Onlayn ictimai-siyasi qəzet
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) 12 tələb irəli sürüb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, müvafiq nəşri X sosial şəbəkəsində yerləşdirib.
“Macar xalqı Brüsseldən nə tələb edir? Qoy sülh, azadlıq və birlik olsun”, - Orban bildirib.
Onun tələbləri arasında bütün Aİ-yə üzv ölkələrin qanun qarşısında bərabərliyi, millətlərdən alınmış səlahiyyətlərin bərpası, milli suverenlik və üzv hökumətlər üçün veto hüququ var. Macarıstanın baş naziri həmçinin korrupsioner lobbiçilərin parlamentdən qovulmasına çağırıb.
Siyasətçinin fikrincə, Aİ həm də “sərhədlərin qorunmasına, miqrantların qəbul edilməməsi və qeyri-qanuni gələnlərin ölkədən çıxarılmasına müdaxilə etməməlidir”. Orban uşaqların qeyri-təbii şəkildə tərbiyə edilməsinə qadağa qoyulmasını müdafiə edib və Avropanın xristian irsinin qorunmasının tərəfdarı olduğunu söyləyib. Tələblər siyahısında Ukrayna məsələsi ilə bağlı çağırış da var. Xüsusilə, baş nazir “Avropada sülh və Ukraynasız birlik” tələb edib.
Əvvəllər məlum olub ki, Avropa İttifaqı (Aİ) Macarıstanın anti-Rusiya qərarları ilə bağlı mövqeyinə görə onu səsvermə hüququndan məhrum etmək imkanını yenidən nəzərdən keçirir.
Musavat.com
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ