Onlayn ictimai-siyasi qəzet
Erməniəsilli siyasətçi, Xalqların Demokratik Partiyasından (HDP) olan keçmiş millət vəkili Qaro Paylan son açıqlamasında Ermənistanın bir tərəfdən Azərbaycanla normallaşma adı ilə vaxt qazandığını, digər tərəfdənsə Fransa və ABŞ-dan silah aldığını deyib.
“İndi Azərbaycana hücum edəcək gücdə deyilik. Bunun üçün 3-5 ilə ehtiyacımız var. Fransa və ABŞ-nin köməkliyi ilə ordumuzu gücləndirəcəyik və bu, 3-5 il ərzində mümkün olacaq”.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri Aygün Attar öz növbəsində Qaro Paylanı cavabsız qoymayıb.
O bildirib ki, Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il Ermənistana Azərbaycana qarşı addım atarkən düz 30 dəfə düşünməyi öyrədib.
“Aqos” qəzetində köşə yazarı olan Qaro sonra millət vəkili seçilib. Hazırda bizim məvacibimizdən tutulan vergilər hesabına rahat yaşayır. Amma dinc durmur. Türkiyə Böyük Millət Məclisinin üzvü olanda həm daxildə, həm də xaricdə Türkiyə və türklük əleyhinə çalışıb. Böyüdüyü, suyunu içib və çörəyini yediyi ölkənin yox, başqalarının səsi olub. Fəal diaspor fəaliyyətinə görə, Xocalıda əli qana bulaşmış Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan tərəfindən qızıl medalla mükafatlandırılıb”, – o bildirib.
A.Attar deyib ki, Q.Paylanın son açıqlaması məntiqsizdir: “Yəni Ermənistan silahlanacaq, Azərbaycan da oturub özünə dost olmayan ölkənin güclənməsi üçün gözləyəcək? Elə bilirsiniz ki, Ermənistanın normallaşması adı altında Azərbaycan və Türkiyəyə qarşı qurulan oyunların fərqində deyilik? Azərbaycan milləti və dövləti sizin niyyətinizi bilir. Allah düşmənin də mərd olanını qismət eləsin. Azərbaycan qarşısındakı düşmənin mərd olmadığını bilsə də, həm hərb meydanında, həm də diplomatik müstəvidə mərdcə davranıb. Bu ritorika özü ilə Qarabağ zəfərini gətirib. Dediyim odur ki, özünə gəl, Qaro Paylan!”
Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz Musavat.com-a bildirib ki, Qaro Paylan bu açıqlaması ilə Azərbaycanı təhdid edir:
“Erməni əsilli Qaro bu fikirləri ilə yeni işğalın olacağını istisna etmir. Ermənilərin Azərbaycan torpaqlarında gözlərinin olduğunu açıq şəkildə bildirir. Əlbəttə ki, onun bu açıqlaması etirazlarla qarşılandı. Qaro Paylan Türkiyə-Azərbaycan, türklük düşmənidir. Bu, həmin sabiq deputatdır ki, 1915-ci il hadisələrini “soyqırım” kimi təqdim edir. İndi isə dediklərini təkzib edir, bildirir ki, fikri səhv başa düşülüb və ya yozulub. Onun sözlərinə görə, guya ki, o, Azərbaycanla sülhün olmasının tərəfdarıdır.
Bu o adamdır ki, Ermənistanın sabiq prezidenti Sarkisyan tərəfindən vətənə xidmətə görə medalla mükafatlandırılıb.
Tez-tez Ermənistana gedir və orada erməni siyasətçilərlə görüşür. Qaro Paylan, əslində, Ermənistan hökumətinin fikrini ifadə edir.
Ermənistan boşuna konstitusiyaya dəyişiklik etmək üçün Azərbaycandan 2027-ci ilə qədər vaxt istəmir.
Atəşkəsi sülhə çevirmək üçün şans var idi, lakin Ermənistan danışıqları uzadaraq 4 ili puç etdi. Hələ də buna davam edirlər. Qaro Paylan Ermənistanın hiyləgər və ikiüzlü simasıdır. Onun arxasında duranlara demək istəyirəm ki, Bakıda Hərbi Qənimətlər Parkında hələ yer var, bunu unutmasınlar. Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə qarşı təhdid yaradarlarsa, dəmir yumruq anındaca enəcək”.
Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan müharibədən zəlil vəziyyətdə çıxıb və subyektivliyini itirib:
“Nikol Paşinyan başqasının torpaqları hesabına mistik Ermənistan yox, real Ermənistan yaratmalıdır. Bir ölkə kənar qüvvələrin əlində alətə çevrilibsə, o, heç vaxt müstəqil ola bilməz. 4 ilə yaxındır ki, sülh müqaviləsi təşəbbüsləri nəticə vermir. Çünki Ermənistanın ixtiyarı öz əlində deyil. Buna görə də Ermənistan sülh sənədinə imza atmağa cəsarət etmir. Yüz ildir ki, eyni səhvi təkrarlayırlar.
Bir xalq nə qədər inkar-imtina siyasəti apara bilər. Millətin özü formalaşmayıbsa, dövlətçiliyi necə quracaqlar? Ermənilər ömür boyu ABŞ-nin, Fransanın, Yunanıstanın yedəyində oturmağa öyrəşiblər. Belə getsə, Ermənistanın sonu çox ağrılı olacaq. Onların çıxış yolu okeanın o tərəfində deyil, bölgədədir. Birdəfəlik nifrət siyasətindən imtina etsələr, o zaman Azərbaycan və Türkiyə onlara kömək edər. Kənar müdaxilələr, revanşizm Ermənistanı məhvə doğru aparır”.
Şahanə Rəhimli
Musavat.com
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ