Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell keçən həftə Ukraynaya gedib. O, prezident Volodimir Zelenskiyə ABŞ-la aparılacaq yeni danışıqlarla əlaqədar məsləhətlər verib.
Musavat.com xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.
Qəzetin yazdığına görə, Pauell baş nazir Kir Starmerin Ukrayna ilə bağlı sülh müqaviləsi təşəbbüslərində əsas fiqura çevrilib.
68 yaşlı Conatan Pauell diplomat və müzakirəçi olaraq zəngin təcrübəyə sahibdir: Böyük Britaniya Xarici İşlər Nazirliyində işləyərək Honkonqun Çin tərəfindən geri qaytarılması, Sovet İttifaqı ilə silahların məhdudlaşdırılması üzrə danışıqlar və Almaniyanın birləşməsiylə bağlı müzakirələrdə iştirak edib.
Daha sonra o, Toni Blerin baş nazirlik aparatının rəhbəri olub və 11 sentyabr terror hücumlarından sonra Böyük Britaniyanın ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi müdaxilələri dəstəkləməsi dövründə onunla birlikdə çalışıb.
Qəzetin yazdığına görə, Conatan Pauell Britaniya qoşunlarının hər iki münaqişəyə göndərilməsinin əsas memarı olub və ABŞ ilə Avropa arasında "körpü" olmağa çalışıb.
İndi isə Kir Starmer diplomatı pensiyadan geri çağırıb. Bu müddət ərzində Pauell ABŞ, Fransa və Ukraynada danışıqlar aparıb, nəticədə atəşkəs layihəsi Ağ Evə təqdim edilib və bu mövzu Səudiyyə Ərəbistanında müzakirə ediləcək.
Conatan Pauell hələ 3 il əvvəl Ukraynada müharibənin necə bitəcəyini düşündüyünü yazmış və Putinlə danışıqların başlanacağını, belə bir müqavilənin necə görünəcəyini izah etmişdi. Onun sözlərinə görə, sülh razılaşması Ukraynaya zorla qəbul etdirilə bilməz, çünki müharibəni Ukrayna aparır və yalnız rəsmi Kiyev danışıqlar aparmağa və nə qədər güzəştə gedəcəyinə qərar verə bilər.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ