İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin ən gizli adamlarından biri “yer altından” gün üzünə çıxdı – Gözlər Qarabağda...

“Rəcəb Tayyib Ərdoğanın hökuməti böyük ölçüdə yeniləməsi “Türkiyə yüzilliyi” adlandırdıqları yeni dövr ilə bağlıdır. Birincisi, məsələ əvvəlki hökumətin uğurlu, yaxud uğursuz olması yox, yeni yüzillik adlanan dövrə yeni vizyonla başlamaqdır. İkincisi, yeni kabinetdə təmsil olunan bir neçə açar şəxs bu dövrdə Türkiyənin izləyəcəyi siyasətin də konturlarını açır”. 

Bu fikirləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

asif.jpg (298 KB)

Ekspert bildirib ki, Türkiyənin iqtisadi problemləri var və Ərdoğan yenidən prezident seçiləndən sonra verdiyi açıqlamalarda əsas diqqəti bu problemlərin həlli üzərində quracaqlarını elan etdi:  

“Maliyyə və xəzinə naziri olaraq Məhmət Şimşəyin təyin olunması ilə bu sahədəki problemlərin həlli məqsədi daşıdığına dair fikirlər var. Türkiyə iqtisadiyyatındakı problemlər daxili və xarici səbəblərlə yanaşı, yeni modelə keçid məsələsindən də qaynaqlanırdı. Yeni iqtisadi modeldə istehsala əsaslanan iqtisadiyyatın qurulması hədəflənirdi. Bu, uzunmüddətli və çətin yoldur. Məhmət Şimşək öz strategiyası olan iqtisadçı kimi tanınır və əsasən ortodoks iqtisadi siyasətin, yəni ənənəvi modelin tərəfdarıdır. Fikrimcə, Türkiyə istehsala əsaslanan iqtisadi modeldən imtina etməyəcək, lakin yeni modelə radikal keçidin ağrılarını yaşadığı üçün ənənəvi modelə qayıdaraq, mövcud vəziyyətdən çıxmaq və mərhələli keçid xəttini izləyəcək. Məhmət Şimşək beynəlxalq səviyyədə tanınan iqtisadçıdır və onun nazir postuna gətirilməsinin Türkiyə iqtisadiyyatına müsbət perspektiv vəd etdiyi gözləntisi var”. 

Siyasi şərhçi qeyd edib ki, yeni hökumətdə Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın xarici işlər naziri postuna gətirilməsi də ən çox müzakirə edilən məsələlərdən oldu:  

“Ərdoğanın “sirr küpü” adlandırdığı Hakan Fidan Türkiyənin ən gizli adamlarından biri olaraq tanınır və xarici siyasətin dizayn edilməsində mühüm rolu olub. Rusiyadan ABŞ-a, Pakistandan Yaxın Şərqə qədər uzanan coğrafiyada bir çox məsələdə həlledici rol oynayıb. Onun xarici işlər naziri təyin edilməsi Türkiyənin regional güc rolunu daha da möhkəmləndirmək və qlobal proseslərdə təsiredici oyunçuya çevrilmək hədəfinə xidmət edir. Türkiyənin xarici siyasətdə daha da aktivləşəcəyini görəcəyik. Xüsusilə Rusiya-Ukrayna müharibəsində, Suriya ilə problemlərin həllində, Misirlə münasibətlərin düzəlməsində və digər bu kimi prioritet məsələlərdə Türkiyə aktivləşəcək.

fidan 1.jpg (44 KB)

Fikrimcə, Hakan Fidanın xarici işlər naziri kimi fəaliyyətə başlaması, belə demək mümkünsə, “yer altından” gün üzünə çıxması Cənubi Qafqazdakı proseslərə də yön verəcək və perspektivdə bizim bölgədə Rusiya-Türkiyə ikilisinin daha ön plana çıxamasında, Qarabağ məsələsində yarımçıq qalan məsələlərin həll edilməsində təsirli ola bilər”. 

Ekspert vurğulayıb ki, Yaşar Gülərin milli müdafiə naziri təyin edilməsi ənənənin davam etdirilməsidir:

“Hulusi Akar Baş Qərargah rəisi postundan müdafiə naziri postuna gətirilmişdi, Yaşar Gülər də Baş Qərargah rəisi olmuşdu. İndi Yaşar Gülər müdafiə naziri oldu. Gülər orduda böyük nüfuza malikdir və Türkiyə ordusunun son illər keçirdiyi əməliyyatların əsas idarəçilərindən olub. Fikrimcə, Hakan Fidanın xarici işlər, Yaşar Gülərin müdafiə naziri olması Türkiyənin PKK/PYD terror təşkilatlarına qarşı yeni hərbi əməliyyatlarının genişlənəcəyindən də qaynaqlanır. Hətta PKK terrorçularının əsas yuvası olan Qəndilin məhv edilməsi istiqamətində də addımların atılacağı əsas gözləntilərdəndir. Ümumilikdə Türkiyənin yeni yüzillik adlanan dövrdə regional güc amili daha da böyüyəcək və bu, hər şeydən öncə Azərbaycanın maraqları baxımından olduqca əhəmiyyətlidir”.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR