Onlayn ictimai-siyasi qəzet
2025-ci il yanvarın 1-dən rəsmi Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb. Bu qərar Slovakiyanın və regiondakı digər ölkələrin mavi yanacaq təminatını təhlükə altında qoyub. Bu səbəbdən Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, əgər Ukrayna Prezidenti Volodimir Zelenski qaz tranzitini bərpa etməsə, Bratislava Avropa Şurasında Kiyevə ayrılan maliyyə yardımının qarşısını alacaq.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Yanvarın 25-də isə Volodimir Zelenski Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında bildirib ki, Davosda dövlət başçısı İlham Əliyevlə Azərbaycan qazının nəqli üçün Ukrayna infrastrukturundan istifadə məsələsini müzakirə edib.
O, Azərbaycanın böyük qaz hasilatı və qaz ixracı imkanları olmasına diqqət çəkərək vurğulayıb ki, Prezident İlham Əliyevlə İsveçrədə bu barədə müzakirə aparıb və əgər Avropanın qaza ehtiyacı olarsa, Ukrayna infrastrukturundan istifadə edilə bilər, amma Rusiya qazının tranziti mümkün deyil. V.Zelenskinin sözlərinə görə, Ukrayna Azərbaycandan qaz tranzitinə tezliklə başlaya bilər.
Azərbaycanın bu tələbatı ödəməsi mümkündürmü? Zelenski Robert Fitsonun son bəyanatından nəticə çıxarıb Rusiya qazının tranzitini bərpa edə bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, 2022-ci ilin fevral ayında Moskvanın Kiyevə hərbi təcavüzündən sonra Ukrayna üzərindən Avropaya yönələn Rusiyaya məxsus ixrac gücləri, yəni neft-qaz kəmərləri təhdid altına düşüb.
Onun sözlərinə görə, bu, Aİ-ni enerji təhlükəsizliyi məsələsinə , eləcə də neft-qaz diplomatiyasına yenidən baxmağa vadar edib: “2025-ci ilin yanvarın 1-dən etibarən Rusiya boru kəməri qazının Ukraynaya məxsus QNS (qaz nəqli sistemi) üzərindən Avropa ölkələrinə nəqli ilə bağlı “nəql et, ya ödə” şərtli tranzit sazişinin icra müddəti başa çatıb. Bu, Rusiyanın beynəlxalq ixrac qabiliyyətinə və Avropa qaz bazarında illərlə formalaşmış bazar payını zərbə altına almaqla yanaşı, ayrı-ayrı Avropa ölkələrinin davamlı qaz təchizatında çətinliklər yaradıb. Qlobal neft bazarlarından fərqli olaraq, qlobal qaz bazarlarının daha güclü olması, qaz satış platformaları arasında (TTF/JKM) rəqabət mühitinin sərtləşməsi, Qərbi və Mərkəzi Avropa ölkələrini, o cümlədən Slovakiyanı qaz təchizatı ilə bağlı alternativ mənbələrə müraciət etməyə sövq edib. Slovakiyanın “Eustream” qaz ötürücü şəbəkə operatorunun məlumatına görə, Ukrayna üzərindən qaz tədarükü dayandırıldıqdan sonra Bratislava Macarıstan üzərindən “Türk axını” vasitəsilə Rusiya qazını almaqda davam edir və qaz təchizatında problemi yoxdur”.
İqtisadçı vurğulayıb ki, Azərbaycan qazının Avropanın qaz bazarında satış problemi yoxdur: “Azərbaycan qazının Ukrayna QNS vasitəsilə Avropa ölkələrinə tranziti məsələsi texniki cəhətdən mümkün olsa da mürəkkəb logistik sxemdən başqa bir şey deyil. Nədən ki, Azərbaycan qazının “Qoca qitə”nin qaz bazarında satış problemi yoxdur. Ukrayna üzərindən Rusiya qazının yenidən tranziti məsələsi çətin ki, öz həllini tapsın. Çünki əksər Avropa ölkələri Rusiya qazının əleyhinədir və bütün hallarda Moskvanın Avropadakı bazar payı azalmaqda davam edəcək”.
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ