İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonun Bakıdan ala bilmədiyi nədir?

Azərbaycan-ABŞ münasibətləri ölkəmiz öz müstəqilliyini bərpa edəndən sonra zaman-zaman müxtəlif sınaqlardan keçib. Hazırda da bu münasibətlər öz potensialına uyğun deyil, hamar və problemsiz sayılmaz. Daha çox da qarşı tərəfin yanlışlıqları ucbatından. Təkcə bu faktı yada salmaq kifayətdir ki, 44 günlük müharibədən sonra səfiri Şuşaya hələ də ayaq basmayan iki ölkədən biri məhz ABŞ-dır (digəri Fransa). 

Bu günlərdə isə məlum olub ki, ABŞ Konqresinin ikipartiyalı qrupu insan haqları bəhanəsi altında Azərbaycanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim edib. Xəbər verildiyi kimi, təxribatçı sənədin müəllifləri erməni lobbisinə bağlı konqresmenlər Dina Titus və Qas Bilirakisdir. 

Bu, şəkk-şübhəsiz, Qarabağ üzərində öz suverenliyini bərpa etdiyi, erməni separatizminin kökünü kəsdiyi üçün ölkəmizi cəzalandırmaq məqsədi güdən və sanksiyalar ehtiva edən ilk qanun layihəsidir. Təsadüfi deyil ki, sənədə qoşulan Konqres üzvlərinin, demək olar, hamısı antitürk, islamafob və ermənipərəstdir. Sənəd layihəsi Bayden administrasiyasından Qlobal Maqnitski Qanunu və ABŞ-ın digər qanunlarına uyğun olaraq 180 gün ərzində 44 məmura qarşı sanksiyalar barədə qərar qəbul etməyi tələb edəcək.

Bu azmış kimi Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin 66 konqresmeni “Dağlıq Qarabağdan məcburi köçkünlər üçün 200 milyon dollar ayrılmasına”, ABŞ-ın Ermənistana hərbi yardımının artırılmasına, Azərbaycan üçün bütün hərbi təhlükəsizlik fondlarının dayandırılmasına və “azərbaycanlı hərbi cinayətkarlara qarşı sanksiyaların araşdırılmasına” çağırıb.

Yəni tipik erməni leksikonu, erməni “ağzı”... 

“Azərbaycan ABŞ-ın təzyiqinin öhdəsindən gəlir, lakin qeyd etmək lazımdır ki, Vaşinqton uzun məsafəyə oynayır”.

Bunu rusiyalı tanınmış analitik İqor Korotçenko Bakı-Vaşinqton münasibətləri haqda danışarkən deyib.

Onun qənaətincə, Bayden administrasiyası rəsmi Bakının Azərbaycanda Amerikanın “5-ci kolon” yaradılmasına sərt reaksiyasını heç vaxt unutmayacaq. “Belə şeylər Vaşinqtonda adətən bağışlanmır. Ona görə də Azərbaycan arxayın olmamalıdır. Artıq Azərbaycanın siyasi və güc elitasının nümayəndələrinə qarşı sanksiyalar tətbiq etmək cəhdləri var. Bunun arxasında təkcə ermənipərəst lobbiçilər deyil, həm də Azərbaycanın güclənməsini sevməyən nüfuzlu dairələr dayana bilər”, - ekspert vurğulayıb.

Korotçenkoya görə, dünyada, o cümlədən Cənubi Qafqazda mürəkkəb çoxsəviyyəli proseslər gedir: “Dəyişən təlatümlü dünyada çox şey məhv olur və yeniləri yaranır. Amma dünya nizamı dəyişəndə İlham Əliyevin nümayiş etdirdiyi kimi, milli maraqların müdafiəsi siyasətinə ciddi-ciddi riayət etmək çox vacibdir”.

Bəs Birləşmiş Ştatların “uzaq məsafəyə” hesablanmış  Azərbaycan planı nədir, Vaşinqtonun Bakıdan konkret nə istəyir, ölkəmizə münasibətdə Konqreslə Bayden hökumətinin yanaşmaları nə dərəcədə üst-üstə düşür? Rəsmi Bakının ön tədbirləri nə olmalıdır? Korotçenko haqlımı? 

Yusif Bağırzadə prezidentliyə namizəd oldu

Yusif Bağırzadə: “Vaşinqton Azərbaycanın Rusiyaya qarşı ABŞ cəbhəsində yer almasını istəyir”

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, ABŞ kimi bir super gücün sükanı arxasında demokratların və ya respublikaçıların durmasından, yaxud Konqresdə üstünlüyün hansı siyasi qüvvənin tərəfində olmasından asılı olmayaraq, hakimiyyət elitasının ayrı-ayrı dövlətlərlə bağlı mövqeyi ikili standartlara və öz maraqlarının təmin olunması üçün mümkün təzyiq vasitələrindən istifadəyə əsaslanır. Ortada ABŞ-ın Cənubi Qafqaz maraqları var və rəsmi Vaşinqton bu maraqların təmin olunması üçün hər üç Cənubi Qafqaz ölkəsinə bu və ya digər şəkildə təzyiqlər göstərməyə cəhdlər edir: “Ermənistanla bağlı məsələ aydındır. Etiraf etmək lazımdır ki, Vaşinqton da daxil olmaqla Qərb Ermənistanla Rusiya arasında böyük ölçüdə uçurum yaratmağa və rəsmi İrəvanı özünün kuklasına çevirməyi bacarıb. Gürcüstanda vəziyyət göz qabağındadır. ”Xarici agent" haqqında qanun bəhanəsi ilə bu gün Tiflisin keçələrində əməlli-başlı xaos yaşanır. Azərbaycanla bağlı planlar isə işləmir. ABŞ-ın və bütövlükdə Qərbin 5-ci kalonu qismində çıxış etmək istəyənlər böyük ölçüdə zərərsizləşdirilib. Sanksiya hədələri və diplomatik təzyiqlər də rəsmi Bakını boyun əyməyə məcbur edə bilmədi. Azərbaycan müstəqil xarici siyasət kursunu davam etdirməkdə israrlıdır. Bu dirəniş isə ABŞ-da əməlli-başlı qıcıq yaradır".

Politoloq qeyd etdi ki, Azərbaycanın istənilən dövlətlə münasibətlərində bərabər hüquqluğa önəm verdiyi ABŞ-ın maraqlarına cavab vermir. Vaşinqton Azərbaycanın Rusiyaya qarşı ABŞ cəbhəsində yer almasını istəyir. Buna nail ola bilmədiyi üçün də müxtəlif vasitələrə əl atır: “Ermənistana maliyyə dəstəyinin ayrılması, Azərbaycanla bağlı əsassız qətnamələrin qəbuluna cəhdlər buna əyani sübutdur. 

Amma düşünürəm ki, Vaşinqton son nəticədə bu təzyiqlərin heç bir fayda verməyəcəyini anlayacaq və başa düşəcək ki, Cənubi Qafqaz maraqlarını təmin etmək üçün Azərbaycana təzyiq etmək yox dost olmaq lazımdır". 

Y.Bağırzadə hesab edir ki, rəsmi Bakının hər hansı təhlükəyə qarşı ön tədbirləri içərisində ən başlıca məsələ ölkədə mövcud olan milli birliyi qoruyub saxlamaq və daha da möhkəmləndirmək olmalıdır: “Paralel olaraq dostlarımız və müttəfiqlərimizlə koordinasiyalı addımların atılmasına ehtiyac var. Bu mənada Türk Dövlətləri Təşkilatının imkanlarından maksimum şəkildə faydalanmaq lazımdır. ABŞ-ın Orta Asiyaya marağının xeyli artdığı bir dövrdə türk dövlətlərinin vahid yumruq halında eyni mövqedən çıxış etməsi Vaşinqtonu Azərbaycanla ehtiyatlı davranmağa vadar edə bilər”.

Siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki, Vaşinqtonun “uzaq məsafədə” oynaması barədə fikrin özünə tənqidi yanaşmaq lazımdır. İndi ABŞ nə 19-cu əsrin əvvəllərinin, nə də 20-ci əsrin əvvəllərinin Amerikasıdır.19-cu əsrin əvvəllərində ABŞ “panAmerikanizm” siyasəti aparanda həqiqətən uzağa oynayırdı. Çünki əvvəlcə ABŞ-ı materikdə möhkəmləndirmək lazım idi. 20- ci əsrin əvvəllərində ABŞ “qlobal Amerika” strategiyası güdəndə də uzaq planlarla hərəkət etdi. ABŞ-ın “uzaq məsafələrə” oynamaq siyasəti nisbi mənada soyuq müharibə bitənədək davam etdi: “Sonra ABŞ- ın siyasətində saysız ziddiyyətlər, hesablanmamış addımlar dövrü başladı. Uzaq məsafəyə oynayan ölkənin SSRİ dağılandan sonra azı 50 illik  dövr üçün sistemli strategiyası olmalı idi. Olmadı. Əfqanlstana girdi, uğursuz oldu, İraqa girdi, uğursuz oldu, türk və ərəb dünyasında ümumiyyətlə iflasa uğradı, NATO üzrə ən strateji müttəfiq olan Türkiyəni hansısa dövr üçün itirdi. Ukraynada heç olmasa 5 il qabağa hesablanmış strategiya müəyyən edə bilmədi. Bunların daha harası oldu ”uzaq məsafə" siyasəti?!

Vaşinqtonun Azərbaycanla bağlı siyasəti ölkənin süverenliyi və ərazi bütövlüyünə heç də tam adekvat siyasət deyil, Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyır, ikili standart davranışlar hər addımda adamın gözünə girir. Monarxiya rejimlərinə malik dostları olan məlum ölkələrin başını tumarlayır. Azərbaycanda “lupa ilə insan haqları axtarırlar”. Məğlub edilmiş təcavüzkar Ermənistanla qalib və haqlı ölkə kimi davranır. Amerika Ermənistana bircə dəfə təcavüzkar demədi.

Guya demokratiya ilə bağlı ciddi problemlərin olduğunu deyənlər…” – Aydın  Quliyev – Yeni Çağ Media

Aydın Quliyev: “Azərbaycanda lupa ilə insan haqları axtarırlar”

Belə ölkənin Azərbaycanla bağlı siyasəti stabil və uzunmüddətli ola bilməz. ABŞ-ın Azərbaycana münasibəti impulsivdir. Sabah Azərbaycan Rusiyanın əleyhinə bircə kiçik addım atsa ABŞ dərhal hər şeyi dəyişəcək". 

A.Quliyevin fikrincə, ABŞ-ın Azərbaycandan istədiyi Rusiya ilə geosiyasi müharibədə konkret tərəfkeşlikdir, bunu isə Azərbaycan etməyəcək: “Konqreslə Bayden hökumətinin Azərbaycanla bağlı siyasətləri bir-birini tamamlayır, köklü fərqlənmir. Biri təkbaşına qərar verən kimi görünür, o biri guya kollektiv qərar verir. Prezident hər il Azərbaycana qarşı olan 907-ci düzəlişi dondurur. Heç bircə dəfə Konqres prezidentə etiraz edib dedi ki, bu apar-gətirə son qoymaq, 907-ni ya ləğv etmək, ya da həmişəlik yuridik gücə mindirmək lazımdır”.

Eksperti qeyd etdi ki, Azərbaycanın müstəqil kursu davam etdirilməlidir. Daxildən cəmiyyətimizi parçalamaq səylərinə imkan verilməməlidir. “İdarəçi elita əsasən gənclərdən ibarət olmalıdır” kimi ABŞ-dan yeridilən tezisə çox da uymamaq gərəkdir. Ermənistandan başqa bütün bölgə ölkələri ilə yaxşı münasibətləri saxlamaq lazımdır: “ABŞ-ın indiki Azərbaycan siyasəti özü-özünə dəyişəcək. Sadəcə daxilimizdə işləri sahmanlı vəziyyətdə saxlamaq lazımdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR