Onlayn ictimai-siyasi qəzet
“Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən sonra ilk ciddi diplomatik sınağı fevralın 16-18-i arası keçirilən Münxen Təhlükəsizlik Konfransı oldu”.
Musavat.com bildirir ki, deputat Vahid Əhmədov bunu Milli Məclisin iclasında söyləyib.
O bildirib ki, konfransda həm dövlət başçısı İlham Əliyev, həm də Ermənistan baş naziri Nikol Paşinyan bir sıra görüşlər keçirib:
“Azərbaycanın konfransdakı iştirakını kifayət qədər uğurlu adlandırmaq olar. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edən qalib lider kimi qarşılanan İlham Əliyev müxtəlif dövlət başçıları ilə keçirdiyi görüşlərdə yüksək hörmətlə qarşılanıb, danışıqlarda Azərbaycanın müəyyən etdiyi müzakirə sərhədləri gözlənilib. Fransanın, Azərbaycan və Ermənistan arasında keçirilən görüşdə iştirak etməsində israrına baxmayaraq, Azərbaycan bu məsələdə mövqeyini bildirərək, iştirakı istisna edib. İlham Əliyevin siyasi qətiyyəti sayəsində danışıqlar vasitəçisiz baş tutub və hər iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclası barədə təlimatlar verilib”.
V.Əhmədov qeyd edib ki, Münxen konfransında Azərbaycan və Ermənistan arasındakı danışıqlardan kənarda qalan Fransa, tarix boyu olduğu kimi, yenə də öz məkrli siyasətinə davam edərək, qərəzli mövqe tutmağa və regionu qarışdırmaq cəhdlərinə davam edib:
“Təsadüfi deyil ki, Münxen konfransının bitməsindən qısa müddət sonra Paşinyan Fransaya səfər etdi. Emanuel Makron Nikol Paşinyanı qəbul edən zaman Azərbaycan əleyhinə bir sıra bəyanatlar verdi. Sərsəm açıqlamalarıyla gündəmə gələn Makron yenidən Fransanın Ermənistana dəstəyini ifadə edərək,qoşunların sərhəddən qarşılıqlı çəkilməsinə və Azərbaycanın Qarabağa qayıtmaq istəyən ermənilərin təhlükəsizliyi üçün şəraitin təmin edilməsi üçün addım atmalı olduğunu bildirdi. Bunun üçün ilk növbədə, Ermənistan 1980-ci illərin sonlarında öz ata-baba torpaqlarından qovulmuş minlərlə Azərbaycanlının geri qayıtması ilə bağlı öhdəlik götürməlidir! Ermənistan isə bu məsələni Azərbaycanla müzakirə etmək istəməyərək ikili standart nümayiş etdirir. Ermənistanın qoşunların sərhəddən qarşılıqlı çəkilməsi ilə əlaqədar bəyanatı isə Rusiyanın maraqları ilə oxşarlıq təşkil edir. Hər iki ölkə Qafqazda hegemonluq iddiasındadır. Ancaq heç bir dövlət unutmamalıdır ki, Azərbaycanın Türkiyə kimi güclü və qüdrətli müttəfiqi var”.
Millət vəkili əlavə edib ki, dövlət başçısı İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə edib:
“Tərəflər bir çox sahədə əməkdaşlığa davam edəcəyini və bir-birlərini dəstəkləyəcəklərini bir daha bəyan etdilər. Dövlət başçıları hərbi əməkdaşlığın genişləndirilməsi barədə fikirlər səsləndirdilər. İlham Əliyevin “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halında inkişaf edir” cümləsi bir daha “bir millət və bir ordu” olduğumuzu dünyaya bəyan edərək bölgədə bölücülük etmək istəyən qüvvələrə ciddi mesaj oldu”.
E.Paşasoy,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ