İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna nüvə silahı yaradır?

ABŞ kəşfiyyatı Vaşinqtonun münaqişəyə diplomatik həll yolu tapmaq səylərinə baxmayaraq, Putinin Ukraynaya qarşı müharibəni davam etdirmək və hərbi qələbə qazanmaq niyyətində olduğu qənaətinə gəlib. Bu barədə NBC News ABŞ Konqresinin üzvlərinə təqdim edilən son hesabatla tanış olan mənbələrə istinadən məlumat yayıb.

Təhlilə görə, kəşfiyyat orqanları, prezident Donald Trampın sülh danışıqlarına başlamaq səylərinə rəğmən, Moskvanın Kiyevə güzəştə getmək istəyinin heç bir əlamətini görmür. Mənbələrə görə, Rusiya qoşunlarının böyük itkilərə məruz qalmasına və ölkə daxilində artan iqtisadi çətinliklərə baxmayaraq, Putin “mövqeyində daha da möhkəmlənib”.

ABŞ rəsmiləri hesab edirlər ki, Kreml hərbi əməliyyatları siyasi razılaşmalardan üstün tutmağa davam edir və Ukrayna ilə bağlı strateji məqsədlərini dəyişdirmək üçün heç bir əlamət göstərmir. Hərçənd Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hələ də inanır. 

Bu barədə o, Cənubi Koreyada keçirilən APEC sammitində çıxışı zamanı deyib.

“Səkkiz münaqişəni həll etmişəm, ancaq Moskva və Kiyev arasındakı münaqişə qalıb. Düşünürdüm ki, bu, sadəcə olaraq prezident Putinlə aramdakı münasibətə görə həll olunacaq, amma bir az fərqli oldu. Lakin düşünürəm ki, həll olunacaq”, - Tramp vurğulayıb.

Bu arada Ukraynanın keçmiş baş naziri Nikolay Azarov özünün Telegram kanalında bildirib ki, Ukrayna müəyyən şərtlər daxilində nüvə silahı hazırlaya bilər. O, ölkənin uran yataqlarının olduğunu və uranı zənginləşdirmə sisteminin yaradıla biləcəyini deyib. Azarov bildirib ki, “əgər ukraynalılar bu cür silahları özləri hazırlaya bilməsə, onlara kömək ediləcək”.

Mümkündürmü və nə qədər vaxta?

Unudulan deputatlar: Sərdar Cəlaloğlunu infarkt həddinə çatdıran, İsa  Qəmbəri şoka salan, Etibar Məmmədova xəyal qırıqlığı yaşadan HÜQUQŞÜNAS |  Modern.az

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Vaşinqtonun əlində Rusiyaya təsir göstərmək üçün müxtəlif alətlər mövcuddur və sanksiyalar bunlardan sadəcə biridir: “İndi Tramp adminstrasiyasının sanksilayalar üzərində dayanması isə bunun Rusiya ilə birbaşa hərbi qarşıdurmada maraqlı olmamasından, yükün daha çox Avropa ölkələrinin üzərinə qoyulmasından qaynaqlanır. Məsələ burasındadır ki, indiki vəziyyət ABŞ-ni tamamilə qane edir. Əzəli rəqiblərdən biri olan Rusiya müharibə və sanksiyalar səbəbilə xeyli zəifləyir və bu fonda ayrı-ayrı bölgələrdə təsir imkanlarını itirir. Avropa İttifaqı ölkələri Rusiya ilə mübarizədə təhlükəsizlik sahəsində Vaşinqtonun dəstəyinin vacibliyi səbəbilə ABŞ-dən asılı vəziyyətdə qalırlar. ABŞ-də olduqca böyük təsir imkanlarına malik olan silah istehsalçıları müharibə və Avropanın silahlanması fonunda külli miqdarda gəlir əldə edirlər ki, bu da onların Tramp ətrafında daha sıx birləşməsini təmin edir”.

Bununla belə politoloq hesab edir ki, Tramp adminstrasiyası nəhayətdə Rusiyanı həqiqətən də müharibəni dayanmağa məcbur etmək istəyəcəksə, digər vasitələrə də əl atıla bilər: “Ukraynaya müharibəni Rusiyanın dərinliklərinə keçirə biləcək uzaqmənzilli raketlərin verilməsi bu vasitələrdən biridir. Və ya ABŞ Ukrayna ilə imzalanmış nadir metalların istismarı ilə bağlı sazişi əsas götürərək Ukraynada bu fəaliyyətə başladığını elan edə və bu fəaliyyətə cəlb olunmuş şirkətləri qorumaq adı ilə Ukraynaya hava hücumundan müdaiə sistemləri, hərbi birliklər yerləşdirə bilər. Eyni şəkildə Rusiyanın bütün etirazlarına baxmayaraq ABŞ və Avropa ölkələrindən ibarət hərbi birliklərin təhlükəsizlik zəmanəti adı altında Ukraynaya yerləşdirilməsi də variantlardan biridir. İndiki mərhələdə Ukraynaya nüvə silahı hazırlamağa icazə verilməsi və ya nüvə zənginləşdirilməsində köməklik göstərilə biləcəyi isə inandırıcı deyil”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR