Ukrayna Qərbin şərəfini xilas edir - Ramiz Yunusun sensasion yazısı
ABŞ prezidentinin Ukrayna prezidenti və onunla birlikdə gələn – NATO baş katibi və aparıcı Avropa ölkələrinin liderlərindən ibarət dəstək qrupu ilə görüşü həm üstünlüklərə, həm də mənfi cəhətlərə malikdir.
Əvvəlcə üstünlüklərdən danışaq. Bu, şübhəsiz ki, prezident Zelenskinin böyük diplomatik uğurudur. Çünki həm Rusiyanın, həm də onun Qərbdəki tərəfdarlarının bütün səylərinə baxmayaraq, o, öz inadkarlığı və əyilməzliyi ilə Qərbin əsas liderlərini bir masanın arxasında, özü də elə Ağ Evdə toplaya bildi. Bununla da Ukraynanın arxasında yeni bir “Münxen”in imzalanması imkanını tamamilə aradan qaldırdı.
İndi isə mənfi cəhətlərə keçək. Ağ Evdə masanın arxasında toplaşan bu azad dünyanın – özlərini belə adlandıran liderləri – 60 trilyon dollardan çox ÜDM-i olan ölkələrin rəhbərləridir və onlar cəmi 2 trilyon dollarlıq ÜDM-i olan bir aqressorla bağlı problemi əzabla müzakirə edirlər. Qaldı ki, onların ABŞ prezidentilə münasibətdə necə ehtiyatlı davranmalarına, Ukraynaya dəstək məsələsində Amerikanın qeyri-səmimi mövqeyinə toxunarkən; yaxud Rusiyanın Ukraynaya qarşı illərlə davam edən genişmiqyaslı təcavüzü dövründə göstərdikləri dişsiz mövqeyə işarə edərkən sözlərini necə seçmələrinə…
Bəs beynəlxalq hüquq, suverenlik, ərazi bütövlüyü harada qaldı? Bəs o dəyərlər ki, postsovet məkanında, o cümlədən Ukrayna xalqı kommunist Sovet sisteminə qarşı barikadalara qalxdı – onlar nədən ötrü idi? Məgər anlamırsınız ki, aqressordan qorxmaqla və onu yola gətirmə siyasəti ilə siz bir vaxtlar sizə inanmış bütün postsovet xalqlarını – və yalnız onları deyil – satırsınız?
Təəssüf ki, bu gün Ağ Evdə masa arxasında oturan Qərb liderləri arasında Uinston Çörçill miqyaslı siyasi xadim yox idi. Bu missiyanı öz üzərinə məhz prezident Zelenski götürdü. O, 3,5 ildən sonra nəhayət ki, onları birlikdə Ağ Evdə toplamağa nail oldu və bu gün məhz Ukrayna prezidenti açıq şəkildə Qərbin şərəfini xilas edir. Mən çox ümid edirəm ki, ABŞ prezidenti və Avropa liderləri bu imkanı əldən verməyəcəklər. Çünki Avropa İttifaqı və NATO-nun gələcəyi bu gün Ukraynada həll olunur. Böyük Şekspirin dediyi kimi: “Kimdə qətiyyətli iradə çatışmırsa, onda ağıl da çatışmır.”

Ramiz Yunus
Xəzər Universitetinin professoru
ŞƏRHLƏRŞƏRH YAZ