Onlayn ictimai-siyasi qəzet
Üçillik fasilədən sonra fevralın 18-də Səudiyyə Ərəbistanında başlayan ABŞ-Rusiya danışıqları Ukrayna böhranını fərqli istiqamətə çəkmək üzrədir. Görüşdən əvvəl ABŞ Prezidenti Donald Trampın dəyişən kursu, müharibəyə görə bunu başladan Rusiya yox, Ukraynanı günahlandırması dünyanı qarşıda gözlənilməz proseslərin gözlədiyi ehtimalını yaradıb. Moskva Trampın bəyanatlarından razıdır. Hətta Rusiya dövlət mediası Amerika liderinin hər sözünü redaktəsiz, dırnaq işarəsi qoymadan tirajlayır.
Gedişat Tramp və onun rusiyalı həmkarı Vladimir Putinin planlarına uyğun getməyə bilər, məsələ elə də sadə deyil. Ukrayna Prezidenti Volodimir Zelenski və xalqı ədalətli nəticə axtarışındadır. Zelenski “dəyişməz” adlandırdığı bu mövqe çərçivəsində Ukraynasız Ukrayna ilə bağlı istənilən razılaşmanı rədd edəcəyini açıqlayıb. Görünən budur ki, Tramp-Putin razılaşması və Zelenskinin bu ikiliyə qarşı qətiləşən mövqeyi ilə böhran yeni mərhələyə qədəm qoyur. Proses dayanma nöqtəsinə çatır, ya Zelenskinin bəyan elədiyi kimi, Ukrayna sonadək öz gücü ilə savaşacaq? Ukraynanın bu ölüm-qalım savaşında dözə biləcəyi daha bir üç ili varmı? Zaman göstərəcək.
Bəs, üç il əvvəl bu gün başlayan amansız müharibə nələrlə yadda qaldı?
İşğalın başlaması və Ukraynanın uğurlu həmlələri
Tammiqyaslı işğal 2022-ci il fevralın 24-də başladı. Bu, İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük münaqişədir.
Müharibənin ilk həftələrində (martda) Mariupol şəhəri mühasirəyə alındı və ağır döyüşlərdən sonra “Azovstal” zavodunda qalan Ukrayna əsgərləri (“Azov” Alayı”) təslim oldular.
Apreldə Ukrayna ordusu Qara dənizdə “Neptun” gəmi əleyhinə raketlərlə Rusiya hərbi donanmasının flaqmanı və müasir raket kreyseri “Moskva”ya dağıdıcı zərbə endirdi. Hücumdan qısa müddət sonra kreyser dənizdə batdı.
Apreldə Kiyev ətrafı da daxil olmaqla, şimal bölgələrində Ukrayna qüvvələrinin güclü müqaviməti nəticəsində Rusiya ordusu həmin ərazilərdən geri çəkildi. Rusların geri çəkilməsindən sonra Buça və İrpen şəhərlərində müharibə cinayətlərinə dair dəlillər üzə çıxdı. Ukrayna şəhərlərdə dinc sakinlərin öldürülməsini soyqırımı kimi qəbul etdi. BMT, Aİ, ABŞ və digər ölkələr də hadisələri soyqırımı və ya müharibə cinayətləri kimi qiymətləndirdi. Hadisədən sonra Rusiya əleyhinə yeni sanksiyalar tətbiq edildi. Buça qətliamı Ukrayna-Rusiya müharibəsində ən böyük müharibə cinayətlərindən biri sayılır.
Sentyabrda Ukrayna ordusu Xarkov vilayətində əks-hücuma keçərək, ərazilərin böyük hissəsini, eləcə də Xarkov şəhərini geri aldı. Həmin ayın 30-da Rusiya beynəlxalq ictimaiyyət tərəfindən pislənən addım ataraq, bir hissəsini işğal etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini anneksiya etdiyini açıqladı.
Noyabrda Xerson Ukrayna qoşunları tərəfindən azad olundu.
Belarus və Türkiyədə görüşlər
Ukrayna-Rusiya müharibəsi başlayandan sonra bir neçə dəfə Belarus və Türkiyədə sülh danışıqları aparıldı. Müharibənin ilk həftələrində Rusiya və Ukrayna nümayəndələri Belarusda bir neçə dəfə görüşdülər. İrəliləyiş olmadı, çünki tərəflər əsas məsələlərdə razılığa gələ bilmədilər.
Martda Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna xarici işlər nazirləri Antalyada görüşdülər. Həmin ay İstanbulda daha genişmiqyaslı danışıqlar keçirildi. Siyasi anlaşma əldə olunmadı, ardınca danışıqlar dayandı və müharibə davam etdi. Hazırda siyasi dialoq tamamilə kəsilmiş vəziyyətdədir. Rusiya bundan sonra iddia etdi ki, Kiyev İstanbulda Moskvanın şərtləri ilə müqaviləni imzalamağa razı olsa da, Britaniyanın təzyiqi ilə bundan yayınıb.
Hərbi yardımlar və Kremlə qarşı qiyam
Müharibənin gedişində ABŞ və Avropa Ukraynaya milyardlarla dollarlıq hərbi yardım göndərdi. ABŞ Ukraynaya “Harpoon” gəmi əleyhinə raketləri, ATACMS və “Patriot” müdafiə sistemləri, Fransa SCALP uzaqmənzilli raketləri, Böyük Britaniya “Gravehawk” hava hücumundan müdafiə sistemləri verdi. Həmçinin ABŞ Ukraynanın F-16 döyüş təyyarələri ilə təmin edilməsi ilə razılaşdı.
Rusiya da İran və Şimali Koreya kimi ölkələrdən dron və silah yardımları aldı.
2023-cü ilin iyununda Ukrayna ordusu Donetsk və Zaporojye cəbhələri də daxil olmaqla, bir neçə istiqamətdə genişmiqyaslı əks-hücuma başladı.
İyunun 24-də Moskvaya bağlı “Vaqner” qrupu Rusiya hökumətinə qarşı qiyam qaldırdı, bir neçə şəhəri ələ keçirsə də, sonradan geri çəkildi.
Hökumətə qarşı qiyama rəhbərlik edən “Vaqner”in lideri Yevgeni Priqojinin olduğu təyyarə avqustda Rusiyanın Tver vilayətində qəzaya uğradı. Nəticədə o və qrupun bütün rəhbər heyəti həyatını itirdi. Rəsmi versiya texniki nasazlıq olsa da, bəzi mənbələr raket və ya partlayış ehtimalını irəli sürdülər.
2024-cü ilin avqustunda Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə hücuma keçdi. Hücum nəticəsində Suca şəhəri və 90-ya yaxın kənd-qəsəbə ələ keçirildi. Hazırda vilayətin təxminən 1200 kvadrat kilometrlik ərazisinin Ukraynanın nəzarətində olduğu bildirilir.
Rusiya ordusu avqustda ilk dəfə Ukraynaya qarşı yeni “Oreşnik” adlı ortamənzilli ballistik raketlərdən istifadə etdi.
Oktyabrda Şimali Koreya qüvvələri Kurskda Ukraynaya qarşı savaşa qoşuldular. Bununla münaqişə beynəlxalq xarakter aldı.
Putinin həbsinə order və sanksiyalar
Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiyaya qarşı 16 sanksiya paketi qəbul edib. ABŞ də Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib. Ümumilikdə, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, müxtəlif ölkələr tərəfindən Rusiyaya qarşı 16-17 minə yaxın sanksiya tətbiq olunub.
Müharibə səbəbindən Avropa İttifaqı və Çin Rusiya ərazisindən keçən Şimal dəhlizindən yan keçərək, Azərbaycan üzərindən də keçən Orta dəhliz kimi alternativ nəqliyyat marşrutlarına yönəldi. Bu, Rusiyanın iqtisadi əlaqələrində dəyişikliklərə səbəb oldu.
Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) 17 mart 2023-cü il tarixində Rusiya Prezidenti Vladimir Putin və Prezident Administrasiyasının uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verdi. Orderlər Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyası və köçürülməsi ilə bağlı hərbi cinayətlərə görə məsuliyyət iddialarına əsaslanır.
Müharibə nəticəsində Baltikyanı ölkələr (Estoniya, Latviya, Litva), Polşa, Çexiya, Slovakiya, Yaponiya Rusiya ilə münsibətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı və səfirlərini geri çağırdılar. Avropa İttifaqı və digər Qərb ölkələri də Rusiyaya qarşı genişmiqyaslı iqtisadi-siyasi sanksiyalar tətbiq edərək, diplomatik nümayəndəliklərin fəaliyyətlərini məhdudlaşdırdılar.
Hökumətlərdə dəyişikliklər
Müharibə başladıqdan sonra Rusiyada bir sıra yüksək vəzifəli şəxslər istefaya göndərildi və ya vəzifələri dəyişdirildi.
2022-ci ilin oktyabrında Rusiya silahlı qüvvələrinin Ukraynadakı əməliyyatlarına komandan təyin edilən Sergey Surovikin 2023-cü ilin yanvarında bu vəzifədən azad edilərək, yerinə Baş Qərargah rəisi Valeri Gerasimov gətirildi.
2022-ci ilin aprelində Ukraynadakı Rusiya qüvvələrinin komandanı təyin edilən Aleksandr Dvornikov bir neçə ay sonra vəzifəsindən uzaqlaşdırıldı, yerinə Sergey Surovikin təyin edildi.
2024-cü ildə müdafiə naziri Sergey Şoyqu vəzifəsindən azad olunaraq, Təhlükəsizlik Şurasının katibi təyin olundu. Şoyqunun yerinə Andrey Belousov gətirildi. Nikolay Patruşev də Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilərək, prezidentin köməkçisi təyin edildi.
2023-cü ilin fevralında Ukrayna müdafiə naziri Aleksey Reznikovun yerinə Kiril Budanov təyin edildi. Bir il sonra Budanov Krım tatarı Rüstəm Umerovla əvəzləndi.
2024-cü ilin yanvarında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnını vəzifəsindən azad edilərək, yerinə Aleksandr Sırski gətirildi.
Sentyabrda Andrey Kulebanın yerinə Andrey Sibiqa xarici işlər naziri təyin edildi.
Sui-qəsdlər
Kiyevin iddiasına görə, müharibənin ilk günlərində Prezident Zelenskiyə qarşı bir neçə sui-qəsd cəhdi olub. Ukrayna təhlükəsizlik xidmətləri bu cəhdlərin qarşısını alıb və Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli şəxsləri həbs edib.
Ukrayna daxili işlər naziri Denis Monastırski 2023-cü ilin yanvarında helikopter qəzasında həlak oldu. Hadisənin səbəbləri tam aydınlaşdırılmasa da, bəzi mənbələr bunu texniki nasazlıq, digərləri isə sui-qəsd kimi qiymətləndirir.
2022-ci ilin sentyabrında “The Sun” qəzeti Rusiya Prezidenti Vladimir Putinin avtomobilinə qarşı sui-qəsd cəhdi edildiyini yazdı. Məlumata görə, prezidentin avtomobili sol ön təkərindən sərt zərbə almış və güclü tüstüləmə müşahidə olunmuşdu. Bu iddialara cavab olaraq, Kremlin sözçüsü Dmitri Peskov xəbərin əsassız olduğunu dedi.
İtkilər
Müharibə nəticəsində Ukrayna ərazisinin təxminən 18 faizinin işğal edildiyi bildirilir. Bu, 603 700 kvadrat kilometr ərazisi olan Ukraynanın təxminən 108 666 kvadrat kilometrinə bərabərdir.
Ukrayna Prezidenti Volodimir Zelenski son olaraq təxminən 43 000 hərbçinin həlak olduğunu açıqlasa da, Qərb mənbələri rəqəmin 100 000-dən çox olduğunu iddia edirlər. “The Economist” bunun 400 000-dən çox olduğunu yazır. BMT müharibə nəticəsində Ukraynanın təxminən 13 000-ə yaxın mülki insanını itirdiyini açıqlayıb. Amma bura Rusiyanın işğal etdiyi ərazilərdəki itkilər daxil deyil. Təkcə Mariupolda təxminən 25-70 min mülki insanın həlak olduğu ehtimal olunur.
Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya müharibənin gedişində təxminən 870 min hərbçisini itirib. BBC bu rəqəmin 140-200 min ola biləcəyini iddia etsə də, Rusiya mənbələrində rəqəmlər daha azdır. Sonuncu dəfə Rusiya 2022-ci ilin sentyabrında 6 000 hərbçisinin öldüyünü açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp iddia edir ki, müharibə nəticəsində 1 milyon rusiyalı, 700 000 ukraynalı həlak olub.
Azərbaycanın yardımı
Azərbaycana gəlincə, ölkəmiz Ukraynaya humanitar yardım göstərməkdə davam edir. 2025-ci ilin fevral ayına olan məlumata görə, bu yardımların ümumi məbləği 40 milyon dolları keçir. Azərbaycanın göstərdiyi yardımlar Ukraynanın enerji infrastrukturunun bərpası və humanitar ehtiyaclarının qarşılanmasına mühüm töhfə verir.
Son olaraq, bu ilin fevralın əvvəlində Prezident İlham Əliyevin sərəncamı ilə Ukraynaya elektrik avadanlıqlarının alınması üçün əlavə 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.
Rusiyanın Ukrayna planı
Rusiyanın Ukraynaya dair planlarına gəlincə, bu, zamanla dəyişir və müxtəlif mərhələlərdə fərqli məqsədləri əhatə edir. 2024-cü ilin noyabrında Qərb mediasının yazdığına görə, Rusiya Ukraynanı üç hissəyə bölməyi planlaşdırır. Bu plana əsasən, Rusiya işğal etdiyi əraziləri özünə birləşdirərək, Kiyev və ətrafında özünə bağlı hökuməti olan bir “dövlət” yaratmaq, Ukraynanın qərb bölgələri ilə bağlı isə “mübahisəli ərazilər” kimi Polşa, Rumıniya və Macarıstanın iştirakı ilə müzakirə təşkil etmək istəyir.
Müharibə nə vaxt bitəcək?
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov ilin sonuna qədər Rusiya ilə atəşkəsə nail olunacağını proqnozlaşdırır. Prezident Volodimir Zelenski də ölkəsinə güclü təhlükəsizlik təminatları olacağı halda bu il müharibəni bitirmək istədiklərini açıqlayıb.
NATO isə müharibənin 2025-ci ildə də davam edəcəyini və bunun uzunmüddətli bir münaqişə olacağını gözləyir.
Hazırda döyüşlər davam edir, Rusiya və Ukrayna cəbhədə strateji mövqelərini qorumağa çalışır. ABŞ-nin Rusiya ilə danışıqlara başlamasından sonra Qərb ölkələrinin Ukraynaya dəstəyinin davam edib-etməyəcəyi əsas müzakirə mövzusudur. Müharibə hələ də davam edir və nəticəsi qeyri-müəyyən olaraq qalır.
Teleqraf.az
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ