İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Azərbaycan memarları bir arada: Bakıda beynəlxalq təşəbbüsün ilk addımı atıldı

Bu gün Bakıda InVision Design Talks&Visionary Design Forumu keçirilib. Musavat.com xəbər verir ki, Türkiyə və Azərbaycanın tanınmış memar və dizaynerlərinin iştirak etdiyi tədbirin təşkilatçıları qardaş ölkənin Seranit və Zivella şirkətləridir.

Forumun açılışında çıxış edən Zivella Baş direktoru Abdurrahman Uzun bildirib ki, təmsil etdiyi şirkət 20 ildir Azərbaycanda fəaliyyət göstərir. Dörd qitədə 50-dən çox ölkəyə məhsul ixrac edən Zivella əsasən ofis mebelinin istehsalı ilə məşğuldur: “Bakı mənim üçün sadəcə bir şəhər deyil, iki qardaş ölkənin orta tarixinin, ortaq mədəniyyətinin bir simvoludur. Ona görə də dizayn və memarlıq sahəsində beynəlxalq bir platformanı yaratmaq yolunda ilk addımı Bakıdan atmaq qərarına gəldik. Bundan sonra daha bir neçə ölkədə belə müzakirələr təşkil etməklə müasir memarlıq və dizayn sahəsində viziyonları ümumiləşdirəcəyik”.

Seranit Azərbaycanın rəhbəri Ufuk Polat çıxışında qeyd edib ki, Forum memarlıq və dizayn sahəsində beynəlxalq təşəbbüsdür, müzakirələrin ardınca fəaliyyətlərin əlaqələndirilməsi istiqamətində addımlar atılacaq: “Bu təşəbbüs çərçivəsində müxtəlif ölkələrdə tədbirlərimiz, müzakirələrimiz, təcrübə mübadilələri təşkil olunacaq”.

Türkiyənin tanınmış daxili interyer dizayneri Yelin Evcen qeyd edib ki, koronavirus pandemiyası insanları evdən işləməyə məcbur etdi və bu, evdə ofis, ofisdə ev ab-havasının yaradılması zərurətini ortaya çıxartdı: “Bu ehtiyacı nəzərə alaraq biz daxili interyer dizaynı yaradarkən ofislərdə maksimum rahatlıq, evlərdə isə maksimum işgüzar ab-hava yaratmağa başladıq. Hər iki halda dizaynı elə incəliklə aparmaq lazımdır ki, insanlarda işgüzarlıq artsın, daha məhsuldar iş ortaya qoya bilsin”.

Attachment

Türkiyəli dizayner Gönül Ardal bildirib ki, Bakıya 18 il əvvəl gəlibmiş: “Ötən müddətdə şəhəriniz çox dəyişib, gözəlləşib. Biz Türkiyənin müxtəlif bölgələrində binaların daxiri tərtibatı ilə məşğuluq. Bu iş zamanı əsas diqqət yetirdiyimiz məqam binanın daxilini onun yerləşdiyi coğrafi məkanın, yerin mədəni-tarixi mühiti, simvolları ilə uyğunlaşdıraq. Elə həllər tapaq ki, insanlara komfortlu iş, istirahət mühiti formalaşsın, eyni zamanda tutalım ki, hansısa bir bölgədə hoteldə yerləşən bir turist daxili interyerdə həmin bölgənin ruhunu duya bilsin”.

Azərbaycanda da müxtəlif layihələr həyata keçirən ASLI Partners memarlıq şirkətinin nümayəndəsi Hüseyn Tongüc Ezcan hər hansı bir yaşayış, yaxud biznes kompleksini layihələndirərkən bir neçə məqama diqqət yetirməyin zəruri olduğunu qeyd edib: “Məsələn, Bakıda çox adam şəhərdən kənardakı qəsəbələrdə həyət evlərində, yaşıllıqların əhatəsində yaşayır. Oradan şəhərin mərkəzindəki ofisə gələrkən istər-istəməz yaşıllıq görmək istəyir. Yaxud şəhərdə yaşayanların çoxu həftəsonunu, yay istirahətini yaşıllıq olan yerlərdə keçirməyi sevir. Buna görə də Bakıda ofis, yaxud yaşayış kompleksi planlayırsansa, mütləq yaşıllıq amilinə diqqət yetirməlisən. Digər mühüm məsələ böyük komplekslərin layihələndirilməsi zamanı yerləşdiyi ölkənin mühitinin, simvollarının nəzərə alınmasıdır”.

Forumda çıxış edən digər memar və dizaynerlər bu sahədə diqqət yetirilməli olan amillərdən bəhs etdilər.

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR