İnsanlara hürriyət, millətlərə istiqlal!

Levon Ter-Petrosyan yenə ifşa olundu: Paşinyanın adına çıxan şüarın müəllifi o imiş

Ermənistan SSR Ali Sovetinin və qondarma, cinayətkar "Qarabağ milli şurası"nın keçmiş deputatı Vaqram Atanesyan civic.am-a müsahibəsində qalmaqallı açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, illər boyu Nikol Paşinyanın siyasi ritorikasına aid edilən “Qarabağ Ermənistandır və nöqtə!” şüarının əsl müəllifi Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan olub.

Atanesyan xatırladıb ki, 1989-cu il 1 dekabrda Ermənistan SSR Ali Soveti və "dağlıq qarabağın milli şurası"nın (qondarma) birgə iclasında qəbul olunan qərarla Ermənistan və Qarabağın birləşdirilməsi elan edilib. Həmin sənəddə milli öz müqəddəratını təyin etmə prinsipi adı altında Azərbaycanın ərazi bütövlüyünə açıq zərbə vurulub, "Qarabağın milli şurası" bölgədə yeganə “qanuni hakimiyyət” elan edilib, Qarabağ ermənilərinə Ermənistan vətəndaşlığı hüququ verilib, Şaumyan və Getaşen bölgələri üzrə məsuliyyət götürülüb. Bu addım həm sovet qanunvericiliyinə, həm də beynəlxalq hüquqa zidd idi və Ermənistanın Azərbaycana qarşı işğal siyasətinin başlanğıcını təşkil edib.

Beləliklə, sonrakı onilliklərdə geniş yayılan “Qarabağ Ermənistandır” şüarının əsası məhz Levon Ter-Petrosyan tərəfindən qoyulub. Ermənistanın sonrakı bütün rəhbərləri — Robert Koçaryan, Serj Sarkisyan və Nikol Paşinyan — bu şüarı siyasi alət kimi istifadə etsələr də, onun müəllifi əslində Ermənistanın ilk prezidenti olub.

Nikol Paşinyan özü də bu məsələ ilə bağlı maraqlı etiraflar edib. O bildirib ki, niyə vaxtilə bu şüarı səsləndirib: “Sovet dövründə bizə saxta vətənpərvərlik ideologiyası sırınmışdı. Hər bir erməni kimi mən də həmin miflərlə zəhərlənmişdim. SSRİ, Ermənistanı vasitə seçərək şərqə doğru genişlənmək, Türkiyəyə və bütövlükdə türk dünyasına iddialar irəli sürmək üçün bu ideologiyanı təbliğ edirdi. Ermənistanı və hər bir ermənini bu zəhərli miflərin daşıyıcısına çevirmişdilər. Mən də uzun illər bu təsirin içində olmuşam. İndi başa düşürəm ki, bütün bunlar yanlış idi və Ermənistanı bu mifdən, bu uydurma ideologiyadan xilas etmək lazımdır.”

Paşinyan etiraf edib ki, sovet dönəmindən miras qalan bu saxta vətənpərvərlik əslində SSRİ-nin KQB orqanları, xüsusi institutları və hətta Çar Rusiyasından bəri formalaşdırılmış siyasətin davamı idi. Məqsəd Ermənistan vasitəsilə Türkiyəyə və Azərbaycan torpaqlarına qarşı ekspansionist ideologiya yaratmaq, erməni cəmiyyətini, kilisəsini və dövlətini əsatirlər və xülyalar üzərində idarə etmək olub. Paşinyan bu ideologiyanın daşıyıcısı olduğunu gizlətməyərək, indi buna peşman olduğunu, Ermənistanı bu yanlış yoldan çıxarmaq istədiyini vurğulayıb.

Bununla belə, o etiraf edib ki, təkcə özü deyil, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan başda olmaqla bütün siyasi elita, həmçinin erməni cəmiyyətinin böyük əksəriyyəti bu zəhərli ideologiya ilə zəhərlənmiş vəziyyətdədir. Bu, Ermənistanda ictimai şüurun hələ də əsassız torpaq iddiaları və “böyük Ermənistan” mifləri ilə formalaşdığını göstərir.

Azərbaycan üçün bu etiraflar mühüm əhəmiyyət daşıyır. Çünki bu, göstərir ki, “Qarabağ Ermənistandır” şüarı nə Paşinyanın şəxsi populist gedişi, nə də son illərin siyasi tezisi olub – onun müəllifi Levon Ter-Petrosyandır və bu ideologiya uzun illər sovet və çar imperiyasının xüsusi planlarının məhsulu kimi erməni siyasətinə yeridilib.

Azərbaycan 2020-ci ildə qazandığı Zəfərlə, 2023-cü ilin antiterror əməliyyatı ilə bu separatçı ideologiyanı darmadağın etdi. Ermənistan rəhbərlərinin öz etirafları isə bir daha sübut edir ki, bu şüar və onun ətrafında formalaşdırılan bütün siyasət əsassız, saxta və geosiyasi maraqlar naminə erməni xalqına sırınmış bir uydurmadan ibarət olub.

Yazı ilə bərabər Vaqram Atanesyanın söylədiklərini də təqdim edirik.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR