Onlayn ictimai-siyasi qəzet
Martın 2-də Londonda Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Avropa liderlərinin görüşü keçirilib. Bu, fevralın sonuncu günü Ağ Evdə ABŞ və Ukrayna prezidentləri arasındakı gərgin görüşdən, Ukraynanın təbii sərvətləri ilə bağlı hazırlanmış sazişin imzalanması ləğv ediləndən sonra yaranmış xoşagəlməz durumdan ilk ciddi çıxış cəhdi idi. Görüşdə Avropanın Ukraynaya hansı zəmanətləri verə biləcəyi müzakirə edilib. Martın 6-da isə Ukrayna ilə bağlı Avropa İttifaqı liderlərinin fövqəladə sammiti nəzərdə tutulub.
“Görüşün məqsədi Ukraynaya dəstəyi gücləndirmək və Avropa Komissiyasına genişmiqyaslı birgə maliyyələşdirməni tez bir zamanda başlatmaq üçün mandat verməkdir, çünki təhlükəsizliyimiz təhlükə altındadır. Sammit çox əhəmiyyətlidir. Bu külli miqdarda maliyyə çox güman ki, yüz milyardlarla avro təşkil edəcək”. Bunu Fransa prezidenti Emmanuel Makron sammitin detalları barədə danışarkən deyib. O qeyd edib ki, orada Avropa müdafiə arxitekturasının qurulması ilə bağlı kritik məsələnin həlli gözlənilir. O, Fransanın, eləcə də Avropanın Ukraynaya yardımlarının davamlı olacağını qeyd edib.
Öz növbəsində Britaniyanın baş naziri Kir Starmer bildirib ki, London və Paris Kiyevlə Ukrayna münaqişəsinin başa çatdırılması planı üzərində çalışacaq. Starmer deyib ki, daha sonra bu plan Vaşinqtonla müzakirə olunacaq. Onun sözlərinə görə, London sammiti həmçinin münaqişənin həllindən sonra Ukraynanın təhlükəsizliyini təmin etmək üçün könüllü hərbi koalisiyanın yaradılmasına həsr olunub.
Bu arada Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının sədri Aleksey Puşkov Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ lideri Donald Trampla Ağ Evdə görüşünü şərh edərkən bildirib ki, bundan sonra ABŞ Ukrayna prezidentliyinə digər namizədlərə diqqət yetirəcək. Onun fikrincə, Zelenskinin “qalmaqallı davranışından” sonra Vaşinqtonun onu açıq şəkildə dəstəkləməsi demək olar, mümkünsüzdür. Avropa dövlətləri isə ard-arda Ukraynaya dəstək verəcəklərini elan edirlər. Bu, Zelenskinin, Ukraynanın vəziyyətini müsbətə dəyişə biləcəkmi? Zelenskinin hakimiyyətdən uzaqlaşdırılması baş verə bilər? Yaxud Zelenskinin mühafizəsi necə, zəifləyə bilərmi? Bəs Moskva Tramp-Zelenski ziddiyyətindən necə istifadə edəcək? Ukrayna müharibəsi yeni fazayamı keçir?
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Londonda Ukrayna ilə bağlı sammitdə təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətində olduqlarını deyib: “Lakin məlumdur ki, bu sözləri illərdir eşidirik, ortada isə hərəkət yoxdur. Krımın ilhaqından 11 il, Rusiyanın Ukraynanın şərqinə hərbi müdaxiləsindən sonra isə 3 ildən çox vaxt keçib və bu müddətdə Avropanın bir çox lideri, o cümlədən NATO və Avropa İttifaqı rəhbərləri elə hey "təcili silahlanmalıyıq" deyirlər. Donald Trampı bəyənməsək belə, o hələ ötən prezidentlik müddətində Avropa dövlətlərindən hərbi xərclərini artırmağı tələb etmişdi. Polşadan başqa digər Avropa dövlətləri Trampın sözlərini qulaqardına vurdular, düşündülər ki, Avropanın təhlükəsizlik yükünü əvvəlkitək ABŞ daşımaqda davam edəcək. Tramp bu dəfə açıq deyib ki, başınızın çarəsinə baxın. Avropa ölkələrinin təcili silahlanması zaman alacaq, buna qədər isə Rusiya işğalı genişləndirməyə çalışacaq, Ağ Evdəki qalmaqaldan sonra ABŞ Ukraynaya maliyyə və hərbi dəstək verməyəcək. Bu halda yeganə alternativ Avropa ölkələrinin ABŞ-dan pulunu ödəmək şərtilə silah və hərbi texnika alıb onu Ukraynaya təhvil verməsidir. Pulgir Tramp buna razılaşacaq. Rusiya Prezidenti Vladimir Putin isə Ağ Evdə Tramp-Zelenski qovğasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq, ilk əvvəl Rusiya ordusu cəbhə bölgəsində irəliləməyə çalışacaq. İkincisi, Putin Trampla yaxın müddətdə görüşməyə çalışacaq. Doğrudur, Putin Zelenskinin gününə düşməmək üçün görüşün üçüncü ölkədə və qapalı keçirilməsini tələb edəcək".
Politoloq qeyd etdi ki, artıq Ukrayna ABŞ-ın maliyyə və hərbi yardımını unutmalıdır: “Ukrayna ancaq öz gücünə arxalanmalıdır. Bəlkə də resurslar barədə Ağ Evdə sazişin imzalanmaması Ukraynanın xeyrinə oldu. Tramp həmin sazişlə Ukraynanın resurslarını ələ keçirmək istəyirdi. Buna baxmayaraq, Zelenski ABŞ-ın borcu ilə bağlı nəsə etməlidir. Əlbəttə, bu, Trampın iddia etdiyi kimi 350 milyard dollar deyil. Hər halda, borcun 100 milyard dollar civarında olduğu bildirilir. Kiyev bu borcu müharibədən sonra hissə-hissə qaytarmalı olacaq. Kiyev indidən bunun mexanizmini düşünməlidir".
E.Şahinoğlunun sözlərinə görə, Ağ Ev Zelenskinin istefasını istəsə də, indiki şərtlər altında bu mümkün deyil: “Doğrudur, Volodimir Zelenskinin səlahiyyət müddəti ötən ilin mayında bitib. Ancaq Ukraynada müharibə gedir, belə vəziyyətdə seçki keçirmək mümkün deyil. Onu da nəzərə almaq lazımdır ki, Trampın Zelenskiyə təzyiqi ikincinin Ukraynada reytinqini artırıb. Yəni seçki keçirilsə belə, Zelenskinin yenidən qələbə çalma ehtimalı yüksəkdir. Zelenski gələcək seçkidə məğlub olsa belə, onu əvəz edəcək şəxs Rusiyanın şərtlərini qəbul etməyəcək”.
Ekspert hesab edir ki, Avropa da Ağ Evdəki qovğadan dərs çıxarmağa çalışacaq. Hamıya aydın oldu ki, Trampın Ağ Evdə olduğu müddətdə Avropa ilə ABŞ arasında məsafə daha da uzanacaq, NATO-nun birliyi zəifləyəcək: “Avropa ölkələri təhlükəsizliyə xərclərini artırmalı olacaqlar. Avropa ölkələrinin büdcələrini daha çox sosial problemlərin həllinə yönətlmək, təhlükəsizlik məsələlərini isə Amerikaya yükləmək dövrü bitdi. Ağ Evdəki qovğanı gördükdən sonra Azərbaycanın da Tramp administrasiyasından uzaq olması faydalıdır”.
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev isə bildirdi ki, Zelenskinin hakimiyyətdən gedişi azı 12 Avropa liderinin də məhvi olacaq: ""Ağ evdə" və ya bir məşhur dünya qəzetinin yazdığı kimi, “Savaş evində” baş vermiş davalı müzakirədən sonra belə fikir var ki, Tramp var qüvvəsi ilə Zelenskinin hakimiyyətdən getməsinə, hətta devrilməsinə çalışacaq... Tramp-Zelenski görüşündən saatlar sonra bu variantın mümkünlüyünü qeyd etmişəm. Lakin Zelenskinin gedişindən sonra (istefadan, sui-qəsddən və ya başqa səbəbdən) Avropanın liderləri - Polşa, Almaniya, Fransa, Hollandiya, İspaniya, Belçika, Litva, Latviya, Estoniya, Britaniya, Finlandiya, NATO liderləri, azı 12 lider özləri ilə bağlı nələrin baş verə biləcəyini elə bilirsiz düşünmürlər? Əsla... Tramp onları da devirəcək? Ya onlar Zelenskinin devrilməsini sakitcə seyr edəcəklər? Zelenskinin onların özləri üçün də “ölüm, ya qalım” şansı olduğunu məgər bilmirlər? Təbii ki, bilirlər.
Dünən isə Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, onu dövlət başçısı kimi əvəzləmək, eləcə də mümkün seçkilərdə iştirakının qarşısını almaq heç də asan olmayacaq. Halbuki bundan əvvəl Zelenski “Fox News” telekanalına müsahibəsində Ağ Evdə ABŞ prezidenti Donald Trampla mübahisədən sonra istefa verib-verməyəcəyi sualına birbaşa cavab verməmişdi.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ