Onlayn ictimai-siyasi qəzet
"Xarici agentlər" haqqında qanunun qəbulu qətiləşərsə, Vaşinqton Gürcüstanla münasibətlərə "əsaslı şəkildə" yenidən baxa bilər. Bunu Ağ evin mətbuat katibi Karin Jan-Pyer bəyan edib.
"Gürcü xalqı bu qanunla bağlı öz fikrini küçələrdə etiraz aksiyası keçirərək bildirdi. Bu həftəsonu Gürcüstan tarixindəki ən böyük etirazların bəzilərini gördük. On minlərlə dinc etirazçı hədə-qorxu taktikasından qorxmayaraq öz hökumətlərini bu qanuna qarşı çıxmağa çağırıblar, çünki onlar Avro-Atlantik gələcək istəyirlər. Görək parlament nə edir, lakin bu qanun qəbul olunarsa, bizi Gürcüstanla münasibətlərimizə əsaslı şəkildə yenidən baxmağa məcbur edəcək", - Ağ evin mətbuat katibi bildirib.
Gürcüstan parlamenti tənqidçilərin Rusiyanın "xarici agentlər" barədə repressiv qanununun analoqu adlandırdıqları "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü, sonuncu oxunuşda qəbul edib.
Sənədin lehinə 150 deputatdan 84-ü – qanun layihəsinin təşəbbüskarı olan "Gürcü arzusu"nun nümayəndələri və onların müttəfiqləri səs verib. 30 deputat əleyhinə səs verib. Qərardan əvvəl gedən müzakirə zamanı deputatlar dalaşıblar, əlbəyaxa davaya keçiblər.
Gürcüstan prezidenti Salome Zurabişvili bundan əvvəl qanun layihəsi parlamentdə qəbul olunacağı təqdirdə ona veto qoyacağını vəd edib. Bununla belə, "Gürcü arzusu" prezidentin vetosunu aşmaq üçün kifayət qədər səsə malikdir. Bundan sonra da prezident qanunu imzalamazsa, onu parlamentin sədri imzalaya bilər və dərc olunar.
Qanun imzalanarsa, təşkilatlar və vətəndaş qrupları maliyyələrinin 20 faizindən çoxunu xaricdən alırlarsa, "xarici agent" kimi qeydiyyatdan keçmələri tələb ediləcək. Layihənin təşəbbüskarları bildirirlər ki, bu qanun Gürcüstanı etiraz aksiyalarının, radikal partiyaların və təbliğat mediasının xaricdən maliyyələşdirilməsindən qorumaq üçün lazımdır. Qanunun pozulması ağır cərimə ilə nəticələnəcək. Müəlliflər bildirirlər ki, onlar Rusiyanın deyil, Amerika qanunvericiliyinin normalarını götürüblər.
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ