Onlayn ictimai-siyasi qəzet
Bəzi ekspertlər Donald Tramp administrasiyasının bu regionu siyasətində prioritet hesab etdiyinə inanmırlar
Son zamanlar ABŞ-ın Cənubi Qafqazda fəaliyyəti ciddi müzakirə mövzusuna çevrilib. Bir sıra müşahidəçilərin fikrincə, Amerikanın Cənubi Qafqazdakı siyasəti daha çox “bir addım irəli, iki addım geri” taktikasını xatırladır.
90-cı illərin əvvəllərində regionda söz sahibi olan ABŞ artıq burada əvvəlki nüfuzunu saxlaya bilməyib. ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışında Prezident İlham Əliyev ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz siyasətinə də toxunub.
Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib: “Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik. Onların (Tramp Administrasiyası - red.) indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və qeyd edə bilərəm ki, hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir”, - deyə dövlət başçısı vurğulayıb.
ABŞ-ın Cənubi Qafqaza qayıtmaq siyasətinin ilk anonsu hələ Donald Trampın prezidentliyinin ilk dövründə verilsə də, bu istiqamətdə ciddi iş nəzərə çarpmadı. Ağ Evə ikinci qayıdışından sonra da bəzi ekspertlər Donald Tramp administrasiyasının Cənubi Qafqaz regionunu prioritet hesab etdiyinə inanmadıqlarını bildiriblər.
Cənubi Qafqaza nüfuz etmək üçün ABŞ Türkiyə və Rusiya kimi təsir rıçaqları olmadığı üçün geri çəkilib?
Arzuxan Əlizadə
AMİP sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ dünyanın hegemon dövlətidir və müxtəlif bölgələrdə özünün dövlət maraqları var. Bu kontekstdə Cənubi Qafqaz da istisna deyil: “Xüsusilə də onu nəzərə alsaq ki, İranla bağlı ABŞ-ın, əsasən də Donald Tramp administrasiyasının özünün xüsusi mövqeyi var. Birinci prezidentlik dönəmində də İrana sərt sanksiyaların tətbiq edilməsində Tramp xüsusi çaba göstərmişdi. Bu dəfə ikinci prezidentliyi dönəmində də İranla bağlı bir çox məsələləri gündəmə gətirməklə İrana yönəlik təhdidlər var. Həmçinin o da məlumdur ki, ABŞ-ın ən yaxın strateji müttəfiqi olan İsrail dövlətinin də İranla bağlı özünün xüsusi münasibəti mövcuddur. Bu baxımdan xüsusilə də İranın nüvə silahı əldə etmək ərəfəsində olduğu nəzərə alınaraq ABŞ-ın bölgədə İranla əlaqəli uzaqgedən planları var. Ona görə də İranla qonşu dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətlərin normal məcrada inkişaf etməsində Vaşinqtonun maraqları olmamış deyil. Onu da diqqətə almaq lazımdır ki, Tramp daha çox iqtisadi münasibətlərə üstünlük verir və iqtisadi münasibətlər kontekstində Amerikanın maraqlarını önə çəkir. O baxımdan Cənubi Qafqazın əsas aparıcı dövləti olan, enerjidaşıyıcılarına malik, iqtisadi cəhətdən inkişafda olan, eyni zamanda güclü orduya malik olan, NATO ilə əməkdaşlıq edən, Türkiyə ilə birlikdə bu prosesin içində olan Azərbaycanla münasibətlərin normal istiqamətdə inkişaf etməsində maraqlıdır. Demokratlar dönəmindən fərqli olaraq Tramp administrasiyasının Azərbaycanla daha isti münasibətinin olması məlumdur. Birinci prezidentlik dönəmində də bu belə idi. Ümumiyyətlə, Respublikaçıların Azərbaycana yönəlik siyasəti Demokratlardan fərqli olaraq hər zaman daha yaxşı olub. Budəfəki prezidentlik dönəmində də Azərbaycanla münasibətlərinin daha isti olacağını və bölgə ilə əlaqəli planlarının Azərbaycanla münasibətlərinin normal məcrada inkişaf etməsi kontekstində quracağını istisna etmirəm. Biz bunu qarşıdakı dönəmdə görəcəyik. ADA Universitetində keçirilən "Yeni dünya düzəninə doğru" mövzusunda tədbirdə Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər də elə ABŞ-la bu kontekstdə münasibətlərin normal məcrada yürüdüləcəyi, eyni zamanda Tramp administrasiyasının da Azərbaycanla münasibətlərin daha da isti olmasında maraqlı olduğu kontekstində ifadə edilib. Biz qarşıda şahidlik edəcəyik ki, ABŞ Azərbaycanla, Cənubi Qafqazla daha sıx əlaqələr qurmağa çalışır".
Deputatın sözlərinə görə, təbii ki, bölgədə Rusiya, Türkiyə faktoru da var: “Xüsusilə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının hələ də qorunub saxlanması ABŞ üçün bir çox məsələlərdə çəkindirici faktor olub. Amma eyni zamanda Tramp administrasiyası həm də onun fərqindədir ki, bölgədə reallıqlar dəyişib. Bu reallıqlar Azərbaycanın öz gücünə dəyişib. Bu bölgədə Azərbaycan-Türkiyə tandemi əsas rol oynamaqdadır. Bu faktor da mütləq mənada Cənubi Qafqaz siyasətində Tramp hökuməti tərəfindən diqqətə alınacaq”.
Mütəllim Rəhimli
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirdi ki, Birləşmiş Ştatlar dünyanın super gücü olduğuna görə istənilən regiona təsir mexanizmlərinə malikdir. Bu, birbaşa və yaxud dolayı vasitələrlə ola bilər. Təbii ki, Cənubi Qafqazda sülh və əmin-amanlığın qorunub saxlanmasında ABŞ-ın da rəyi və yanaşması rol oynayır: “Lakin indi dünya düzənində regional güclər də mühüm rol almaqdadır. Azərbaycan Prezidentinin çıxışında ölkəmizin Cənubi Qafqazın əsas güc mərkəzi olduğu fikri yer alıb. Bunu bir daha diqqətə catdırmaqla regionun sorumlusu olmağa hazır olduğunu bəyan edir. Eyni zamanda bu funksiyanı Mərkəzi Asiyada da oynaya biləcəyinə eyhamlar vurur. Birləşmiş Ştatların yeni administrasiyası apardığı beynəlxalq siyasətdə ölkənin milli maraqlarını əsas götürür. Bayden iqtidarından tamamilə fərqlənən siyasət aparmaqdadır. Yaxın, Orta Şərq və Qafqaz regionuna təsir edən etibarlı müttəfiqi kimi də Türkiyəni görür. Bu günlərdə İsrailin baş naziri Netanyahunun ABŞ-a səfəri zamanı da açıq şəkildə bu, təsdiqini tapdı. Tramp birmənalı şəkildə Türkiyənin və Ərdoğanın roluna üstünlük verdiyini göstərməklə İsrail üçün sərhədlər də müəyyənləşdirmiş oldu. Əslində ABŞ Cənubi Qafqazda tərəddüd etmir. Bölgədə baş verən hadisələrə də kifayət qədər ciddi reaksiya verir. İndiki halda Cənubi Qafqazda Birləşmiş Ştatların maraqlarına zidd olan proseslər getmir. Onun rəqiblərini gücləndirəcək addımlar atılmır. Odur ki, onun regiona aktiv müdaxiləsini müşahidə etmirik. Buna görə də bəzən belə təəssürat yaranır ki, ABŞ Cənubi Qafqazda baş verənlərə biganədir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ