İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna uğrunda ölən azərbaycanlılar və Rusiyanın çirkli oyunu

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü başlayanda dünyanın gözü önündə yeni bir tarix yazılmağa başlandı.

Bu, yalnız Ukraynanın azadlıq savaşı deyildi. Bu müharibədə təkcə Ukrayna vətəndaşları deyil, başqa millətlərdən olan könüllülər də qan tökdü. Onların sırasında yüzlərlə azərbaycanlı da var. Kimisi Ukrayna pasportu daşıyırdı, kimisi sadəcə ürəyində Ukraynanın ağrılarını hiss edirdi. Amma bir həqiqət dəyişməzdir ki, azərbaycanlılar Ukrayna uğrunda canlarından, sağlamlıqlarından keçdilər.

Ukrayna Silahlı Qüvvələrində döyüşən Azərbaycan əsilli insanların sayı yüzlərlədir. 2022-ci ildən bu yana təxminən 500 azərbaycanlı Ukrayna tərəfində silaha sarılıb. Onların azı 130-u həyatını itirib, 70 nəfər itkin düşüb, 100-dən çoxu isə yaralanıb. Bu savaşda həlak olan azərbaycanlıların adları da Ukrayna tərəfindən ictimailəşdirilib. İlqar Bağırov (“Balu”), Rafael Ağayev, Yolçu Əliyev, Elnur Həsənov (“Alik”), Təyyar Bəşirzadə, Kirill Ağasıyev, Raqif Əliyev, Məcid Əbdülqafarov və başqaları. Onlar Debaltsevedə, Mariupolda, Xersonda, Xarkovda, Donetskdə şəhid olublar.

Azərbaycanlı qadınlar da bu savaşdan geri qalmadı. Samirə Moroz Ukrayna dəniz piyadalarında xidmət edən ilk azərbaycanlı qadın oldu. Tibb bacıları Leyla Mahmudova və Darya Hüseynova ön cəbhədə yaralıları sağaldırdılar. Onlar bu savaşın görünməyən qəhrəmanlarıdır.

Azərbaycan xalqının dəstəyi bununla bitmədi. Azərbaycan dövləti Rusiya işğalının ilk günlərindən Ukraynaya humanitar dəstək göstərdi. 2022-ci ilin 25 fevralında – işğalın ikinci günü 2 “Silk Way” təyyarəsi ərzaq, dərman və tibbi ləvazimatlarla Ukraynaya yola düşdü. SOCAR, Ukraynada fəaliyyət göstərən bütün fövqəladə xidmət maşınlarını pulsuz yanacaqla təmin etdi. Daha sonra bu dəstək böyüdü, 900 min metr elektrik kabeli, transformatorlar, generatorlar, istilik cihazları, dərman, qış paltarları, gündəlik qida məhsulları.

2023-cü ilin sonuna qədər Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım 34 milyon dollara çatdı. Ukrayna Azərbaycanlıları Radası (UAR) yüzlərlə insanın təxliyyəsini təşkil etdi, Ukrayna ordusuna maddi və texniki dəstək göstərdi, cəbhəyə zirehli jiletlər və termal kameralar göndərdi. Bu yardımın tək məqsədi Ukraynanın yaşamasıdır.

Bu fonun üzərində qaranlıq bir xəbər yayıldı. Ukraynanın kəşfiyyat polkovniki İvan Voroniçin qətli və bu qətldə azərbaycanlı ər-arvadın, Xaqani Gülalizadə və Nərmin Quliyevanın adı hallandı. Ukrayna tərəfinin məlumatına görə, bu şəxslər Rusiya kəşfiyyatı tərəfindən ələ alınıb, Voroniçin izlənməsi və qətlə yetirilməsi üçün Kiyevə göndərilib. İttihamlara görə, onlar əvvəlcə polkovniki izləyib, sonra səsboğucu ilə təchiz edilmiş silahı əldə edib, cinayəti törədiblər.

Onların planı Ukrayna Təhlükəsizlik Xidmətinin peşəkar əks-hücum tədbirləri nəticəsində yarımçıq qalıb, xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərən cütlük zərərsizləşdirilib. Bu hadisə təkcə Voroniçin ölümü deyil. Bu, Rusiyanın Ukrayna torpağında hər gün törətdiyi müharibə cinayətlərinə digərilərini də şərik etmək cəhdidir.

qabil.jpg (172 KB)

Politoloq Qabil Hüseynli Musavat.com-a deyib ki, Rusiya xüsusi xidmət orqanlarının Ukraynanın strateji əhəmiyyətli hərbi kəşfiyyatçısının qətlində Azərbaycan vətəndaşlarını istifadə etməsi sıradan bir cinayət faktı deyil, dəqiq planlanmış geosiyasi təxribatdır:

“Bu, Rusiyanın həm Azərbaycan, həm də Ukrayna ictimai rəyinə yönəlmiş psixoloji və informasiya əməliyyatıdır. Belə seçimlər, təsadüfi deyil və bir neçə məqsədə eyni anda xidmət edir.

Birincisi, Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyə cavab reaksiyasıdır. Azərbaycan dövləti və cəmiyyəti Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə ifadə edib.

Humanitar yardımlar, Ukraynada şəhid olmuş azərbaycanlıların xatirəsinin ucaldılması, yüzlərlə azərbaycanlının Ukrayna ordusunda döyüşməsi Rusiyanın nəzərindən yayınmayıb. Bu kontekstdə azərbaycanlı vətəndaşların belə bir cinayətdə iştirakçı kimi təqdim olunması Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmaq məqsədi daşıyır.

İkincisi, bu, Azərbaycanın daxili sabitliyinə yönəlmiş zərbədir. Çünki əgər Rusiya Azərbaycan vətəndaşlarını qəsdən kriminal əməliyyatlarda istifadə edirsə, bu, həm də daxildə narahatlıq və təhdid hissi yaratmağa xidmət edir.

"Sizdən olanlar istənilən vaxt alətə çevrilə bilər" mesajı verilir. Üçüncüsü, bu, müharibə şəraitində Ukrayna ictimaiyyətinə “qardaş olmayan xalqlar” təsiri bağışlamağa yönəlmiş informasiya müharibəsinin bir hissəsidir. Ukraynada 2022-ci ildən bu yana onlarla azərbaycanlı döyüşüb, şəhid olub, mükafatlandırılıb. İndi isə azərbaycanlıların “qatil” kimi təqdim edilməsi bu müsbət obrazı ləkələmək niyyəti daşıyır”.

Politoloq bildirib ki, bu kontekstdə Azərbaycan hüquq-mühafizə orqanları və ictimaiyyəti bu faktı yalnız kriminal hadisə yox, həm də hibrid təhlükə kimi qiymətləndirməlidir:

“Bu gün informasiya və psixoloji əməliyyatlar ən az silahlı hücumlar qədər təhlükəlidir. Ukrayna və Azərbaycan arasındakı dostluq sadəcə diplomatik münasibətlər deyil. Azərbaycanlılar bu savaşda həm silah tutub döyüşdü, həm çörək göndərdi, həm humanitar yardım etdi, həm də dualardan geri qalmadı. Amma eyni zamanda Rusiya kəşfiyyatının toruna düşən bəzi satqınlar da oldu. Bu da həyatın acı həqiqətidir”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR