İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna savaşını biabırçı sonluqla bitirmək istəyirlər

 

Bu, təkcə Ukraynanın bölüşdürülməsi deyil, təhqir edilməsi səhnəsidir, aşağılamaq prosesidir...  

Ukrayna müharibəsinin başlamasının 3-cü ilinin tamamında bu cür rəng alması bir qədər də gözlənilməz oldu. Müharibənin bəlli iki rəngi var-qırmızı və qara. Fəqət indi baş verənlər elə bir rəngə dönüşmüş ki, ad tapmaq da çətindir. Ölkənin ələ keçirilmiş əraziləri, qaçqın düşmüş bir neçə milyon əhali, cəbhədə minlərlə insanın həlak olması qalıb bir kənarda, kürsü davası, pul davası, qiymətli metallar davası gedir. 

Bütün müharibələr nə vaxtsa qurtarır, kapitulyasiya ilə, itkilərlə, güzəştlə... Amma Ukrayna savaşını biabırçı sonluqla bitirmək istəyirlər. Ukraynanın bu savaşda indiki Rusiyaya qarşı heç bir şansı yox idi, bu savaşa girməmək lazım idi, bu, Zelenskinin ən böyük cinayətidir, bunu 3 ildir yazıram. Zelenski Putinə qarşı Qərbin zopası olmağa razılaşmaqla xalqına böyük pislik, Ukraynanı isə bədbəxt edib. Putin qədər o da bu müharibədə suçludur. Amma mən belə, bu cür miskin sonluq düşünməmişdim, bu Ukraynaya bir kapitulyasiya təklifi deyil, sındırmaq da deyil, ölkəyə. xalqa cəza kəsməkdir. 

Sonuncu dəfə Almaniyanı bu cür cəzalandırmışdılar- iki dövlətə bölməklə. Bu, Ukraynanın təkcə bölüşdürülməsi deyil, təhqir edilməsi səhnəsidir, aşağılamaq prosesidir.  

11684843.jpeg (151 KB)

Sabiq ingilis baş nazir Boris Conson müharibənin ilk aylarında demişdi ki, sonuncu ukraynalıya qədər vuruşmaq lazım gələcək. Ukrayna xalqının işğala qarşı üç illik dirənişinə qətiyyən kölgə salmadan həqiqəti də demək lazımdır. Bu müharibə hələ də onların ərazisində gedir, ölən də, itən də, qaçqın düşən də əsasən ukraynalıdır. Amma daha heç kimə sirr deyil ki,  bu, böyük mənada Ukraynanın müharibəsi deyildi. 

2022-ci il 1 yanvar statistikasına görə, Ukraynanın əhalisi 41 milyon 130,4 min nəfər olub. Müharibə isə Ukraynaya əsl demoqrafik fəlakət yaşadıb. Bunun əsas səbəbi isə təkcə hərbi itkilər deyil,  ukraynalı qaçqınlardır. Onların rəsmi sayı təxminən 8,3 milyon nəfərdir. Aİ ölkələrində isə bəzi ukraynalı qaçqınlar qeydiyyatsız yaşayırlar. Ukraynanın bu müharibədəki taleyi həll olunub, möcüzə belə itirilən torpaqları geri gətirməz. Ukraynalılar da qayıtmayacaqlar. Məğlub və hələ sonu bilinməyən bir ölkəyə kim və niyə qayıtsın ki?           

4e125e434d7142081b0b03e8a563d62c.png (1.81 MB)

 Zelenskinin bu məğlubiyyətə görə məsuliyyəti var, ona heç rəğbətim olmadı,  amma onun belə bu cür aşağılanması adama toxunur. Söhbət ABŞ prezidenti Trampın Zelenskiyə komediyaçı deməsindən getmir, adamın peşəsi bu idi. Diktator adlandırması da şişirtmədir, Zelenski diktator deyil, bu ad ona qətiyyən yapışmır. ABŞ dövlət katibi isə son olaraq Zelenskini yalançı adlandırıb. Sən demə, qiymətli metallar olan torpaqlarla bağlı razılaşmanı imzalamayıb, deyib ki, bunu gərək  parlament təsdiq etsin. Amma sonra açıqlama verib ki, ümumiyyətlə amerikalılarla söhbətdə bu razılaşmadan imtina edib. Zelenski diktator olsaydı, heç parlamentin qərarının vacibliyi haqda danışmazdı, diktatorlar belə olmur. İkinci bir tərəfdən, dərdiniz elə qiymətli metallar olan torpaqlar idisə, onu savaş çıxarmadan istəyə, müqavilə bağlayıb sonra da sümürüb aparmaq olardı. İstənilən torpağın ən böyük sərvəti insanlardır. Onlar olmayacaqsa, onların ayağının altındakı torpaqdan soxulcan kimi nə yığıb aparsanız, çətin ki, xeyrini görəsiniz. Afrika sümürgəni Makron kimi bir gün arxanıza təpik vuran tapılacaq...   

6afe363d87194c60533148a36eaa0288.jpg (182 KB)

Avropa Birliyinin liderləri Kiyevə getməyə qərar verdi.  Elə bilirsiz, bu lotular müharibənin nə ilə nəticələnəciyini bilmirdilər? Bilirdilər. Bilirdilər ki, Ukraynanın bu müharibədə qələbəsi mümkün olmayacaq. Rusiya Kiyevdə parad etməyəcək, amma Ukraynanın böyük və zəngin  hissəsini necəsə, qoparacaq.  Ukraynaya da Qərb patronları deyəcəklər ki,  “döyüşməyə gücünüz varsa, yenə pul və silah verəkmi? Yoxdursa, gedin razılaşın”. Amerika isə indi deyir ki, heç siz oturmayın, mən sizin əvəzdən istədiyim qərar verəcəyəm...    

Nazim SABİROĞLU, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR