Onlayn ictimai-siyasi qəzet
Bu gün Ukrayna mövzusu ilə bağlı könüllülər koalisiyasının videokonfransı keçiriləcək.
Musavat.com xəbər verir ki, məlumatı Almaniya kansleri Fridrix Merz açıqlayıb. O, qeyd edib ki, ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında Ağ Evdə söhbət çox yaxşı keçib: "Görüş həm də çox rahat atmosferdə keçdi. Biz yaxın günlərdə və həftələrdə sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəldik, həmçinin bir-birimizlə növbəti görüşləri planlaşdıracağıq. Birincisi, sabah "istəklilər koalisiyası"nın videokonfransı olacaq. Bu, ümumilikdə 32 dövlətdir ki, Ukraynaya əlavə yardım göstərməyə hazırdır".
Merzin sözlərinə görə, Ddha sonra saat 13:00-da (Bakı vaxtı ilə 15:00), Avropa Şurasının xüsusi iclası keçiriləcək, iclasda Avropa və Aİ-dən olan iştirakçılar müzakirələrin gedişi barədə məlumat verəcəklər.
Almaniya kansleri qeyd edib ki, avropalılar son bir neçə gündə Vaşinqtondakı görüşə hazırlaşmağa xeyli vaxt sərf ediblər: "Gizlətmək istəmirəm ki, bu gün (18 avqust – red.) hər şeyin məhz belə gedəcəyinə əmin deyildim. Hər şey başqa cür də ola bilərdi. Bununla belə, bugünkü görüşdən gözləntilərim nəinki özünü doğrultdu, həm də aşdı".
Merz əlavə edib ki, iştirakçılar Ağ Evdə təxminən beş saat vaxt keçiriblər: "Bu, bir sıra görüşlər idi. Artıq başlanmış bu təşəbbüsü uğurlu nəticəyə çatdırmaq üçün yaxın günlərdə və həftələrdə çox sıx əlaqə saxlamağa razılaşdıq. Qarşıdakı günlərdə və həftələrdə hələ çox iş görməliyik, lakin biz bunu həyata keçirmək əzmindəyik".
Finlandiya prezidenti Alexander Stubb isə hesab edir ki, Qərb ölkələri bir həftə ərzində Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılığa gələ bilərlər.
ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasında və təmin edilməsində təkcə Avropa müttəfiqləri deyil, Avropadan kənar ölkələr də iştirak edəcək. O, Fox News-a müsahibəsində bildirib ki, ABŞ bu məsələ üzərində işləyəcək: "Biz avropalı müttəfiqlərimizlə və yeri gəlmişkən, qeyri-Avropa ölkələri ilə belə təhlükəsizlik təminatları yaratmaq üçün işləyəcəyik. Hazırda bunun üzərində işləyirik". O əlavə edib ki, zəmanətlər “sülh sazişindən sonra yaradılmalıdır ki, Ukrayna gələcəkdə özünü təhlükəsiz hiss etsin”.
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna üçün təhlükəsizlik təminatlarının, böyük ehtimalla, 7-10 gün ərzində formalaşdırılaraq kağıza köçürüləcəyini deyib: “Bütün bunlar 7-10 gün ərzində hansısa formada kağız üzərində rəsmiləşəcək”.
Zelenski qeyd edib ki, zəmanətlərin üç əsas komponenti var: Ukrayna ordusunun silahlanması, müttəfiqlərin öhdəlikləri və Ukraynanın müdafiə sənayesi kompleksinin inkişafı.
O əlavə edib ki, təminatların necə olacağı, xüsusən də Ukraynaya xarici qoşunların yerləşdirilməsinin daxil olub-olmayacağı barədə danışmaq hələ tezdir: "Söhbət hücum təkrar olunarsa, Ukraynanı qorumaq üçün hansı qüvvələrin çalışacağından gedir. Söhbət 30-a yaxın ölkədən "istəklilərin koalisiyası"ndan gedir. Biz başa düşəcəyik ki, bu ölkələrdən hansı real bir şey təklif edə bilər”.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ