İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtondan Pekinə sərt mesaj: Tibet "prezidentinə" məktub gərginliyi artırır

"Marko Rubio Pekini hiddətləndirəcək daha bir addım atıb. O, Tibetin mühacirətdə olan "prezidenti" Penpa Tserinqə məktub göndərib".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloqun fikrincə, bu məktub Pekin-Vaşinqton münasibətlərini daha da gərginləşdirəcək:

"ABŞ dövlət katibi Marko Rubio anti-Çin siyasətində Ağ Ev sahibi Donald Trampı xeyli üstələyib. Rubio senator olduğu illərdə Çini necə sərt tənqid edirdisə, dövlət katibi vəzifəsində də bu siyasətini davam etdirir.

Donald Tramp Pekinin beynəlxalq aləmdə artan gücü ilə mübarizə aparmasına baxmayaraq, Çin lideri Si Cinpin və çinlilər barədə müsbət fikirlər söyləyərkən, Marko Rubio "Çindən asılı olduğumuz bir dünyada yaşamaq istəmirik" kimi ifadələr işlədir. Rubionun sözlərinə görə, Amerika Birləşmiş Ştatları və Çin arasındakı münasibətlər bütün XXI əsr tarixinin ətrafında cərəyan edəcək amil olacaq. Dövlət katibi bəyan edib ki, Vaşinqtonun Pekindən asılı vəziyyətə düşdüyü hadisələrin inkişafı yolverilməzdir.

Marko Rubio Pekini hiddətləndirəcək daha bir addım atıb. O, Tibetin mühacirətdə olan "prezidenti" Penpa Tserinqə məktub göndərib. Məktubda ABŞ-ın tibetlilərin insan haqlarını təşviq etmək və qisas almaq qorxusu olmadan öz fundamental azadlıqlarını həyata keçirməkdə, o cümlədən dinc, ləyaqətli həyat sürməkdə kömək etməkdə sarsılmaz öhdəliyi təkrarlayıb. Bu məktub ABŞ-ın Tibet məsələsinə davamlı dəstəyinin nümayişi kimi qiymətləndirilib. Tibet "prezidenti" bildirib ki, Mərkəzi Tibet Administrasiyasının məqsəd və proqramları ABŞ-ın hazırkı hökumətinin məqsədlərinə və ən əsası, Tibet xalqının daha böyük ambisiyalarına uyğun olmalıdır.

Mərkəzi Tibet Administrasiyasının açıqlamasında USAID-in yardımının dayandırılmasına baxmayaraq, ABŞ-ın bir çox platformalarda Tibetə dəstəyinin davam edəcəyi vurğulanıb".

Politoloq qeyd edib ki, Marko Rubio Donald Trampın razılığı olmadan Tibet "prezidentinə" məktub yaza bilməzdi, Ağ Ev sahibi bilməliydi ki, bu məktuba Pekin sərt münasibət bildirəcək:

"Tibetin mühacir hökumətinin "rəhbərinin" 60 ildə ilk dəfə 2020-ci ildə Vaşinqtona səfərə dəvət olunması da Pekində böyük narazılıq yaratmışdı. 5 il əvvəl Ağ Ev və Dövlət Departamentində görüşlər təşkil edilmişdi. Tibetin mühacir hökuməti Hindistan ərazisində yerləşib. Pekin onları separatçı hesab edir. Görünür, Vaşinqton Tibetin mühacir hökuməti ilə əlaqələri genişləndirmək üzərindən də Pekinə təzyiqi artıracaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR