Onlayn ictimai-siyasi qəzet
Onun ifadə və suallara cavab verməkdən imtinası hansı taktikadan xəbər verir?
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Fevralın 25-dəki prosesdə o, aclıq aksiyası keçirdiyinə görə özünü yaxşı hiss etmədiyini iddia edib. Hakim təqsirləndirilən şəxsin həkim müayinəsindən keçməsi üçün fasilə elan edib. Daha sonra Ruben Vardanyana sərbəst ifadə vermək təklif olunub, lakin o, ifadə verməkdən imtina edib. Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə suallar verməyə başlayıb. Vardanyan suallara da cavab verməyib. Bəs ifadə və suallara cavab verməkdən imtina hansı taktikadan xəbər verir? Bu ona layiqli cəza kəsilməsinə hansısa yuridik maneə yarada bilərmi?
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan sivil dövlətdir və qanunun aliliyi prinsipləri əsas götürülür. Əslində isə bu şəxslərin 30 ildən artıq əzəli Azərbaycan torpaqlarında törətdikləri cinayətlər göz qabağındadır. Bakıda keçirilən, haqlı olaraq “Nürnberq prosesi” ilə bərabər tutulan prosesdə hakim qarşısına çıxarılanları kimlikləri bəllidir. Bu adamlar Qarabağda törədilən cinayətlərin birbaşa iştirakçıları, rəhbərləridir. Ermənistanın və onun aləti olan, birbaşa Ermənistan dövləti tərəfindən idarə olunan, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış “Dağlıq Qarabağ Respublikası”nın qanunsuz silahlı birləşmələri Azərbaycana qarşı qanunsuz əməllər törədiblər. Azərbaycan xalqına qarşı etnik təmizləmə və ərazilərin işğalının birbaşa Ermənistan Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyi, işğal olunmuş ərazilərdə yaradılan xuntanın və hərbi birləşmələrin birbaşa Ermənistan tərəfindən maliyyələşdirildiyi, silahlandırıldığı və idarə edildiyini nəzərə alsaq, Bakıda başlayan “Nürnberq prosesi”ndə əsas faktor Ermənistan dövlətinin məsuliyyətinin təsbit edilməsi olacaq. Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları göz önündədir".
Həmsöhbətimizin sözlərinə görə, bununla belə, Azərbaycan sivil, demokratik dəyərlərə tapınan bir dövlətdir: “Azərbaycan qanunvericiliyinə görə hər bir təqsirləndirilən şəxsin məhkəməsində suala cavab verməkdən imtina etmə hüququ tanınır. Azərbaycan qanunvericiliyi bunu yasaqlamır. Əgər şəxs məhkəmədə ifadə vermirsə, bu onun müdafiə taktikasının bir hissəsi ola bilər. Məhkəmənin ilk iclasında zatən hakim təqsirləndirilən şəxsə onun hüquqlarını izah edir:
-Ona qarşı irəli sürülmüş hər bir itihamın mahiyyətini;
- Ona istinad edilən əməllərin hüquqi tövsifini və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı;
- Təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddianın əsaslarını və məbləğini;
- Təqsirləndirilən şəxsin məhkəmə iclasında verilmiş suallara cavab verməyə borclu olmadığını;
- Təqsirləndirilən şəxsin suala cavab verməkdən imtina etməsini onun ziyanına şərh edilə bilməyəcəyini;
- Təqsirləndirilən şəxsin özünün hər hansı cavabını əsaslandırmaq hüququna malik olduğunu.
Daha sonra sədrlik edən təqsirləndirilən şəxslərin hər birinə özünü təqsirli bilib-bilməməsi, əgər bilirsə, tam və ya qismən və məhz hansı əməldə bildiyini ona qarşı verilmiş mülki iddianı qəbul edib etməməsi əgər edərsə, tam və ya qismən qəbul etməsi sualları ilə müraciət edir.
İclasda sədrlik edənin icazəsi ilə cinayət prosesinin tərəfləri təqsirləndirilən şəxsin, yuxarıda göstərilən suallara verdiyi cavabları dəqiqləşdirmək üçün suallara verilə bilərlər. Təqsirləndirilən şəxsin, məhkəmə iclasında heç bir suala cavab verməmək ixtiyarı da var. Cavabdan imtina etməniz, sizin ziyanınıza şərh edilə bilməz".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ