İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə seçki ikinci tura qaldı - kritik daha iki həftə...

Mayın 28-də Türkiyə növbəti ağır imtahan verir: Ərdoğan uduşda! - seçkilər Azərbaycan siyasətçilərinin gözündə...

Mayın 14-də Türkiyədə keçirilən parlament və prezident seçkiləri, nəhayət, başa çatdı. Ərdoğan seçkinin lideri olsa da, hələlik qardaş ölkənin 13-cü Cümhurbaşqanının kimliyinə aydınlıq gəlmədi.

Belə ki, iddiaçılardan hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan 49,51%, müxalifətin vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu 44.88% səs topladılar. Üçüncü, yəni “Ata bloku”nun namizədi Sinan Oğan  isə 5.17% səs yığdı. Türkiyə seçki qanununa görə, yetərsay 50 faizi aşmalıdır. Bununla da Ərdoğan və Kılıçdaroğlu mayın 28-də ikinci dəfə seçki duelində üz-üzə gələcəklər.

Prezident seçkilərində nisbətən uğur qazandığını demək istədiyimiz müxalifət parlamentdə fiasko yaşadı.

İqtidarın ittifaqı-Cümhur İttifaqı  49,35 faiz qazanaraq Böyük Millət Məclisində 322 yer qazanıb.

Beləliklə, Ədalət və İnkişaf Partiyası (AK Parti) 266, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51, Yenidən Rifah Partiyası (YRP) 5 millət vəkili ilə yer alacaq.

35,18 faiz səs toplayan Millət İttifaqının məclisdəki yeri 212 olub.

Türkiyə Böyük Millət Məclisində Cümhuriyyət Xalq Partiyası (CXP) 168, İYİ Partiya isə 44 millət vəkili ilə yer alacaq.

Seçkiyə CXP siyahılarından daxil olan Səadət Partiyası 10, Deva Partiyası 13, Gələcək Partiyası 10, Demokrat Partiyası isə 3 yer qazanıb. Yaşıl Sol Partiyasını (YSP) parlamentdə 62, Türkiyə İşçi Partiyasını (TİP) 4 millət vəkili təmsil edəcək.

Onu da qeyd edək ki, mayın 15-də gecə saatlarında böyük ölçüdə nəticələri məlum olan seçkilərlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

TÜRKİYE SEÇİMLERİ - Hangi parti kaç vekil çıkardı? | Rudaw.net

Dövlətimizin başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib.

Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər.

İran XİN sözçüsü  Nasir Kənani Türkiyədəki seçkilərə münasibət bildirib.

Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, Kənani seçkilərin demokratik keçirildiyini qeyd edib: “Bazar günü keçirilən prezident və parlament seçkilərində Türkiyə xalqının yüksək səviyyədə iştirakı və onun uğurla keçirilməsi bu qonşu müsəlman ölkəsində demokratiyanın qələbəsindən xəbər verir. Xalqı, seçki təşkilatçılarını, liderləri və siyasi partiyaları bu qələbə münasibətilə təbrik edirik və onlara ən xoş aqibət arzulayırıq”.

Türk Dövlətləri Təşkilatı (TDT) da Türkiyədə keçirilən seçkilərlə bağlı bəyanat yayıb.

TDT seçkilərlə əlaqədar 11-14 may tarixlərində Türkiyəyə Beynəlxalq Seçki Müşahidə Missiyası göndərib.

TÜRKPA Seçki Müşahidə Missiyası Türkiyədə - FOTOLAR

Qeyd olunub ki, TDT Beynəlxalq Seçki Müşahidə Missiyası Türkiyə Respublikasında prezident və 28-ci dövr parlament seçkilərinin açıq, şəffaf və rəqabətli olduğunu, Türkiyə Respublikasının milli qanunvericiliyinə və qəbul edilmiş beynəlxalq seçki standartlarına uyğun olduğunu təsdiq edir.

“Missiya uğurlu seçkilər münasibətilə Türkiyə Cümhuriyyətini və qardaş türk xalqını təbrik edir və seçkilərin nəticələrinin ölkənin daha da inkişafına və çiçəklənməsinə töhfə verəcəyinə inandığını bildirir”, - deyə vurğulanıb.

Əlavə olunub ki, missiya ümumilikdə 170 seçki məntəqəsində olub, inzibati orqanların və ya hüquq-mühafizə orqanlarının əməkdaşlarının seçki məntəqələrində işlərə müdaxilə etdiyinə dair heç bir sübut aşkar etməyib. Həmçinin səsvermə günü insanların iradə azadlığını təmin etmək üçün bütün zəruri tədbirlər görülüb. Seçkinin nəticələrinə təsir edə biləcək ciddi texniki problem aşkarlanmayıb.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 14 mayda keçirilən seçkilərdə yüksək fəallıq nümayiş etdirən Türkiyə vətəndaşlarını təbrik ediblər.

APA xəbər verir ki, Aİ liderləri bu seçkilərin demokratiyanın qələbəsi olduğunu vurğulayıblar.

Ursula von der Leyen qeyd edib ki, bu, Türkiyə xalqının seçkiyə getmək, səs vermək kimi demokratik hüququndan istifadə etməkdə qətiyyətli olmasının və demokratik təsisatlara dəyər verməsinin açıq göstəricisidir.

Bu seçkilərdə diqqətçəkən məqamlardan biri də Ərdoğan komandasının 16 iri ranqlı məmurunun millət vəkili seçilmələri olub. Belə ki, vitse-prezident Fuat Oktay və milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, ədliyyə naziri Bekir Bozdağ, ailə və sosial xidmətlər naziri Derya Yanık, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, əmək və sosial müdafiə naziri Vedat Bilgin, enerji və təbii qaynaqlar naziri Fatih Dönmez, gənclər və idman naziri Mehmet Muharrem, xəzinə və maliyyə naziri Nureddin Nebati, milli təhsil naziri Mahmut Özer, sənaye və texnologiya naziri Mustafa Varank, kənd təsərrüfatı naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş və nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu qaliblər sırasında yer alıblar.

Yeri gəlmişkən, qeyd edək ki, mayın 15-də xarici işlər naziri Ceyhun Bayramov və Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə APA -ya XİN-dən bildirilib.

C.Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində cənab Ərdoğanın və hakim partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb. Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub. Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Parlament seçkiləri Türkeş ailəsi üçün uğurlu olub.

Belə ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) mərhum lideri Alparslan Türkeşin oğlu Tuğrul Türkeş və qızı Ayyüce Türkeş də deputat seçilib.

T.Türkeş Ankaradan, A.Türkeş isə Adanadan deputat mandatı qazanmağa müvəffəq olub.

Burada ən çox diqqət çəkən odur ki, T.Türkeş hakim AKP-dən, bacısı A.Türkeş isə İYİ Partiyasından Türkiyə Böyük Millət Məclisinə deputat seçilib.

Bundan başqa, Türkiyənin siyasi tarixində görünməmiş hal yaşanıb. Belə ki, keçmiş nazir, İYİ Partiyanın Yaxın Şərq Siyasətləri Başçısı Səlim Ensarioğlu İstanbuldan, oğlu, İYİ Partiyanın Diyarbəkir üzrə sədri Vecdin Ensarioğlu Diyarbəkirdən, qardaşı oğlu Qalip Ensarioğlu isə AK Partiya Diyarbəkirdən deputat seçilib.

Qardaş ölkədəki seçki prosesi Azərbaycanda da çox yaxından izlənildi.

Tanınmış simalar seçki barədə fikirlərini bölüşüblər.

“Türkiyədəki seçkilər dünya, xüsusilə Azərbaycan üçün önəmlidir. Türkiyənin dünyada və regionda siyasi, iqtisadi, hərbi təsir imkanları artıb, Azərbaycanın ən yaxın müttəfiqi, qardaş ölkədir”.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

 Tural Abbaslı 

Bu fikirləri AĞ Partiya sədri Tural Abbaslı səsləndirib. O bildirib ki, proses ABŞ və Avropa ölkələrinin diqqətindədir, çünki onlar güclənən, yeni oyunçu istəmirlər.

T.Abbaslı qeyd edib ki, bu səbəbə görə onlar müxalifəti dəstəkləyiblər: “AKP-nin həm parlamentdə qalib gəlməsi, həm də Cümhur İttifaqının rəhbərinin qalib gəlməsi önəmli idi, çünki Qarabağ məsələsi hələ də tam həllini tapmayıb. Bu prosesdə Türkiyənin dəstəyinə ehtiyac var. Azərbaycanlıların əksəriyyəti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirdi. Seçkilərin demokratik, şəffaf və ədalətli keçməsi nəticələrdən bəllidir. İqtidar partiyası bu qədər riskli səslər əldə edirsə, bu, demokratik seçkidən xəbər verir. Kimsə seçkilərin demokratikliyinə şübhə edə bilməz. Bu da Türkiyənin uğurudur. Düşünürəm ki, Sinan Oğana verilən səslərin əksəriyyəti Ərdoğana gedəcək. Tərəddüd edən seçicilər, hər ehtimala Kamal Kılıçdaroğluna səs verənlər parlamentdə Ərdoğanın qalib olduğunu görərək siyasi sabitliyə görə böyük ehtimalla Ərdoğana səs verəcək. İnanıram ki, ikinci turda 52-53 faiz səs çoxluğu ilə Ərdoğan qalib gələcək”.

Azərbaycanın sabiq baş naziri, AXP sədri Pənah Hüseyn də Türkiyədə keçirilən prezident və parlament seçkilərini dəyərləndirib.

Musavat.com həmin dəyərləndirməni oxucularına təqdim edib: “14 may Türkiyə seçkilərinin ən böyük nəticəsi: Türkiyə qalib gəldi! Ərdoğan prezidentliyində Türkiyə seçki sistemi, Türkiyə demokratiyasının ən həlledici nailiyyəti sınaqdan şərəflə çıxdı. Heç bir xaos, qarışıqlıq olmadı. Seçkinin nəticələrini şübhə altına alan şikayətlər belə olmadı. Təkcə buna görə və əlbəttə ki, həm də, əsas rəqibi üzərində və parlament seçkilərində aydın bir fərqlə qalibiyyətinə görə Ərdoğana və bütün Türk Millətinə təbriklər, təşəkkürlər! Yolunuz açıq olsun. Yola davam!”

“Seçkilərdə Ərdoğanın liderliyi ilə AKP və Cümhur İttifaqı parlaq qələbə qazandı və bu bizi sevindirir”.

Bu sözləri xalqcebhesi.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Qüdrət Həsənquliyev: "Kimsə düşünürsə ki, xalq üsyan edər, həmin adam  nağıllar dünyasında yaşayır" Pravda.az

Qüdrət Həsənquliyev 

BAXCP sədri qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın demokratik seçki ənənələri olan bir ölkədə 20 illik iqtidardan sonra, həm də Qərbin böyük güclərinin ona qarşı birləşdiyinə baxmayaraq, parlament seçkilərini udması və prezident seçkilərində birinci turda qalib gəlməsi üçün azacıq səsinin çatmaması böyük uğurdur: “Ümid edirəm Ərdoğan ikinci turda qalib gələcək və başlatdıqları işləri sona çatdırmaq və Qarabağın işğalına son qoyulması üçün əlindən gələni edəcək. Qarabağın azadlığı üçün Türkiyənin daha prinsipial mövqe sərgiləməsinə ehtiyac var. Ərdoğan Türkiyəni regionun nüfuzlu dövlətlərindən birinə çevirib. Növbəti beş ildə Türkiyə dünyanın birinci onluğuna daxil olan iqtisadi və hərbi baxımdan güclü, demokratik, hüquqi dövlət olacaq”.

“Tarixin bütün sınaqlarından uğurla çıxan Türkiyə və qardaş türk xalqı bu dəfə də sınaqdan uğurla çıxdı. Mayın 14-də Türkiyə dövləti və xalqı dünyaya demokratiya dərsi keçdi”.

Bu fikirlər də Milli Məclisin deputatı Vüqar İskəndərova məxsusdur.

O qeyd edib ki, bu il 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyəti yüksək səviyyədə baş tutmuş Prezident və Parlament seçkiləri üçün bir örnək oldu: “Türk xalqı bir tərəfdən dünyaya demokratiya dərsi keçdisə, digər tərəfdən də 21 illik Ərdoğan iqtidarına dəstəyini nümayiş etdirdi. Yəni, mayın 14-də hakim komandanın xalqın böyük əksəriyyətinin etimadını qazanması mövcud siyasi elitaya Türkiyə cəmiyyətinin etimadının göstəricisidir. Ortada olan nəticələr onu deməyə əsas verir ki, xalq öz siyasi liderinə növbəti dəfə etimad göstərdi”.

Deputat deyib ki, dünyanın siyasi liderləri arasında ilk olaraq Azərbaycan Prezidentinin türkiyəli həmkarını və Cümhur İttifaqını ən çox səs toplaması münasibəti ilə təbrik etməsi iki xalqın sarsılmaz və səmimi qardaşlıq münasibətlərinin təzahürüdür.

İmran Xan Pakistanda siyasi böhranın birinci mərhələsindən qalib çıxdı”

Kənan Rövşənoğlu

Tanınmış siyasi yazar Kənan Rövşənoğlunun da şərhi xüsusi diqqət çəkir.

“Seçkilər Türkiyə üçün bir sıra maraqlı və mühüm nəticələr ortaya çıxardı. Mənim diqqətimi iki nüans cəlb elədi.

Birincisi, Türkiyədə millətçilərin səslərinin bu qədər yüksəlməsi oldu. MHP sürpriz edərək 10 faiz həndəvərində səs aldı. 10 faizdən çox Maral Akşənər aldı. 5 faiz də Sinan Oğan. Yəni üst-üstə 25 faiz səs edir. Bu, fantastik göstəricidir.

İkinci “sürpriz” AKP-dən qopanlar oldu. Böyük ümidlər bəslənən Əli Babacan və Əhməd Davudoğlu səs ala bilmədilər. 25 faiz CHP-nin səsi, 10 faiz Akşener, 10 faiz isə Kamal Kılıçdaroğlu kürd səsini aldı. Bu tərəfdən səs ala bilmədi. Əvəzində hərəsinə 10 mandat hədiyyə etdi. Qarşıdakı 5 ildə Türkiyədə siyasi dinamikanı bu seçki əsasında şərh etmək lazım gələcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR