Onlayn ictimai-siyasi qəzet
Azərbaycan hərb meydanında və siyasi-diplomatik masada maksimumu əldə etdi; rus qoşunlarının vaxtından tez gedişi və anklav olmayan kəndlərin bir güllə atılmadan qaytarılması praqmatik siyasətin nəticəsidir, növbədə Zəngəzur dəhlizi...
Vətən müharibəsi ilə başlayan Qarabağ torpaqlarının işğaldan azad edilməsi Zəfəri bu gün Qazağın anklav olmayan kəndlərinin də qaytarılması ilə davam etməkdədir. Füzuli, Cəbrayıldan başladı, Şuşa, Hadrutla sevindirdi, Ağdam, Kəlbəcər və Laçının azad olunması ilə qürurlandırdı, bir günlük antiterror əməliyyatı nəticəsində Xankəndi paradı ürəklərimizi fərəhləndirdi, indi isə Qazağın işğal olunmuş 4 kəndi razılaşma əsasında, bir güllə atılmadan qaytarıldı.
Bu Zəfər Azərbaycanın siyasi-diplomatik gücünü nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpası, suverenliyin təmin olunması maksimal nəticə ilə finala çatdı. Yəni Qarabağ ermənisizdir və bu, Azərbaycan xalqının arzuladığı yekundur. Eyni zamanda rus hərbi kontingentinin regiondan vaxtından tez çıxarılması növbəti diplomatik qələbəmizdir.
Çünki rus ordusunun getməsi ikinci zəfərə bənzər hadisədir. Üstəlik, Cənubi Qafqazda kövrək bir dövrdə, strateji qarşıdurmanın gücləndiyi zamanda Azərbaycan Rusiya ilə qurduğu düzgün siyasət nəticəsində hədəflərinə çatmaqdadır. Bu, həm də iki dövlət rəhbərinin qarşılıqlı etimadının təsdiqidir. Beləliklə, Azərbaycan Qarabağda “boz zona”nı təmizlədi, separatçı liderlər həbs olundu, rus qoşunlarının bölgədə qalmasına heç bir səbəb olmadı, eləcə də Qazağın kəndlərinin qaytarılması gerçəkləşdi. Bu, Müzəffər Ali Baş Komandanın, dövlətin, Ordunun, xalqın birgə əməyinin, siyasi-diplomatik, hərbi uğurudur.
2016-cı ilin Aprel döyüşləri ilə əsası qoyulan, 2018-ci ilin may ayında qazanılan Günnüt zəfəri ilə davam etdirilən qələbələrimiz 2020-ci ildə 44 günlük Vətən müharibəsində özünün məntiqi sonluğuna çatdı. Bu qələbə 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rus sülhməramlılarının bölgədən çıxmasından sonra Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdəsidir. Dövlət başçısı qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı. Ötən müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı və bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparıldı.
Əziz Əlibəyli
Siyasi şərhçi Əziz Əlibəyliyə görə, ilk dəfə ölkəmizdə bütöv torpaqlarda parlament seçkiləri keçiriləcək. Onun fikrincə, Rusiya sülhməramlıları ilk dəfə xidməti ərazilərini insidentsiz tərk edirlər. Ekspert hesab edir ki, Rusiya ilə müqavilə bağlayıb, diplomatik qalibiyyət əldə edən tək lider İlham Əliyevdir. “İndi daha çox insan gördü ki, ağıl, səbr və düzgün zaman istənilən pafosdan, şoudan və zamansız bağırtıdan, qaraçılıqdan üstündür”. Ekspert Qazağın kəndlərinin də qaytarılmasını əlavə edərək bildirir ki, nadir halda, qalibiyyətlərin ard-arda gəldiyi tarixi anları yaşayırıq - necə deyərlər, qalibiyyət yoluxucudur.
Zaur Məmmədov
Siyasi ekspert Zaur Məmmədov da düşünür ki, Prezident İlham Əliyev 4 kəndi Azərbaycana qaytardı: “Bu, yorulmaz, ardıcıl, sistemli fəaliyyət nəticəsində baş tutdu. Ermənilərin Qazağın 4 kəndini Azərbaycana qaytarmaq niyyəti yox idi. Kəndlərlə bağlı Ermənistan hökumətinin çıxış yolunun olmamasını başa düşməsi kəndlərin qaytarılması ilə bağlı razılığın əldə olunması ilə nəticələndi”.
Rüstəm Tağızadə
Siyasi şərhçi Rüstəm Tağızadə də düşünür ki, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi faktını Ermənistan hökuməti dərk etməyə başladı: “Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsindən sonra Qazağın 4 kəndinin qaytarılması haqqında da razılaşma əldə olundu. Bu, Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan diplomatiyasının növbəti uğurudur”. R.Tağızadəyə görə, Azərbaycanın əldə etdiyi bu uğur Zəngəzur dəhlizinin açılması prosesi ilə bağlı danışıqları da sürətləndirəcək. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düzgün siyasi kurs və prinsipiallıq nəticəsində biz diplomatik müstəvidə əldə edilmiş uğurların şahidi oluruq. Əminliklə söyləmək olar ki, zaman keçdikcə Azərbaycan daha da praqmatik siyasi gedişlər edəcək".
Yazını hazırladı: Emil SALAMOĞLU
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ