Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyətinin dayandırılmasına dair ABŞ-yə bildiriş göndərilib. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas yoxdur.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ləğv ediləcəyinin proqnozunu Azərbaycan Prezidenti hələ ötən ilin sonunda vermişdi. Dövlətimizin başçısı dekabrda bildirmişdi ki, Donald Tramp USAID-i qadağan edə bilər. Elə də oldu, Tramp yanvarın 20-də USAID-in maliyyələşdirilməsini dayandırdı.
1961-ci ildə yaradılan USAID ABŞ hökumətinin əsas beynəlxalq humanitar və inkişaf “qolu” rolunu oynayıb. Agentlik 120-dək ölkədə humanitar, səhiyyə və digər proqramlara nəzarət edib. Təkcə 2023-cü ildə ümumi ayırmalarla 40 milyard dollardan çox vəsaiti idarə edib. USAID-də 10 mindən çox işçi çalışıb ki, onların da üçdə ikisi xaricdədir. Bir müddət əvvəl, “Associated Press” agentliyi ABŞ Prezidenti Donald Trampın USAID-i Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırdığını yazmışdı.
Amerikalı sahibkar İlon Mask USAID-i çoxsaylı cinayət əməllərində, həmçinin Çin laboratoriyasını maliyyələşdirməkdə, yəni koronavirusu yaymaqda ittiham edir. Bu səbəbdən də təşkilatdan amerikalı vergiödəyiciləri qarşısında hesabat vermək tələb olunur.
Formal olaraq müstəqil dövlət agentliyi hesab olunsa da, USAİD birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasına tabedir. Onun rəhbəri və müavinləri ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olunur.
2024-cü maliyyə ilində USAID layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAID xətti ilə 335 milyard dollar xərclənib.
Yüzdən çox ölkədə qeyri-hökumət təşkilatlarına və müxtəlif layihələrə maliyyə vəsaiti ayıran USAID Qərbi Balkan regionu ölkələrində də “çoxşaxəli fəaliyyət” göstərib. Agentliyin təkcə 2020-2024-cü illərdə region ölkələrində 1,7 milyard dollar xərclədiyi bildirilir.
USAID qeyd olunan illərdə Serbiyada 209 milyon dollar, Bosniya və Herseqovinada 402 milyon dollar, Şimali Makedoniyada 290 milyon dollar, Monteneqroda 77 milyon dollar, Albaniyada 189 milyon dollar və Kosovoda 537 milyon dollar xərcləyib.
ABŞ rəhbərliyi ötən dövrdə USAID və Demokratiya üçün Milli Fondun (NED) xətti ilə Serbiyadakı müxtəlif qeyri-hökumət təşkilatlarını maliyyələşdirib, bir çox qurumlara və layihələrə donor olub. USAID Serbiyada iş yerlərində müxtəliflik, bərabərlik və inkluzivlik proqramlarının inkişaf etdirilməsi layihələrinə isə 1,5 milyon dollar sərmayə yatırıb.
Slovakiyanın Baş naziri Robert Fitso isə bəyan edib ki, hökumət ABŞ-dan USAID-in bu ölkədə qeyri-hökumət təşkilatlarına və media orqanlarına ayırdığı qrantlar barədə məlumat almaq istəyir.
“Danılmazdır ki, USAID-in vəsaitləri Slovakiyada siyasi məqsədlər - siyasi sistemi pozmaq və müəyyən siyasi partiyalara üstünlük vermək üçün istifadə edilib”, - Robert Fiko bildirib.
Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində, onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.
Cənubi Qafqazda da müxtəlif yollarla ənənəvi dəyərləri dağıdaraq, üzdəniraq ideyaları təbliğ edən məhz USAID idi. Qonşu Gürcüstanda inqilab cəhdi də USAID-in məkrli planının tərkib hissəsi olub. 2020-ci ildə bu ölkədə keçirilən seçkilərin nəticələri ilə bağlı saxta hesabatlar hazırlandı, seçkilərin saxtalaşdırıldığı iddia edildi. Sonradan bu saxta iddiaların hamısı ifşa olundu.
USAID-in rəhbərliyində Samanta Pauer kimi qatı anti-Azərbaycan mövqeli şəxsin olması da təsadüfi deyildi. Ermənipərəst Samanta Pauer və USAID faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərirdi. Hələ 2-ci Qarabağ müharibəsi zamanı USAID-in dövlətimizə qarşı kampaniya aparması da yaddaşlardan silinməyib. Azərbaycanda oturub işğalçıların müdafiəsinə qalxırdılar.
Azərbaycan rəhbərliyi hələ illər öncə USAID-in fəaliyyətindəki neqativləri ABŞ rəhbərliyinin diqqətinə çatdırmışdı. Lakin bu narahatlıqlara ciddi yanaşılmadı. Elə bu səbəbdən də 2024-cü ilin fevralında hökumət USAID ilə müqavilə müddətini uzatmadı.
Donald Trampın USAID-lə bağlı qərarı həm də Azərbaycanın haqlı olduğunu göstərdi. Gürcüstan və digər ölkələrin də USAID ilə bağlı oxşar addımlar atması Azərbaycanın uzaqgörənliyini təsdiq etdi.
ABŞ Prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyində korrupsiyanın görünməmiş həddə çatdığını bildirib:
“USAID radikal solçuları dəli edir. Və pulun böyük hissəsi saxtakarlıqla, tamamilə anlaşılmaz şəkildə xərcləndiyinə görə bu barədə heç nə edə bilmirlər. Korrupsiya əvvəllər heç vaxt görülməmiş səviyyəyə çatıb”.
Ağ Evin USAID-in dünya üzrə maliyyələşdirdiyi bəzi layihələr haqqında məlumatında bildirilib ki, bura Əfqanıstanda irriqasiya kanallarının yaradılması və gübrənin alınması daxildir və bu sistem narkotik istehsalında daha çox istifadə olunub. Eləcə də, “Əl-Qaidə” təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi (1.5 milyon dollar) bura daxildir. Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığa 2 milyon dollar da daxildir.
Agentlik "Əl-Qaidə"nin gələcək lideri Ənvər əl-Əvlakinin kollec təhsili xərclərini ödəyib. Amerikalı jurnalistlər “X” sosial şəbəkəsində ödəniş qəbzinin fotosunu paylaşıblar.
Qeyd olunub ki, həmin şəxs Amerika kəşfiyyat orqanları tərəfindən 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarında, eləcə də 2000-ci illərin ikinci yarısında bir sıra hücumlarda iştirakda şübhəli bilinib. Terrorçu 2011-ci il sentyabrın 30-da Yəməndə ABŞ-nin pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində öldürülüb.
Bəlli olur ki, USAID dünya üzrə 707 media, 6200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT-ni maliyyələşdirib. Bunlar arasında “The New York Times” (2024-cü ildə 3,1 mln.dollar ayrılıb), “Politico” (8 mln. dollar), “Associated Press” (19 mln.dollar), BBC (2,6 mln.funt), Reuters (9 mln.dollar), Frans-Press (447 min dollar) də var. Fevralın 6-dan ABŞ hökuməti bu təşkilat vasitəsilə “The New York Times”, “Politico” və “Associated Press”in maliyyələşdirilməsini dayandırıb.
Ukraynada medianın 90 faizi USAID tərəfindən maliyyələşdirilirmiş. 2024-cü ildə USAİD Ukraynadakı proqramlarına 6 milyard dollardan artıq vəsait xərcləyib.
Üzə çıxan faktlar bir daha göstərir ki, “azad mətbuat”, “söz azadlığı” adı altında əslində korrupsiya mexanizmi ilə ayrılan maliyyə əsasında milli hökumətlərə təzyiq və şantaj rıçaqları, informasiya diversantları hazırlanırdı.
USAID xüsusilə də Co Bayden tərəfindən qatı ermənipərəst Samanta Pauerin bu qurumun rəhbərliyinə gətirilməsindən sonra qlobal sülh üçün ciddi təhlükəyə çevrilib. Samanta Pauerin Fransanın siyasi dairələri ilə birlikdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasına maneə yaratması, bölgəni yenidən müharibəyə sürükləmək istəyən Emmanuel Makron və ətrafı ilə sıx işbirliyində olması, müharibə və münaqişələrin maliyyələşdirilməsi, aqressiv separatizm və terrorizmin stimullaşdırılması üçün nəzərdə tutulan "Avropa Sülh Fondu" ilə sinxron hərəkət etməsi USAID-in çirkli geosiyasi oyunların alətlərindən birinə çevrildiyini təsdiqləyir.
USAID-in fəaliyyət mexanizmi ölkələrdə mediaları ələ almaq, bu alınmadıqda, özünün “müstəqil medialarını” yaratmaq ( Azərbaycanda Meydan TV, Abzas, Toplum TV və s.) idi.
İnformasiya diversantlarının hazırlanması üçün xüsusi institutların yaradılmasını da qeyd etmək olar. Buna nümunə kimi Cənubi Qafqazda GİPA, “Internews” və digərlərini göstərə bilərik.
2023-2024-cü illərdə USAID BBC-nin ikinci ən böyük donoru olub və ona 2,613 milyon avro köçürüb. Bunun özü BBC-nin ölkəmizdə mühakimə olunan Ruben Vardanyanı niyə bu qədər fəal şəkildə dəstəklədiyinə aydınlıq gətirir.
Nuray Əlizadə
Musavat.com
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ