İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç qəpiklik ömür

Aran bölgəsində seyid azyaşlını qaçırıb, sonra da boğub öldürərək Kür çayına atmışdır. Qızın atası intervü verib, deyir, övladımı qaçıranda (oxu: adam oğurluğu) getdim gətirməyə, qoymadılar. Arqument nə imiş? “Biz ağır seyidik”. Həmin ağırlıq azyaşlı qızı çayda batırmağa bəs edibdir.

Ancaq indi necə olacaq? Axı seyidi tutublar. Məntiqlə, rayon polis idarəsinin təcridxanası alışıb yanmalıdır. O cümlədən bu hadisə haqda reportaj qayıran jurnalistlərin mikrofonu əriyib tökülməlidir. Mən özüm qorxa-qorxa yazıram. Hər an əlim quruya bilər.

Soruşa bilərsiniz ki, 21-ci əsrdə bu cahil toplumu kim yetişdiribdir? Soruşun da bə. Siz soruşmaqda olun. Mən niyə cavab verməliyəm? Gedin bu sualları eks təhsil naziri Misir müəllimə verin. Ya da Qafqaz Müsəlmanları İdarəsinə. Ən aşağısı rayon ağsaqqallar şurasının sədrinə.

Yeri gəlmişkən, ağır seyidin azyaşlı qızı boğmaladığı rayonun qonşuluğunda, nəhayət, SSRİ-nin bərpası baş tutmayacaqdır: deyirlər, orada təzə ağsaqqal seçiblər. Bunun ictimai-siyasi savadı, qanacağı daha zənginmiş, həm də ismi-şərifi Ramizdir. Ramiz Mehdiyev irsinin layiqli davamçısıdır.

Heç siz Ramiz müəllimin belə temalarda quş buraxdığını görmüşdünüzmü? Yox. Adam Azərbaycan SSR KP MK-da ideologiya şöbəsinin müdiri olmağını bir dəfə də yada salmazdı. Əvəzində Şah İsmayıl Xətai haqda məqalələr toplusu buraxırdı. Necə də hazırda yeri görünür... İndi bizə Çaldıran döyüşünün sxemini cızardı. Çoxdandır telekanalizasiyaları tənqid atəşinə tutan da yoxdur. Nırç, nırç, nırç...

Bəli, rayon Ağsaqqal İdarəsinə müdir qoyulan Ramiz müəllim uzun illər İmişlidə təhsil şöbəsinin müdiri işləmişdir. Tapın görüm, kimin vaxtında? Əlbəttə, keçmiş icra başçısı, hazırda türmədə “Verim (pulu) çıxım, ya qalım, budur əsas məsələ” dilemması ilə üzləşən Vilyam Hacıyevin epoxasında. Gözəl kadrdır. Necə deyərlər, hər evə lazım... İnşallah, gələn il 9 mayda müharibə abidəsi ancaq xarı-bülbüllə bəzədiləcəkdir. Bir də, ola bilsin, yan tərəfdən İdris Bitlisinin portreti asılsın. Dünyanın işini kim bilir... Mən özüm 1986-cı ildə döşümdə Leninin nişanı, boğazımda qırmızı qalstuk məktəbə gedirdim, cəmi 3 il sonra isə meydanlara çıxıb “İstefa” qışqırırdım. Daha 4-5 il keçdi, “İ-sa bəy!” qışqırırdıq. İndi heç səsim çıxmır, tam nirvana vəziyyətindəyəm. Yeganə narahatlığım Çin kommunistlərinin 11-ci  Pançen-Lama Gedun Çokya Nyima-nı oğurlamasına görədir, inşallah, bu da düzələcək. Şair demişkən, bu da gələr, bu da keçər, ağlama.  

Sonda Budda müəllimdən bir pritça. Deyir, bir gün ustad çayın qırağında durub qayıq gözləyirmiş ki, qarşı sahilə keçsin. Bu vaxt bir yoq gəlir, çayın üzərində gəzişir, sonra üzünü Buddaya tutur: “Bəs sən suyun üstündə yeriyə bilərsənmi?” Budda soruşur: “Bu bacarığı əldə etmək üçün sənə nə qədər vaxt lazım olub?” Yoq deyir: “Demək olar, bütün ömrümü buna sərf etmişəm. İllərdir zahid kimi yaşamışam, ayinlər icra etmişəm”. Elə bu zaman qayıqçı yaxınlaşır, Budda ona deyir: “Sən bizi qarşı sahilə aparmaq üçün nə qədər pul istəyirsən?” Qayıqçı deyir: “Üç qəpik”. Budda yoqa dönür: “Bax, sənin bütün ömrün də üç qəpiklikdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR