İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton və Moskva arasında Ukrayna ilə bağlı ilk - gələn ay...

Politoloq: “Trampın mesajlarından sonra Zelenski sülh variantı barədə düşünməli idi”

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin iyulda konkret sülh planlarını təqdim edəcəyini bildirib. Bu barədə öz Telegram kanalında bildirib. Ukrayna liderinin sözlərinə görə, hazırda bu istiqamətdə iş gedir. “Və çox güman ki, iyula qədər hər şey hazır olacaq. Biz işçi qruplar hazırlayırıq”, - deyə Zelenski bildirib. Lakin o, Kiyevin hansı tədbirləri təklif etmək niyyətində olduğunu dəqiq açıqlamayıb. Danışıqlar prosesinin intensivləşdirilməsinə necə kömək ediləcəyi də göstərilmir. Prezident yalnız onu əlavə edib ki, Ukrayna müharibənin uzanmasını istəmir: “Döyüş meydanında çoxlu yaralı və ölülərimiz var. Bir neçə ay ərzində həll planını masaya qoymalıyıq”. 

Bu nə sülh planıdır, yaxud nəyin anonsudur? Ukrayna güzəştə hazırlanır, yoxsa vaxt udmaq və ya Rusiyanı çaşdırmaq üçün manevr edilir? 

Maraqlıdır ki, məhz bu arada ABŞ müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Andrey Belousovla Ukraynadakı münaqişəni müzakirə edib. Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

“Ostin Rusiyanın müdafiə naziri Andrey Belusovla da telefonla danışıb. Söhbət zamanı [amerikalı] nazir Ukraynada davam edən münaqişə kontekstində əlaqə xətlərinin açıq saxlanmasının vacibliyini vurğulayıb”, - xəbərdə qeyd edilir.

Rusiyanın Ukraynaya hərbi təcavüzündən keçən 2 il yarımlıq bir müddətdə bu, müdafiə nazirləri səviyyəsində ilk belə təmasdır. Görəsən telefon danışığı hansı zərurətdən doğub? Zaman kimə işləyir?

Heydər Oğuz 

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Zelenskinin “sülh planı” barədə danışması ilk növbədə ABŞ prezidentliyi uğrunda mübarizə aparan Co Bayden və Donald Tramp arasında  baş tutan ilk debatla bağlıdır: “ABŞ-da aparılan rəy sorğusunda iştirak edənlərin 70%-ə yaxını Co Baydenin bu debatda rəqibinə uduzduğunu düşünür. Bu isə reytinq baxımından onsuz da qabaqda olan Trampın seçilmək şansını daha da artırır. Trampın Ukrayna savaşına münasibəti isə bəllidir. Hətta dünənki debatda belə, Tramp Zelenskini ”alverçi" adlandırdı, Vaşinqtonun bu adama niyə 200 milyard dollara yaxın vəsait verdiyini anlamadığını bildirdi. Onun iddiasına görə, Rusiya ilə ABŞ-ı okeanlar ayırır. Rusiya istəsə belə, ABŞ üçün təhdid ola bilməz. Əsl təhdid hədəfi Avropa olsa belə, onlar əllərini ciblərinə salmır, Rusiya ilə müharibənin bütün yükünü ABŞ çəkir. Hakimiyyətə gələcəyi təqdirdə Rusiya ilə dil tapıb müharibəni bitirəcəyinə eyham vuran Trampın bu mesajlarından sonra Zelenski sülh variantı barədə düşünməli idi və görünən budur ki, düşünüb. Onun gələn ay sülh təklifi ilə çıxış edəcəyini bildirməsi də bunun göstəricisidir". 

Heydər Oğuz xatırladıb ki, Trampın Ukrayna ilə bağlı sülh layihəsi əslində bəllidir. “Özü çıxışlarından birində qeyd etmişdi ki, hakimiyyətə gəldikdən sonra Ukrayna ilə Rusiya qarşısına təkliflər paketini qoyacaq. Rusiya əgər bu təklifləri qəbul etməsə, Ukraynanı daha ciddi dəstəkləyəcək və Rusiyaya ağır zərbə vurub masaya oturdacaq. Yox, əgər Ukrayna yola gəlməsə, onda, Kiyevə dəstəyini dayandıracaq və buyur, ”müharibəni özün təkbaşına davam etdir" deyəcək. Təbii ki, bu durumda Ukraynanın Rusiyaya müqavimət göstərmək imkanı da qalmayacaq".

Trampın öz sülh layihəsinin detallarını açıqlamadığını bildirən Heydər Oğuzun fikrincə, tərəflərin İstanbulda əldə etdikləri və daha sonra Böyük Britaniyanın araqarışması nəticəsində baş tutmayan təkliflər, böyük ehtimalla, Trampın da üzərində dayanacağı prinsiplər olacaq: “Bu prinsipə görə, Rusiyanın ilhaq etdiyi ərazilər muxtar respublika kimi Ukraynanın tərkibində qalacaq, Krımın taleyinə isə referendumla aydınlıq gətiriləcək. Bu variant əslində Rusiya üçün də ağırdır. Çünki Ukraynanın 4 vilayətini ilhaq edib tərkibinə qatan Rusiya asanlıqla mövqeyindən geri çəkilməz. Putinin bir müddət əvvəl irəli sürdüyü ”4 vilayət və Krım mənimdir, Ukrayna isə NATO-ya daxil olmayacaq" iddialarını isə Tramp qəbul etməz. Hər halda dünənki debatda prezidentliyə namizədin özü də buna eyham vurdu. Bu durumda hər iki tərəf üçün ən məqbul variant tapılmalı, heç kim bu anlaşmadan məğlub kimi ayrılmamalıdır. Zənnimcə, bu durumda İstanbul razılaşmaları yeganə uyğun variant kimi görünür". 

Tərəflərin uzlaşa biləcəyi sülh paketlərindən birinin də “Koreya variantı” olduğunu düşünən Heydər Oğuz bu variantın ABŞ-ın da maraqlarına cavab verdiyini düşünür: “Koreya variantında tərəflər sadəcə uzunmüddətli atəşkəs elan edir və problem çözülmədən dondurulur. Açığı, bu variant Çinin ”Bir Yol, Bir Kəmər" layihəsinin Şimal marşrutunun qarşısını kəsdiyi üçün Trampın növbəti hakimiyyəti üçün də məqbuldur. Çünki bu variantda problem diri tutulur, Avropanı Rusiya və Çinin  təsir dairəsindən kənarda saxlayır. Nəticədə Avropa ABŞ-ın, Qlobal Cənub ölkələri isə Çinin və Rusiyanın himayəsində qalır. Beləcə, qütbləşmiş yeni dünyada ABŞ hegemoniyası özünü qoruyur. Əks halda, ABŞ-ın Çinin dünyaya yayılmasının qarşısını alması mümkün olmayacaq və qısa zaman ərzində dünyada Çin erası başlayacaq".

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com 




Rusiyadakı azərbaycanlı miqrantlar Ukrayna cəbhəsində? - rəy

Hüquqşünas: “Əgər məcburidirsə, Azərbaycan hökumətinə şikayət etsinlər ki, müdafiə olunsunlar”

Rusiyada vətəndaşlıq almış və hərbi qeydiyyatdan keçməmiş 30 min keçmiş miqrant saxlanılıb. Bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib. Onun sözlərinə görə, saxlanılan 30 min keçmiş miqrantdan 10 mini artıq xüsusi əməliyyat zonasına gedib. Bastrıkin deyib ki, Rusiyada nə qədər miqrant olduğunu dəqiq bilmir: “13 və ya 14 milyon... əhalinin sayına görə hər onuncu adam xarici vətəndaşdır”. 

O, Rusiya ərazisində qeyri-qanuni qalmaya görə məsuliyyətin artırılmasını təklif etmək istədiyini söyləyib. Qeyd edib ki, bu, ağırlaşdırıcı hal olmalıdır. “Bu cür miqrasiya siyasəti və ekstremizmin artması yolverilməzdir, bu, milli təhlükəsizliyə təhdiddir” - İstintaq Komitəsinin sədri əlavə edib. 

Bastrıkinin dediyinə görə, 2024-cü ilin dörd ayında Moskva, Moskva vilayəti və Sankt-Peterburqa 3 milyona yaxın miqrant gəlib. Bastrıkin miqrasiya standartlarının sərtləşdirilməsini, sahibkarları miqrantların idxalının zəruriliyini əsaslandırmağı və qeyri-qanuni miqrant statusunun ağırlaşdırıcı hal kimi qəbul edilməsini təklif edib.

Əvvəllər İstintaq Komitəsinin rəhbəri hərbi xidmətdən yayınan əcnəbiləri əldə etdikləri Rusiya vətəndaşlığından məhrum etməyə çağırmışdı. Bastrkin həmçinin prioritet olaraq, vətəndaşlığa alınmış vətəndaşların müharibəyə göndərilməsini təklif edirdi. O qeyd edib ki, təkcə 2022-ci ilin birinci yarısında Tacikistan, Özbəkistan və Qırğızıstanın 60 mindən çox sakini Rusiya pasportu alıb.

Bastrıkin vurğulayıb ki, onlar “yalnız hüquqlar deyil, həm də onları qəbul edən ölkəni qorumaq üçün konstitusiya vəzifəsi” əldə edirlər.

Bəs Rusiya vətəndaşı olmayan 10 min əmək miqrantı Ukrayna cəbhəsinə necə düşüb? Onların arasında yəqin ki, soydaşlarımız da var. Bu, könüllü prosesdir, yoxsa?    

Məlumat üçün deyək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, vətəndaşlar, o cümlədən yeni pasport almış vətəndaşlar iki həftə müddətində yaşadıqları yer üzrə hərbi komissarlıqda hərbi xidmətə qeydiyyatdan keçməlidirlər. Keçən il Moskva və Sankt-Peterburq da daxil olmaqla Rusiyanın onlarla bölgəsində təhlükəsizlik qüvvələri hərbi qeydiyyatda olmayan Rusiya vətəndaşlığı olan əcnəbilərin müəyyən edilməsi üçün mütəmadi reydlər keçirməyə başladı. Həmin vətəndaşlar hərbi komissarlıqlara göndərildikdən sonra Müdafiə Nazirliyi ilə müqavilələr bağlayaraq cəbhəyə getməyə məcbur olublar.

Bundan əvvəl Çelyabinsk vilayətində onlarla miqrant sürücülük vəsiqələri ilə birlikdə hərbi komissarlığa çağırılıb. Rostov şəhərində də Rusiya vətəndaşları gecə klublarında və hostellərdə axtarışa verilib. Orada 35 nəfərin tutulduğu bildirilib. Onların hamısı hərbi komissarlıqlara göndərilib, 22 miqrant isə inzibati məsuliyyətə cəlb edilib. Rus mediasında o da qeyd edilir ki,  Voronejdə “Fakel” stadionunun tikintisində onlarla miqrant saxlanılıb. Növbə ilə hərəkət edən fəhlələrin əllərini qabaqdakının çiyninə qoymaq məcburiyyətində qalan görüntüləri nümayiş etdirilib. Onları polis və bir neçə kamuflyajlı şəxs müşayiət edib. Qeyd olunub ki, əvvəllər həmin tikinti sahəsində 15 miqrant da çağırış vərəqəsi alıb. İddia olunur ki, Rusiya ordusunda əsgər çatışmazlığı olduğuna görə boşluğu miqrantlar hesabına doldurmaq istəyirlər. 

Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Birinci onu deyim ki, həmin şəxslər Rusiya vətəndaşlığını gərək qəbul etsinlər ki, Rusiya silahlı qüvvələrinin tərkibində iştirak etsinlər. Əgər Bastrıkin bunu deyirsə, deməli həmin şəxslər Rusiya vətəndaşlığını qəbul edib. Bunu məcburi, yoxsa könüllü etdiriblər bu da məlum deyil. Ola bilər ki, desinlər ki burada yaşamağın qanunsuzdur, sənə qarşı sanksiya olacaq, seçimini et. Yəni belədirsə, bu məcburidir. Amma formal olaraq gərək o Rusiya vətəndaşlığını qəbul etsin ki, onu hərbi xidmətə göndərsinlər. Əks halda mümkün deyil. Güman edirəm ki, orada azərbaycanlılar azdır. Daha çox Orta Asiya respublikalarının vətəndaşlarıdır. Bunlar təbii ki, Azərbaycan hökumətinə məlumat verməlidir, şikayət etməlidir ki, onları müdafiə etsinlər. Bildiyim qədər bizimkilər tərəfdən belə bir şikayət yoxdur”. 

Afaq MİRAYİQ,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR