığı sülh missiyasında Ərdoğan onunla bərabərdir, missiyanın ortağıdır! Sitat: "Prezident Ərdoğan bizim sülh missiyamızın mühüm tərəfdaşı, ortağıdır. Türkiyə Qara dəniz regionunun regional gücünü müəyyən edən və Rusiya-Ukrayna münaqişəsində döyüşən tərəflərə uğurla vasitəçilik edən yeganə oyunçudur"...
Bəlli olduğu kimi, Macarıstan prezidenti son 10 gün ərzində sürətli halda bir neçə paytaxtda olmuş, Rusiya - Ukrayna müharibəsində sülh əldə etmək üçün açıq fəaliyyətə başlamışdır.
Kiyevdə prezident Zelinski ilə görüşmüş, sonra Şuşada keçirilən Türk Zirvəsinə qatılmış, orada prezident Əliyevlə (və digər türk dövlətlərinin rəhbərləri ilə) bir araya gəlmiş; Bakıdan Moskvaya uçaraq prezident Putinlə danışıqlar aparmış; Moskvadan da Pekinə uçaraq, Çin rəhbəri Si Tsinpin ilə müzakirələr aparmışdı. Pekin hava limanında "sülh missiyası 3:0" kimi kripto (sirli, mübhəm) mesaj paylaşan Orban Avropa Birliyi rəhbərlərinin sərt tənqidinə tuş gəlmiş, onun Şuşaya səfəri və Moskva ziyarəti hədəfə alınmışdı.
Orban isə dayanmadan Avropa birliyinin qapısına "qol" atmaqdadır.
İndi o, Amerikadadır, NATO-nun yubiley sammitinə qatılmaq üçün Vaşinqtona gəlib.
Musavat.com xatırladır ki, Vaşinqton hava limanında Orban "sülh missiyası 4:0" mesajını paylaşıb...
İndi də orada qardaş Türkiyənin prezidenti Ərdoğanla görüşür və əslində, elan etmədən onu və bu missiyanı hədəfə alanların qapısından 5-ci topu keçirdir.
Avropa Birliyi və Kollektiv Qərb Rusiya - Ukrayna müharibəsində dirijorluğu əldən vermək, bütün mənalarda monopoliyanı kiməsə güzəştə getmək istəmir. Kollektiv Qərb onlardan kənar hər hansı təşəbbüsləri düşməncə qarşılayır və onun pozulması, alınmaması üçün hər şeyi edir.
Nümunə üçün prezident Ərdoğanın məlum təşəbbüslərini göstərmək olar. İstanbulda Rusiya - Ukrayna dövlətlərinin sülh danışıqları aparıldı, ciddi razılaşmalara gəlindi; müharibə və qan tökülməsi dayanacaq, indiki faciəvi nəticələr heç olmayacaqdı. Lakin Qərb paytaxtları, Avropa Birliyi buna imkan vermədilər. Onlar müharibənin davam etməsini dəstəkləyirlər.
İndi Viktor Orban da daha bir təşəbbüslə çıxış edir. Vaşinqton paylaşımından aydın olur ki, Türkiyə də prosesin içində və onun arxasındadır. Ona görə də AB və Kollektiv Qərb dəliyə dönüblər.
Bizə görə TDT üzvü, türk soyundan gələn Orban haqlıdır! Həm bu mesajdakı ifadələrində, həm də sülh axtarışlarında.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ