Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan parlamentinin deputatı Ərdək Nəzərov qanunverici orqanın plenar iclasında Türküstan şəhərində spirtli içkilərə qadağa qoyulmasını təklif edib.
Musavat.com 24kg saytına istinadla xəbər verir ki, bu təklif parlamendə “Türküstan şəhərinin xüsusi statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı səslənib.
“Türküstanda içki içməyi, içki satmağı, sərxoş halda küçələrdə gəzməyi qadağan etsəydik... Axı Türküstan mənəvi paytaxtdır, bütün qazaxlar mənəviyyatı buradan götürməlidir. Burada əcdadlarımız, övliyalarımız, bəylərimiz dəfn olunub. Sabah xaricdən bura çoxlu qonaq gələcək, bizimkilər onları sərxoş halda qarşılasa, ayıb olar. Ona görə də bu qanun çərçivəsində Türküstanı içkisiz şəhər, mənəviyyat şəhəri elan etmək, spirtli içkiləri yasaqlamaq olarmı?”. – Nəzərov sual qoyub.
Türküstan vilayətinin icra hakimiyyəti başçısının müavini Beysenbay Tajibayev cavab verib ki, rayon artıq “Spirtsiz kənd” layihəsini həyata keçirib.
“İndi digər bölgələr də bu təşəbbüsə qoşulur və dəstək verir. Müxtəlif formatlarda müzakirələr də aparılıb. Təbii ki, bu məsələ ilə bağlı çoxlu fikirlər yaranır. Bu sual aktual və məqsədəuyğundur. Buna qanunvericilik normaları çərçivəsində baxılacaq”, - deyə vilayət hakimin müavini cavab verib.
Qeyd edək ki, Türküstan şəhəri dahi mütəfəkkir və şair Əhməd Yasəvinin dəfn olunduğu şəhərdir. Bu şəhərdə onun vaxtilə Əmir Teymur tərəfindən inşa edilmiş, müasir doqquzmərtəbə binalar boyda məqbərəsi var. Bununla yanaşı, Türküstan çxolu müasir restoranlar, karaoke barları, lüks otelləri olan və hər gün genişlənən, dünyanın hər tərəfindən turist cəlb edən müasir şəhərdir.
Musavat.com
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ