İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqları telefon asılılığından necə xilas edək - Çin məhdudiyyət tətbiq edir, Azərbaycan da etsinmi...

Vəfa Rəşidova: “Bu məsələdə valideynlərin üzərinə ciddi məsuliyyət düşür”

Müasir dövrün bəlalarından biri də uşaqların, hətta körpələrin telefon asılılığıdır. Gündəlik həyatımızda da şahidi oluruq ki, 2-3 yaşlı uşaqlar belə telefona bağlanırlar. Hətta yemək yeyərkən telefon verilməsə, yeməkdən imtina edən balacalar da var.

Yeniyetmələr, 17-18 yaşlılar isə süfrə başında, məclisdə bir gözü telefondadır, gecə saat 2-3-dək sosial şəbəkələrdən, oyunlardan ayrılmırlar. Bu, onların dərslərini mənimsəməsinə də ciddi mane olur.

Tibbi baxımdan gecə yatmamaq, yemək yeyərkən telefona baxmaq ziyanlıdır. Həkimlər bununla bağlı həyəcan təbili çalır.

Bu problem dünyanı narahat edir. Artıq Çin hakimiyyəti uşaqların telefondan istifadə müddətini məhdudlaşdırmaq istəyir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət noutbuklara, telefonlara və o cümlədən planşetlərə xüsusi uşaq rejimi funksiyasının əlavə edilməsini istəyir.

Qərar qəbul ediləcəyi təqdirdə, Çində 8 yaşından kiçik uşaqlara gündə 40 dəqiqə, 8-15 yaşlı uşaqlara isə bir saat telefon istifadəsinə icazə veriləcək.

Digər qərarla 22:00-dan səhər saat 06:00-a qədər telefondan istifadə məhdudlaşdırılacaq. Azərbaycan da oxşar məhdudiyyətlər tətbiq edə bilərmi, etsinmi?

Vəfa Rəşidova: “Öyrəşdiyimiz həyatın sağlamlığımız üçün fəsadları var”

 Vəfa Rəşidova 

Mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova “Yeni Müsavat”a danışıb: “Ümumiyyətlə, hər bir ailənin öz qaydaları, sistemi olmalıdır. Hər birimiz bilirik ki, indiki dövrdə telefon asılılığı, telefondan çox istifadə etmək qaçılmazdır. Bu təhlükəni hamımız hiss edir, anlayırıq.  Bununla bağlı artıq bir sıra ölkələrdə, o cümlədən Çində bir sıra tədbirlər görülür, telefonların  uşaqların  psixologiyasına  ciddi təsir etməməsi üçün məsələ sistemlə tənzimlənir.

Əvvəldə qeyd etdiyim kimi, hər bir ailənin öz qaydaları, sistemi, öz funksiyası olmalıdır, necə ki, yemək, yuyunmaq saatı var, uşaq bilməlidir ki, həm də telefon saatı var. Bu, uşağın formalaşması, düzgün sistemlə  hərəkət etməsi üçün çox vacibdir. Bu sistem tənzimlənərsə, asılılıq riski qətiyyən olmaz.

Təsəvvür edin, bir insan sistemsiz şəkildə, istədiyi vaxt istədiyi qədər yemək yeyir, bu zaman bu sistemsizlik onun həm fiziologiyasına, həm psixologiyasına, həm də yaşayış tərzinə təsir edir. Eləcə də azyaşlı uşaq sistemsiz şəkildə telefondan istifadə etdikdə bu onun həm psixologiyasına, bədən quruluşuna, fiziologiyasına, həm də ruh halına ciddi təsir göstərir. Ona görə də müəyyən vaxt, saat olmalıdır və sistem lap əvvəldən ailədə yaradılmalı, möhür olaraq qoyulmalıdır, uşaq da ona uyğun davranmalıdır.

Bu sistem həm də yaşa görə hesablanmalıdır. Məsələn, 5 yaşlı uşaq gün ərzində maksimum 15-30 dəqiqə telefondan  uşaq istifadə edə bilər. Şəxsən mən azyaşlı uşaqların əlinə telefon verilməsinin qəti tərəfdarı deyiləm, amma bu faktdır ki, ailələrdə verilir. Fikrimcə, yalnız 7-8 yaşdan sonra uşağa telefon vermək olar və praktikamda da bunu tətbiq etmişəm, yaxşı da nəticələri olur. Yaş artdıqca ən çoxu 10 dəqiqələrlə artırmaqla uşağa telefon vermək olar. Amma bir şeyi unutmaq olmaz ki, bir çox böyüklər belə telefon asılılığından ciddi əziyyət çəkir.

Çində bu və digər məsələlər ilə bağlı məhdudiyyətlər qoyulur və bu səbəbdəndir ki, onların cəmiyyəti toplum olaraq zəkalıdır. Çünki qaydalara əməl, sistem üzrə davranmağı sevirlər.

Hesab edirəm ki, Azərbaycan ailələrində də, bu cür qaydalar qoyulsa, məsələ sistemli olaraq tənzimlənsə bizim cəmiyyətimizdən  də daha çox zəkalı insanlar çıxar.  Lakin çox təəssüf ki, indi bizim xüsusən də gənc ailələrdə analar uşaqların ağlamaması, onların ev işlərinə mane olmaması üçün körpə uşaqlarının əlinə telefona verir. Uşaqların başı telefon qarışır və onlar öz işlərini rahat şəkildə görürlər. Amma bu metod qətiyyən doğru deyil və təhlükəlidir. Uşaqlarda artıq telefon asılılığı yarananda onların əlindən telefonu almaq mümkün olmur. Məsələn, əlindən telefon alınan uşağın necə isterika yaşadığını hər birimiz müşahidə etmişik, bu, sabahın psixozu deməkdir. Valideynlər buna sadə baxa bilər, amma gələcəkdə ciddi problemlərlə üzləşə bilərlər. Ona görə də valideynlərin üzərinə ciddi məsuliyyət düşür.

İlk növbədə uşaqlarla, xüsusən də yeniyetmələrlə ünsiyyəti artırmaq lazımdır. Ünsiyyət çox önəmli və vacib məsələdir. İkinci, diqqət və nəvazişi artırmaq lazımdır. Diqqət və nəvaziş görən uşaq və yeniyetmələrdə telefon və oyun asılılığı demək olar ki, olmur. Üçüncü, siz onlarda motivatsiyasınızı çoxaltmalısız. Məsələn, “sən bacarıqlısan”, “maraqlısan”, “maraqlı tərəflərin, məşğuliyyətlərin var, gəl onu edək” deyə bilərsiniz.

Dördüncü, siz onlarda gözəl məşğuliyyətlərə maraqlar yaratmalısız. Ümumiyyətlə, siz övladlarınızla çox ünsiyyətdə olduğunuz halda artıq onlara gözəl istiqamətlər verə bilirsiniz. Qəti surətdə övladlarınızla sərt şəkildə davranmaq olmaz. Belə olan halda artıq onların maraq dairəsi dəyişəcək və sizdən ayrı düşəcək, daha çox telefona, oyunlara maraq göstərəcək.

Ona görə də çalışmaq lazımdır ki, övladlarımıza maksimum dərəcədə dəstək olaq və onları bu cür problemlərdən azad edək".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR