Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov bu gün vəzifəsindən azad edilib.
Musavat.com xəbər verir ki, Ramiz Mehdiyevin kadrı olan Şair Alxasovun əmlak siyahısı üzə çıxıb.
Unikal.az-ın yaydığı siyahı belədir:
- Qusarda evi ilə qarşı-qarşıya yerləşən hotel;
- Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;
- 6 nömrəli məktəbin yanında hotel;
- Nəriman Nərimanov parkında restoran;
- Bayraq meydanının yaxınlığında 2 hotel;
- Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi;
Sayt yazır ki, Şair Alxasov meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satırmış.
Xatırladaq ki, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda həbsdə olan Əlfəddin İbrahimov Qusar rayonunda ekoloji hüquqpozmaların törədilməsi və digər qanun pozuntuları üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluqda başlanmış cinayət işi çərçivəsində saxlanılıb. İbtidai istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaqla Qusar bələdiyyəsinin sədri İbrahimov Əlfəddin Qeysəddin oğlunun vəzifə səlahiyyətlərini aşmaqla torpaq sahələrini qanunsuz olaraq satmasına, bilə-bilə qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əlfəddin İbrahimov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessaul rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Vəzifəsindən azad olunan icra başçısı Şair Alxasovun da bələdiyyə sədrinin cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə məlumat var.
E.Məmmədəliyev,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ