Onlayn ictimai-siyasi qəzet
Müasir valideynlər uşaqları ilə ünsiyyət qura bilmir
Son illər Azərbaycan valideynləri uşaqların düzgün tərbiyə edilməsi və ya çətin tərbiyə edilən azyaşlılarla bağlı problemi həll etmək üçün daha çox psixoloqa müraciət edir. İllər öncə aktual olan “ana oxlovu”, ya da “atanın zəhmli baxışları” kimi metodlar artıq uşaqları ipə-sapa yatırtmır. Belə olan halda uşaqların düzgün tərbiyə edilməsi, yeniyetmələrin davranışlarındakı aqressiyaları həll etmək də çətinləşir. Peşəkar yardımından istifadə etmək hər zamanmı işə yarayır? Yoxsa valideynlər uşaqlarla dil tapa bilmədikləri üçünmü işin asanına qaçırlar?
Türkiyəli uşaq psixoloqları müəyyənləşdirib ki, 3-11 yaşlı uşaqların valideynlərinin sözünə qulaq asmaması, onları incitməsi daha çox onların diqqət çəkmək cəhdi ilə bağlıdır. Xüsusən anaların iş qadını olduğu bu zamanda uşaqlar onlardan “oğurlanan” vaxta görə mübarizə aparırlar. Psixoloqlar müəyyən edib ki, uşaqlar bu cür asi davranışları ilə analarının onlar barədə daha çox düşünməsinə nail olmaq istəyirlər. Araşdırmaya rəhbərlik edən psixoloq Nadir Özdilek açıqlayıb ki, analar məhz uşaqlarının əcaib hərəkətlərindən sonra sanki silkələnir: “Analar məhz bu zaman uşaqlarına az vaxt ayırdıqlarının fərqinə varır və onların tərbiyəsinə, davranışına xüsusi diqqət ayırır. Amma uşaq bunu daim təkrarlayırsa, onu psixoloq yanına aparmaq lazımdır”. Valideyn Əsmər Bədəlova deyir ki, bir neçə il uşağını psixoloq yanına aparıb. Uşağın sözə qulaq asmaması, daim evdə narazılıq yaratması, valideynlərinin onu sevməməsi ilə bağlı şikayətləri ailəni psixoloq qapısına aparıb. Qızını 11 yaşından etibarən 3 il ərzində, müəyyən fasilələrlə psixoloq yanına aparıblar. Amma bu müddət ərzində uşaq düzəlmək əvəzinə valideynlərini “psixoloquma deyərəm ha”, “ bu istəyimi həyata keçirməsəniz, bunu növbəti seansda danışacam” tipli anonslara (əslində isə şantaja) keçib. Ə.Bədəlova deyir ki, psixoloq uşağına onun çox dəyərli olmasını aşılamaqla yanaşı, valideynlərinin qüsurları olduğunu deyib: “Bundan sonra uşaq bizdə daim qüsur tapmağa çalışdı. Bizim onu guya ki, sevməməyimizlə bağlı fikri gücləndi. Bunu hər fürsətdə dedi. Sonra da bu seansları yekunlaşdırdıq. Psixoloq yanına göndərmək əvəzinə, onunla daha çox vaxt keçirməyə başladıq. Bu da çox ciddi fayda verdi. Daha sonra psixoloquna danışdıqlarını bizə danışdı və biz bununla da aramızdakı soyuqluğu həll etdik”.
Azərbaycanda uşaqlar ən çox yeniyetməlik dövründə psixoloq qapısını döyür
Araşdırmalar göstərir ki, Azərbaycan ailələrində ən çox problem uşağın yeniyetməlik dövründə yaşanır. Belə ki, müasir dövr, internet həm uşaqlarda, həm də valideynlərdə aqressiya yaradır.
Ekspertlər hesab edirlər ki, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Yəni valideynlər “öz uşağımdır, özüm bilərəm necə rəftar edirəm” fikrindən birdəfəlik əl çəkməlidir. Cəmiyyətin digər sferalarında isə mərhəmət üçün yalnız yazılı qanunların qəbulu gözlənməməlidir. “Azyaşlı uşaqlar arasında olan uşaqların əsas problemləri evdə baş verən dava-dalaş üzündən keçirdikləri stress, qorxu ilə bağlı olur”. Bunu psixoloq Asəf Kərimov mətbuata açıqlamasında deyib. Psixoloq bildirib ki, uşaqların valideynlərindən birindən, televiziyada hansısa film qəhrəmanından qorxması və gecələr yata bilməməsi ilə bağlı müraciətlər tez-tez olur.
Onun sözlərinə görə, bu problemlərə, eyni zamanda valideynin televiziyada istənilən filmlərə uşağın iştirakı ilə baxması da səbəb olur ki, bunu valideynlərin bir çoxu başa düşmür: “O cümlədən uşağın qapalılığı, nitq inkişafında ləngimələrdən irəli gələn valideyn müraciətləri, hiperaktiv uşaqlarla bağlı müraciət edənlər çox olur. Uşağın sosializasiyası və həmyaşıdlarla ünsiyyətdə özünü müdafiə edə bilməməsi problemləri, evdə yeni dünyaya gəlmiş körpəyə valideynlərin diqqətinin daha çox yönəlməsi üzündən evin böyük uşağının qısqanclığından irəli gələn davranışları ilə bağlı müraciətlər də çox olur” .
A.Kərimov bildirib ki, evin böyük uşaqlarında narahatlıq qısqanclıq üzündən və özünə diqqəti yönəltmək üçün valideynlərə etdiyi hədələr şəklində büruzə verir: “Uşaq ”Mən ölmək istəyirəm", “Siz daha məni istəmirsiz”, “Başqasının uşağı olacağam”, “Özümü damdan atacağam” kimi fikirlər irəli sürür və bir növ valideynlərinə psixoloji zorakılıq göstərir. Eyni zamanda bilmədən özünə ziyan vuracaq davranışlar da edə bilər. Məsələn, bıçaq, qayçı kimi alətləri götürərək bunu nümayiş etdirə bilər. Bu zaman məqsədi və hərəkətin mahiyyətini tam anlamayan uşaq ehtiyatsızlıqdan özünə ziyan vura bilər".
Psixoloqun sözlərinə görə, belə hallarda valideyn maksimum diqqətli olmalı, uşaqla ünsiyyətə girməli, ona xüsusi olaraq vaxt ayırmalıdır.
A.Kərimov valideyinin belə hallarda mütəxəssisə müraciət edərək onunla bu problemin həllinə çalışmasının vacib olduğunu vurğulayıb: “Ən yaxşısı mütəxəssisə müraciət etmək və onun tövsiyələri əsasında hərəkət etməkdir.
Yeniyetmələrə gəldikdə, bu hallar daha çox diqqət tələb edir. Onların belə davranış göstərməsi daha realdır, çünki bir çox hallarda onlar emosiyalar əsasında susisidal davranış nümayiş etdirə, eyni zamanda evdən qaçmağa, qeyri-normal qruplara qoşula, zərərli vərdişlərə tütün, alkoqol, narkotik vasitələrə meyillənə bilərlər".
Avropada uşaqları 3-4 yaşından psixoloqa göndərirlər
Avropadakı bəzi mütəxəssislər isə hesab edir ki, valideynlər övladlarının psixoloji sağlamlığı üçün 3-4 yaşından etibarən psixoloqa müraciət etməlidirlər. Bundan başqa, valideynlər heç olmasa, ildə bir dəfə psixoloqa müraciət etməlidirlər. Çünki bəzən elə faktorlar yarana bilər ki, valideynlər üçün bunu müşahidə etmək çətin olar. Psixoloq müayinə prosesində uşağın psixoloji vəziyyətinin normaya uyğun olub-olmadığını, ailədaxili problemlərin uşağa necə təsir etdiyini valideynlərə göstərə bilər. Psixoloji pozuntuları olan uşaqlarda aqressiya, davranış və ünsiyyət problemlərinə rast gəlinir. Psixoloq, bu problemlərin yaranmasına səbəb kimi valideynlərin uşaqlara az diqqət ayırmasını göstərir. Məsələn, hazırda əksər uşaqlarda ünsiyyət problemi var. Bu da uşaqların texnologiyadan çox istifadə etməsi nəticəsində yaranır. Valideynlərin böyük əksəriyyəti elə düşünür ki, uşaq internetdə ingilis dilində mahnılar dinləyib öyrənirsə, rəngləri öyrənirsə, bu, onların inkişafı deməkdir. Əslində isə uşaqlar sadəcə əzbərləyirlər və məntiqləri geriləməyə başlayır. Uşaqlar ən azı danışana qədər kompüter, planşet və televizordan uzaq durmalıdır. Danışa bilən uşaqlar isə gündə yarım saatdan çox olmamaq şərtilə, 15 dəqiqə fasilə verərək televizora baxa bilərlər.
Sevinc TELMANQIZI, “Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ