İnsanlara hürriyət, millətlərə istiqlal!

Üçüncü savaş-Azərbaycan ilk həmləsini edib

Ölkəmiz Ermənistana qarşı minlərlə səhifəlik dəlillərə əsaslanan əsas iddiasını Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib

Ermənistan rəhbərliyi və erməni lobbisi Azərbaycana qarşı “təzminat tələbi” irəli sürmək istəyirlər. Təsadüfi deyil ki, Nikol Paşinyan da çıxışlarında bir neçə dəfə “qarabağlı ermənilərin məruz qaldıqları köç, məcburi yerdəyişmə və etnik təmizləmələrlə bağlı Azərbaycandan təzminat tələb etmək hüquqları var” deyib.

Müşahidələrə görə, ermənilər güclü hüquq büroları ilə məsləhətləşmələrdən sonra o qərara gəliblər ki, Azərbaycana qarşı təzminat davası açarlarsa, bunun perspektivi ola bilər.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, Azərbaycan yanvar aynın 23-də Ermənistana qarşı minlərlə səhifəlik dəlillərə əsaslanan əsas iddiasını Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.  “Qeyd edim ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətlər hər hansı bir təsadüfi, xaotik şəraitdə törədilmiş qanunsuz əməllər deyil, məhz etnik nifrət və on illiklər ərzində Ermənistanda geniş təbliğ edilmiş "tseğakronizm" radikal milliyyətçi ideoloji xəttə əsaslanıb və ondan ruhlanıb. Bizim dövlətlərarası iddia da məhz bunu göstərir", - deyə E.Məmmədov bildirib.

Nazir müavini deyib ki, dövlətlərarası şikayətlərin beynəlxalq məhkəmələrdə baxılma, xüsusiyyətini nəzərə alaraq, bu əsas iddiaya növbəti illər ərzində baxılacaq.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov erməni tərəfin Azərbaycana vurduğu maddi zərəri son qəpiyinə qədər ödəyəcəyini bildirdi: “Azərbaycan Respublikası Konstitusiyasının 10-cu maddəsi ilə təsbit olunub ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Eyni zamanda biz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi dövlətimizin altı ali niyyətindən biri kimi müəyyən etmişik. Məhz ümumbəşəri dəyərlər prizmasından baxsaq, İkinci Qarabağ müharibəsində işğala son qoyulması beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü prinsipi, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin təsis olunması ilə ərazi bütövlüyümüz və sentyabrın 19-da bütün ərazilərimizdə konstitusiya quruluşunun tam bərpa edilməsi isə dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinin şərtlərinin yerinə yetirilməsi demək idi. Bununla cənab İlham Əliyev əslində beynəlxalq hüququn tələblərinin aliliyini təmin etmiş oldu və dəyişən reallığı qəbul etməyən, yaxud etmək istəməyən elə birbaşa formada beynəlxalq hüququ və BMT-nin məqsədlərini inkar etmiş olur.

Lakin bildiyiniz kimi, işğala, təcavüzə son qoyulsa da, 30 il davam edən prosesin nəticələrinin aradan qaldırılması sadə məsələ deyil. Bu gün yeni reallıqda isə bölgənin dünyanın mina ilə ən çox çirklənmiş regionlarından birinə çevrilməsi Azərbaycan qarşısında əlavə problem kimi dayanır. Sadalanan hər bir punkt üzrə Azərbaycan dövləti məhz beynəlxalq hüququ rəhbər tutaraq təzminat tələb etmək hüququna malikdir və bu hüququmuzdan da istifadə etməkdə israrlıyıq. Artıq bu istiqamətdə ciddi işlər başlanıb və Ermənistan 30 illik işğal dönəmində Azərbaycan dövlətinə və vətəndaşlarına vurulan zərəri son qəpiyinə qədər ödəməli olacaq. Ermənistan bunu arzu edir, ya etmir, habelə, ödəmək qabiliyyətindədir ya deyil, yaxud niyyətində səmimidir ya deyil, bu bizim üçün maraqlı deyil. Necə ki, işğala, təcavüzə son qoyulmasına öz imkanlarımızla nail olduq, eyni güc və imkan bizə Ermənistandan haqqımız olanı almağa kafidir. Ermənistan da bunu yaxşı başa düşür və əks arqumentlər hazırlamaqla Azərbaycanın qarşısına “hazırlıqlı” çıxmaq istəyir. Bu prosesdə İrəvan, xüsusən “Qarabağdan köçmüş ermənilər” amilindən istifadə etmək niyyətindədir. Lakin unudulmamalıdır ki, Qarabağda qanuni əsaslarla yaşayan ermənilərin köçürülməsi Azərbaycanın yox, elə Ermənistanın özünün ideyasıdır. Habelə Azərbaycan Ermənistan kimi etnik təmizləmədə maraqlı olsaydı, Qarabağ erməniləri komfort içində, bütün var-dövlətini, hətta 30 il əvvəl azərbaycanlı qonşularından da taladıqlarını rahatca çıxara bilməzdi, biz də onlarla 1992-1993-cü illərdə Xocalıda, Kəlbəcərdə, Zəngilanda azərbaycanlılarla ermənilərin rəftar etdiyi kimi davranardıq. Amma bu gün Qarabağda da, Azərbaycanın digər bölgələrində də ermənilər yaşamaqdadır və heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Bu mənada İrəvanın kompensasiya tələbləri heç bir siyasi-hüquqi və mənəvi əhəmiyyət kəsb etmir. Bu iddiaları nəzərdən keçirəcək məhkəmə, araşdırmalara 30 illik işğal, 700 mindən artıq məcburi köçkün və 300 mindən artıq qərbi azərbaycanlının təməl haqlarından, dəymiş və bərpası mümkün olmayan zərərlərdən başlamalıdır".

Azərbaycan öz mövqeyindən heç vaxt geri çəkilməyəcək - Əziz Əlibəyli (ÖZƏL)  - Turkic World

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Roma Statutunun Azərbaycanı bu məsələdə tam haqlı çıxardığını qeyd etdi: “Təzminat (təzminat) beynəlxalq hüququn həm klassik, həm də çox müasir mövzularına aiddir. İndi Azərbaycan mülki əhalisinin zərər çəkməsinə görə Ermənistana qarşı çoxsaylı iddialarla iş qaldırmağa davam edir və sübutlara görə də haqlıdır.

Ayrıca, hazırda Qarabağdan könüllü gedən ermənilərə görə Azərbaycana qarşı iddia qaldırmağa çalışan Ermənistana yönəlik Bakıda təcridxanada olan müharibə cinayətləri törətmiş Araik Arutyunyan və digər rejim təmsilçiləri eyni zamanda Ermənistan pasportu daşıyan cinayətkarlardır. Hazırda klassik aspekt dövlətlərin beynəlxalq hüquqa zidd hərəkətlərə görə məsuliyyətinin məzmununu təşkil edən reparasiya öhdəliyinin iki əsas forması kimi bərpa və kompensasiyaya aiddir. Mövzunun müasir ölçüsü fərdlərin və müxtəlif qeyri-dövlət subyektlərinin təzminat almaq hüququnu ifadə edir. Beynəlmiləlçi doktrina yalnız bu aspekti təhlil edir. Bununla belə, beynəlxalq hüququn dinamik xarakterini nəzərə almaq lazımdır. Bu hüquqdakı son inkişaf, görünür, fərdlərin təzminat almaq üçün birbaşa yolunu  açır. Fərdi iddiaların sayı artsa da, diplomatik müdafiəyə əsaslanan dövlətlərarası mübahisələrə daha az rast gəlinir. Beynəlxalq mübahisələrin fərdiləşdirilməsi və depolitizasiyası əsasən insan hüquqlarının beynəlxalq hüququnda və beynəlxalq investisiya hüququnda baş verən müsbət tendensiya kimi qəbul edilir. Hətta beynəlxalq cinayət hüququndakı son inkişaflar, xüsusən də Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasından sonra bu tendensiyaya öz töhfəsini verib. Bu, təkcə cinayətləri törədənləri cəzalandırmaq deyil, həm də bu cür cinayətlərin qurbanlarına kompensasiya və reabilitasiya formalarında zərərin ödənilməsi məqsədi daşıyır. Beynəlxalq humanitar hüquq sahəsində inkişaf daha az müəyyəndir, çünki əksər dövlətlər silahlı münaqişələr zamanı silahlı qüvvələrinin hərəkətləri nəticəsində zərər çəkmiş şəxslərə kompensasiya vermək istəmədiklərini nümayiş etdirirlər.

Amma artıq dövləti təmsil edən şəxslər üzərindən Ermənistan tərəfi işğal dövründə Ermənistan-Azərbaycan torpaqlarında milli-mədəni irsi talayıb və məhv edib (culturcide), şəhərləri (urbicide) və digər yaşayış məntəqələrini dağıdıb və bölgəyə ağır ekoloji ziyan (ecocide) vurub. Azərbaycan torpaqlarında yüzminlərlə minalar, partlayıcı maddələr basdırılıb.

Ermənistan münaqişə dövründə Azərbaycana qarşı törətdiyi çoxsaylı müharibə cinayətlərinə, kütləvi qırğın və soyqırımı aktlarına, terrorçuluq fəaliyyətinə, vandalizmə görə hüquqi müstəvidə məsuliyyətdən yayına bilməyəcək, Azərbaycana vurduğu böyük sosial-iqtisadi zərərə görə kompensasiya ödəməyə məcbur ediləcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR