İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna siyasi xəritədən silinə bilər” iddiasına reaksiyalar

Siyasi ekspert: “Qərb ölkələri Kiyevə yardımları artırmasa, Putinin dediyinin reallaşması baş verə bilər”

Ukraynanın dövlətçiliyi tezliklə sual altında qalacaq. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib. Putinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuzluğa düçar olub və belə davam edərsə, tezliklə Ukraynanın dövlətçiliyi sual altında qalacaq.

Prezident Putin Kiyevin danışıqlardan imtina etməsini tənqid edib. O qeyd edib ki, əgər Ukrayna hakimiyyəti düzgün qərar versəydi, hər şey çoxdan bitərdi.

ABŞ-ın isə Ukraynaya hərbi yardımı dayanıb. Bu barədə məlumatı ötən həftə Ağ Evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlayıb. Hərbi yardımın bərpa etdirilib-etdirilməyəcəyi yaxın vaxtlarda bəlli olacaq. 

Ukrayna ilə bağlı vəziyyətin yaxşı olmadığını NATO baş katibi Stoltenberq də iki gün öncə Davos Forumunda çıxışında deyib. O, Ukrayna döyüş meydanında vəziyyətin olduqca çətin olduğunu bəyan edib: “Ruslar indi bir çox cəbhədə həmlə edirlər. Və təbii ki, ukraynalıların keçən yay başlatdıqları böyük hücum hamının ümid etdiyi nəticəni vermədi və biz indi Rusiyanın necə qüvvələrini topladığını, İrandan dronları necə aldığını və İranın köməyi ilə Tatarıstanda öz dronlarını istehsal etmək üçün dron zavodunu qurduğunu, Şimali Koreyadan döyüş sursatı və ballistik raketlər aldığını görürük. Onlar həmçinin itkilərə qarşı yüksək dözümlülük nümayiş etdirirlər. Beləliklə, Rusiya bütövlükdə geri həmlə edir və bu, ciddi məsələdir. Biz Rusiyanı heç vaxt zəif qiymətləndirməməliyik. Mən inanıram ki, NATO müttəfiqləri Ukraynaya dəstək verməyə davam edəcək. Ukraynaya dəstək vermək xeyriyyə işi deyil, bu, bizim öz təhlükəsizliyimizə sərmayə qoymaq deməkdir. Biz Ukraynanın yanında olmağa davam etməliyik. Müəyyən bir mərhələdə Rusiya başa düşəcək ki, o, ağır bədəl ödəyir və ədalətli sülh üçün masaya oturacaq”.

Bəs prezident Vladimir Putin reallığı və gözlənilənləri dilə gətirib, yoxsa sadəcə, Ukraynanı qorxutmaq, Ukrayna ordusunda və xalqında ruh düşkünlüyü yaranması üçün verilmiş açıqlamalardır?

Putin bu açıqlamanı verdiyi gün NATO baş katibi Yens Stoltenberq də Ukrayna cəbhəsi haqda pessimist açıqlamalar verib. Bu, artıq Ukraynanın məğlubiyyətə tərk edilməsi prosesidirmi?

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

 Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, 2022-ci ildə fevral ayından avqust ayına qədər 200 min kvadrat kilometr Ukrayna ərazisini işğal eləmişdi. Avqust ayında əks-hücuma keçən Ukrayna ordusu noyabr ayına qədər 78 min kvadrat kilometrə qədər ərazini işğaldan azad elədi. Yəni işğal altında olan ərazinin 39 faizi azad olundu. İndi təqribən 120 min kvadrat kilometr ərazi Rusiya işğalı altındadır. Çox təəssüf ki, 2023-cü ilin əks-hücum kampaniyası uğursuz oldu və Ukrayna demək olar ki, işğal altında olan torpaqlarının təqribən 0,3 faizinə qədər hissəsini azad eləyə bildi. Bu da son dərəcə kiçik göstəricidir: “Baxmayaraq ki, keçən il və ondan öncəki il ABŞ və onun müttəfiqləri Ukraynaya kifayət qədər yüksək səviyyədə yardım etmişdilər. Təkcə ABŞ-ın hərbi yardımı 43 milyard dollardan artıq olmuşdu. Onun Avropadakı müttəfiqləri də ciddi yardımlar göstərmişdilər. Ancaq irəliləmək mümkün olmadı. İkinci əks-hücum kampaniyası uğursuz başa çatdı. İndi ABŞ rəsmiləri bəyan edirlər ki, Ukraynaya yardımlar olacaq, amma əvvəlki qədər olmayacaq. Eyni mövqeni bir sıra Avropa dövlətləri də nümayiş elətdirirlər. Üstəlik, ciddi problemlər yaranıb. Amerika hökumətinin yardımını Konqresdən keçirmək mümkün olmayıb. Hiss olunur ki, ya yardım kifayət qədər azalacaq, ya da Respublikaçılar Partiyası yardımı ləngitmək üçün əllərindən gələni edəcəklər. Artıq Ukraynaya yardım ABŞ-da prezident seçkilərinin mühüm elementinə çevrilib. Seçkiqabağı kampaniyada respublikaçılar bundan istifadə eləməyə çalışırlar. İstifadə eləmək üçün də mütləq Ukrayna uğur qazanmamalıdır ki, Co Baydeni günahlandırmaq mümkün olsun. Bu vəziyyətdə təbiidir ki, ümidsiz bəyanatlar verilir. Keçən ilin noyabrında NATO baş katibi Stoltenberq Almaniya telekanalına bəyan eləmişdi ki, Ukraynada vəziyyət kritikdir və biz özümüzü pis xəbərlərə hazırlamalıyıq. Bir neçə gün öncə Davosda da kifayət qədər ümidsiz çıxış elədi. Vladimir Putin də bu gedişatı müşahidə edir və hesab edir ki, belə davam eləyəcəyi halda Ukrayna dövlətini tamamilə çökdürə bilər. Ona görə də məlum açıqlamanı verir”.

Ekspert hesab edir ki, əgər Ukraynaya ciddi yardımlar olmasa, Rusiyanın Ukrayna müharibəsində istədiyinə nail olması mümkündür. Yardımlar artmalıdır, ciddi yardımlar olmalıdır: “Qərb ölkələri Ukraynaya yardımları artırmasa, Putinin dediyinin reallaşması baş verə bilər. Ukraynaya yardımlar artırılmasa, Ukraynanı çox böyük uğursuzluq gözləyir. Bu da Qərb üçün, Avropa dövlətləri üçün, eləcə də postsovet məkanı üçün ciddi problemlər yaradacaq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR