Onlayn ictimai-siyasi qəzet
"ABŞ prezidenti Donald Tramp son vaxtlar müsahibələrin sayını artırıb. O, bu dəfə "NBC News" kanalına müsahibə verib. Tramp üçüncü dəfə prezidentliyə namizəd olmayacağını vurğulayıb. Ancaq növbəti seçki yaxınlaşmayana qədər buna inanan az olar. Tramp fikrini dəyişə də bilər".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Ağ Ev sahibi son müsahibəsində Çinə qarşı qəbul etdiyi sərt qərarların səbəbini geniş izah edib:
"O, bu qərarlarını keçmiş prezident Co Baydenin yanlış siyasətinə cavab kimi qiymətləndirib. "Baydenin dövründə Çinlə ticarətdə milyardlarla dollar itkimiz olub". Trampın sözlərinə görə, Co Baydenin dövründə Amerika Çinlə ticarətdə gündə 5-6 milyard dollar itirirdi. Ağ Ev sahibi bunun qarşısını aldığını və qəbul etdiyi qərarların hesabına Amerikanın varlı dövlətə çevriləcəyini bildirib.
Ağ Ev sahibi tarif siyasətinin Çin iqtisadiyyatına mənfi təsir etdiyi düşüncəsindədir: "Onların fabrikləri bağlanır, işsizlik artır, iqtisadiyyatları çox ağır vəziyyətdədir". Belə çıxır ki, Trampın məqsədi yalnız Amerika iqtisadiyyatını Çin məhsullarından qorumaq deyil, digər məqsədi Çin iqtisadiyyatını ağır vəziyyətə sürükləməkdir. Halbuki, Donald Tramp hər dəfə söyləyir ki, Çinlə ədalətli ticarət sazişi imzalamağa hazırdır.
Tramp administrasiyası müttəfiqlərini də Çinlə ticarət münasibətlərində ehtiyatlı olmağa dəvət edir. Misal üçün, ABŞ prezidentinin ticarət və istehsal üzrə müşaviri Piter Navarro "The Daily Telegraph" nəşrinə müsahibəsində Londonu hədələyib. Çinin Böyük Britaniyanın qanını içəcəyini bildirən Navarro Londonun Çin Kommunist Partiyasının xidmətçisinə çevrildiyini iddia edib.
Göründüyü kimi, Vaşinqton hesab edir ki, Pekin Londonu öz tərəfinə çəkməyə çalışır. Bu iddiada həqiqət payı var. Böyük Britaniyanın baş naziri Kir Starmer Pekinlə təmasları genişləndirib. Starmer uzun illərdən sonra ilk dəfə Böyük Britaniyanın baş naziri olaraq Çin lideri Si Cinpinlə telefonla danışıb. Daha sonra iki lider "Böyük iyirmilərin" toplantısı çərçivəsində Braziliyada ikitərəfli görüş keçiriblər. Bir il ərzində Böyük Britaniyanın müxtəlif nazirləri Pekinə səfərlər ediblər. Bu səfərlər zamanı ticarət mübadiləsinin genişləndirilməsi imkanları və ortaq latyihələr müzakirə edilib.
Beləliklə, Böyük Britaniya Çinlə iqtisadi və ticarət əlaqələrini canlandırmağa çalışır. Bu isə Çinlə ticarət müharibəsi başladan Trampın xoşuna gəlmir. Ona görə də Vaşinqtonun Londonun ünvanına xəbərdarlıqlarının sayı artıb.
Böyük Britaniya Çinlə ticarət əlaqələrini genişləndirməsinə baxmayaraq, illərin müttəfiqi ABŞ-ın xəbərdarlıqlarını da diqqətə almaq məcburiyyətindədir. Londonun Vaşinqtonla Pekin arasında balansı necə tənzimləyəcəyini zaman göstərəcək. Bütün hallarda London çətin seçim qarşısındadır".
Xalidə Gəray
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ