İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Merkelə olan qəzəbi bitmir

Ukrayna müdafiə naziri Aleksey Reznikov ölkəsinin başına gələnlərdən yenə də Almaniyanın keçmiş kansleri Angela Merkeli məsul tutub.

Musavat.com xəbər verir ki, bu barədə o, İspaniyanın “La Razon” qəzetinə müsahibəsində danışıb.

Reznikovun sözlərinə görə, Almaniyanın keçmiş kansleri Angela Merkel 2008-ci ildə Ukrayna və Gürcüstanın Şimali Atlantika Alyansına üzv olmasının qarşısını alıb, bundan sonra Rusiya bu ölkələrə qarşı təcavüz edib.

“Nə üçün Qərb Ukraynaya bütün lazımi silahları hələ də vermir?” sualına cavab verən nazir burada da Almaniyanın keçmiş liderini işarə edib. Onun bildirdiyinə görə, Qərb uzun müddətdir ki, Rusiyanı təhrik etməmək doqması altında yaşayıb. Bu, 2008-ci ildə NATO-nun Buxarest sammiti zamanı xüsusilə nəzərə çarpıb.

“Həmin vaxt Ukrayna və Gürcüstanın Alyansın yeni üzvləri olma ehtimalı real idi. Əksər avropalılar kimi amerikalılar da bunu dəstəkləyirdi. Yalnız Almaniya kansleri Angela Merkel buna qarşı çıxdı və başqalarını əks istiqamətdə inandırdı”, - deyə Ukrayna müdafiə naziri qeyd edib. 

Reznikovun bildirdiyinə görə, bundan sonra Gürcüstanın torpaqlarının, Ukraynada Krım, Donetsk və Luqansk vilayətlərinin bir hissəsinin işğalı, eləcə də Çexiya və Bolqarıstanda anbarlarda partlayışlar, Solsberidə zəhərlənmələr baş verdi. Amma eyni doktrina olduğu kimi qaldı: “Nə edirsinizsə edin, Rusiyanı təhrik etməyin!”

Bununla bərabər, Ukrayna müdafiə naziri hazırda Almaniyanın göstərdiyi yardımın səviyyəsindən “məmnun” olduqlarını dilə gətirib.

Xatırladaq ki, 2008-ci ildə NATO-nun Buxarest sammitində Almaniya və Fransa Rusiyanın eskalasiyasından ehtiyat edərək Ukraynaya, eləcə də Gürcüstana NATO-ya üzvlük üçün fəaliyyət planının verilməsinə mane olmuşdular. O vaxtdan bəri Alyans bu ölkələrin hər ikisinə yalnız “günlərin birində” daxil olacağı barədə söz verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR