Onlayn ictimai-siyasi qəzet
Belçikanın Baş naziri Bart De Wever deyir: “Əgər sən (danışıqlar) masası arxasında deyilsənsə, deməli, səni menyuya daxil ediblər”.
Musavat.com xəbər verir ki, son dərəcə nüfuzlu “politico.eu” saytı belə yazır.
“The EU is doing exactly what Trump wants. He still doesn’t care” (Avropa İttifaqı (Aİ) Trampın istədiyini edir. Onun heç vecinə də deyil) adlı məqalədə TIM ROSS yazır ki, Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirmək üçün Ukraynanı Vladimir Putinə şam yeməyi kimi təklif edir. O da mümkündür ki, D.Tarmp Aİ-ni də Rusiya prezidentinin qarşısına desert kimi qoysun.
Ona görə də Aİ liderləri güclü adamın ziyafətini pozmağa çalışırlar.
Məqalədə qeyd olunur ki, D.Tramp Aİ-yə belə demişdi: “Əgər (mən deyən pulu) ödəməsələr, mən (ABŞ) onları müdafiə etməyəcəyəm”.
Söhbət ondan gedir ki, D.Tramp hər bir NATO ölkəsinin Ümumi daxili məhsulun 5 faizi həcmində hərbi xərclərə pul ayırmasını tələb edirdi. Aİ bu tələbə məhəl qoymurdu. 2, uzağı 3 faizlə bu işi bitirmək istəyirdilər. İndi isə Aİ menyuda yox, məhz masa arxasında yer almaq üçün 800 milyard avrodan keçməyə hazırdır. Avropa Komissiyasının Prezidenti Ursula fonder Layen bildirib ki, Avropanın yenidən silahlanmasına 650 milyard, Ukraynaya isə 150 milyard avro ayrılacaq. Faktiki olaraq Aİ Amerika prezidentinin göstərişini yerinə yetirir.
Sayt yazır ki, Aİ rəhbərliyi martın 21-22-də Brüsseldə yenidən bir araya gələcəklər. Detalları üzərində iş gedən Aİ-nin müdafiə planı güclü və təhlükəsiz Avropanı yeni bir simada ortaya çıxaracaq.
Hazırda Aİ “Ukraynasız Ukrayna üzrə danışıqlar aparıla bilməz”, “Avropanın iştirakı olmadan Avropanın təhlükəsizliyinə təsir edən heç bir danışıqlar ola bilməz”, deyərək öz mövqeyini ortaya qoyur. Aİ-nin D.Trampa vermək istədiyi əsas mesaj budur ki, Ukraynanın, Avropanın, transatlantik və qlobal təhlükəsizlik bir-birinə bağlıdır.
“Politico.eu” saytı yazır ki, Aİ-nin ən yüksək ranqlı diplomatlarından olan xanım Kaja Kallas bu mesajı şəxsən çatdırmaq üçün Vaşinqtona getmişdi. Ancaq ABŞ-ın dövlət katibi Marco Rubio onu qəbul etmədi.
Bu arada isə cənab Zelenski ABŞ-la sülh planını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına gedəcəyini bildirib. D.Trampın özü də Ər-Riyada uçacaq. O deyir ki, Ukraynanın indi razılaşma əldə etmək istədiyinə inanır.
Aİ-yə bağlı olan sayt yazır ki, Aİ-nin Səudiyyədə keçiriləcək tədbirə dəvət olunma şansı faktiki olaraq yoxdur.
Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməklə vəziyyətdən çıxmağa çalışırlar. Britaniyanın Baş naziri deyib ki, 20-yə yaxın ölkə Avropanın Ukraynaya göndərəcəyi sülhməramlı missiyasına qoşulmaq fikrindədir.
Sayt qeyd edir ki, Aİ-da Macarıstanın tutduğu mövqe ölkələrin ortaq məxrəcə gəlməsinə əngəl yaradır.
Məqalənin sonunda isə deyilir ki, Aİ-nin ən yüksək ranqlı diplomatı Kaja Kallasın Marco Rubio tərəfindən qəbul olunmaması ciddi suallar yaradır. Məsələn, ümumiyyətlə, D.Tramp Aİ-yə kömək edəcəkmi, kimi bir suala hələki birmənalı cavab yoxdur.
https://www.politico.eu/article/european-council-summit-donald-trump-war-in-ukraine-peace-talks/
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ