İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc fəal Samirə Bayramovadan Marneuli bələdiyyə sədrinə sərt məktub: “Vicdan, ədalət və cəsarət tələb olunur”

Musavat.com xəbər verir ki, Gürcüstanın Marneuli şəhərində azərbaycanlı azyaşlıya qarşı zorakılıq hadisəsi ilə bağlı gənc ictimai fəal Samirə Bayramova bələdiyyə sədri Amiran Giorgadzeyə açıq məktub ünvanlayıb. Məktubda Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğlunun törətdiyi hadisə pislənilir və bunun sadəcə məişət zorakılığı yox, həm də etnik zəmində baş vermiş cinayət olduğu vurğulanır.

Bayramova məktubunda yazır ki, bələdiyyə rəhbərliyində ailə maraqlarının önə çıxması, təcrübəsiz şəxslərin mühüm vəzifələrə gətirilməsi ictimai etimadı zədələyib:

“Təəssüf ki, Marneuli bələdiyyəsi getdikcə ailəvi maraqlara xidmət edən bir struktur təsiri bağışlayır. Təhsil və peşəkar təcrübəsi olmayan şəxslərin mühüm vəzifələrdə təmsil olunması şəffaflıq prinsiplərinə ziddir. İctimaiyyət haqlı olaraq soruşur: belə şəxslər hansı əsasla bu vəzifələrdədir və onların fəaliyyətindən hansı fayda gözlənilir?”

O, mer Amiran Giorgadzenin hadisə ilə bağlı verdiyi açıqlamanı da qeyri-adekvat sayır:

“Hadisəni pisləməyinizə baxmayaraq, Qiqaninin övladının qəsdən deyil, sərxoş halda hərəkət etdiyini söyləməyiniz nə adekvat, nə də ədalətlidir. Bu, başqa zorakı şəxsləri də cinayətə həvəsləndirir. Cinayəti gizlətməyə cəhd isə ictimai etimadı daha da sarsıdır.”

Samirə Bayramova əlavə edib ki, Marneuli xalqı, xüsusilə də azərbaycanlı icması illərlə Giorgadze-yə etimad göstərib, lakin hadisənin ört-basdır edilməsinə yönəlmiş cəhdlər bu etimadı məhv edə bilər. O, həmçinin tələb edir ki, təkcə Mamuka Qiqani deyil, azyaşlıya “öz ölkənə get” deyən Tornike Mtvarelidze də bələdiyyədən uzaqlaşdırılsın.

Fəal məktubunu belə tamamlayıb:

“Unutmaq olmaz ki, vəzifədən irəli gələn məsuliyyət kreslo ilə ölçülmür – vicdan, ədalət və cəsarət tələb edir.”

Samirə Bayramova Musavat.com-a verdiyi eksklüziv açıqlamasında bildirib ki, azərbaycanlıların hüquqlarını müdafiə etdiyi üçün dəfələrlə ölüm təhdidləri alıb:

“Məni qorxutmaq istəsələr də, susmayacağam. Azərbaycanlıların hüquqlarını müdafiə etmək, azyaşlı uşaqların təhlükəsizliyi uğrunda danışmaq mənim borcumdur.”

Hadisə Gürcüstan ictimaiyyətində rezonans doğurub və bölgədəki azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsini yenidən gündəmə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR