İnsanlara hürriyət, millətlərə istiqlal!

UNICEF-lə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) arasında uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Əməkdaşlığın davam etdirilməsi və genişlənməsi məqsədilə iki illik dövr üzrə görüləcək birgə işləri müəyyən edən yeni Fəaliyyət Planının layihəsi hazırlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Nazirlikdə UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi Saca Faruq Abdullah ilə keçirilən görüşdə bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə sosial sahədə, habelə uşaq qayğı sisteminin gücləndirilməsi istiqamətində son illər aparılan islahatlar barədə məlumat verib. “Himayədar ailə” qayğı modelinin tətbiqi işləri, reinteqrasiya tədbirləri, uşaqlara yönələn reabilitasiya yönümlü sosial xidmətlərin keyfiyyətinin və həcminin artırılması üçün atılan addımlar qeyd edilib. 

Həmin sahələrdə, habelə sosial işçilərin bacarıqlarının artırılması üçün aparılan işlərdə, bunun üçün müvafiq təlimlərin, təcrübə səfərlərinin təşkilində, habelə əlilliyi olan gənclərin məşğulluq imkanları və bacarıqlarının artırılmasının dəstəklənməsində UNICEF-lə əməkdaşlığın, birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Hazırlanmış yeni Fəaliyyət Planı layihəsində dövlət uşaq müəssisələrindən uşaqların ailələrinə reinteqrasiyası, uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması və s. üzrə əməkdaşlıq istiqamətlərinin əsas yer tutduğu qeyd edilib.

S.F.Abdullah ölkəmizdə sosial sahədə həyata keçirilən islahatları, uşaq qayğı sisteminin gücləndirilməsi istiqamətində görülən işləri maraqla izlədiklərini və müsbət dəyərləndirdiklərini,  Nazirliklə əməkdaşlığın daim genişlənməsinə önəm verdiklərini, bunun üçün səylər göstərəcəyini vurğulayıb.

Görüşdə birgə fəaliyyət istiqamətlərində görülən işlər və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR