Onlayn ictimai-siyasi qəzet
Türkiyə mövcud problemlərinin əhəmiyyətli bir hissəsini artıq real nəticələr ilə həll etməyə başlayıb. Hazırda rəsmi Ankara onilliklər boyu səbrlə gözlədiyi və yaranmasına cəhd göstərdiyi geopolitik situasiyaya nail olmaq üzrədir. Xüsusilə də, Suriya böhranının nizamlanma prosesində olması Türkiyənin maraqlarına tamamilə cavab verir. Hər halda, Əsəd rejiminin devrilməsindən sonra Yaxın Şərqdə Türkiyənin siyasi mövqeyinin hegemon geopolitik iradəyə çevrilməkdə olduğu müşahidə edilir. Və bu, rəsmi Ankaraya öz vazkeçilməz hədəfləri ilə bağlı daha qətiyyətli addımlar atmaq imkanları açır.
Onu da qeyd etmək lazımdır ki, qlobal məkanda yaranmış situasiya da böyük ölçüdə Türkiyənin strateji maraqlarını dəstəkləyir. Belə ki, Ağ Ev Bayden adminstrasiyası dönəmində Suriyanın böyük bir hissəsi ələ keçirmiş PKK-PYD-YPG terror təşkilatını ABŞ-ın bölgədə əsas tərəfdaşları sırasına daxil etmişdi. ABŞ Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən bu terror təşkilatını həm maliyyələşdirirdi, həm də terrorçulara silah-sursat göndərib, hərbi təlimlər keçirdi. Nəticədə bu məsələ ucbatından NATO üzrə müttəfiqlər olan Türkiyə və ABŞ arasında kəskin ziddiyyətlər yaşanırdı.
ABŞ-da Tramp adminstrasiyasının hakimiyyətə gəlişi ilə situasiya böyük sürətlə dəyişməyə başlayıb. Birincisi, Tramp adminstrasiyası heç bir perspektivi olmayan terror təşkilatlarına, o cümlədən də, PKK-ya daha boşuna külli miqdarda maliyyə xərcləmək istəmir. Eyni zamanda, Ağ Evə yeni dönəmdə Türkiyə kimi önəmli qlobal siyasi iradə mərkəzi ilə ziddiyyətlər qətiyyən sərfəli deyil.
Xüsusilə də, Ukrayna savaşının dayandırılması ilə daha böyük qlobal strateji hədəflərin önünü açmağa can atan ABŞ üçün indi PKK kimi problemlər ən yaxşı halda, geopolitik yük xarakteri daşıyır. Tramp adminstrasiyası isə bu lazımsız yükü ABŞ-ın çiynindən atmaq barədə düşünür. Və bu baxımdan, Ağ Evin yeni Suriya siyasəti indi PKK terror təşkilatının gələcək taleyini böyük təhlükə altında buraxmağa başlayıb.
Məsələ ondadır ki, prezident Donald Tramp ABŞ hərbi bazalarını Suriyadan çıxartmaq niyyətini artıq bəyan edib. Onun fikrincə, PKK-nın mövcudluğunu qoruya bilməsi üçün ABŞ öz hərbi kontingentini Suriyada əbədi saxlamağa borclu deyil. Pentaqon isə Ağ Ev sahibi Donald Trampın bu direktivlərinə uyğun olaraq, ABŞ hərbi bazalarının Suriyadan çıxarılması üçün xüsusi planın hazırlanmasına başlayıb. Və bəzi məlumatlara görə, yaxın altı ay ərzində ABŞ hərbi bazaları Suriyadan tamamilə çıxarılmış olacaq.
Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ PKK-nı sahibsiz buraxmaq niyyətindədir. Ağ Evin dəstəyi olmadan isə bu terror təşkilatının öz mövcudluğunu qoruya biləcəyi qətiyyən inandırıcı görünmür. Üstəlik, Suriya hazırda məhz Türkiyənin nəzarət bölgəsinə çevrilməkdədir. Rəsmi Ankara yaranmış şansdan istifadə edərək, PKK-nı birdəfəlik sıradan çıxaracağı qətiyyən şübhə doğurmur. Və Suriyanın müvəqqəti keçid hökumətinin də ölkənin parçalanmayacağını, unitar ərazi bütövlüyünü qoruyacağıını birmənalı bəyan etməsi də məhz Türkiyənin PKK ilə mübarizədə ön plana çıxartdığı strateji hədəflərə uyğundur.
Təbii ki, belə situasiyada PKK-nın hərbi yolla demontaj edilməsi qaçılmazdır. Artıq bu təhlükənin ciddiliyini PKK-nın rəhbərliyində olanlar da anlamağa başlayıblar. Ona görə də, mövcud situasiyadan çıxış yollarının axtarılmasına start verilib. PKK-nın Türkiyədə siyasi fəaliyyətlə məşğul olan qanadı bu terror təşkilatının üzvlərini reabilitasiyaya götürəcək variantları gündəmə gətirmək üçün əllərindən gələn hər şeyi edirlər. Və əsas məqsəd PKK-nı hərbi yolla demontaj təhlükəsindən xilas etməkdir.
Maraqlıdır ki, PKK-nı hərbi demontajdan xilas etməyə çalışanlar bu terror təşkilatının qurucusu və İmralıda ömürlük həbs cəzası çəkməkdə olan Abdullah Öcalandan istifadə edirlər. Belə ki, Abdullah Öcalanın PKK-ya tərksilah olmaq və özünü buraxmaq barədə çağırışı artıq ictimailəşdirilib. Böyük ehtimalla PKK-nın Türkiyədəki siyasi qanadı bu çağırış üzərindən rəsmi Ankara ilə "bazarlıq" şansı qazana biləcəyinə ümid bəsləyir. Və onilliklər boyu Türkiyəyə qarşı terrorçuluq fəaliyyəti ilə çoxsaylı cinayətlər törətmiş şəxslərə güzəştlərin olunmasına cəhd göstərilir.
PKK-PYD-YPG həmin çağırışa "siyasi fəaliyyət" hüququ verilərsə, tərksilaha hazır olduğunu bəyan etməklə, reaksiya göstərib. Elə bu da əsas məqsədin məhz hərbi demontaj təhlükəsindən xilas şansı qazanmaq olduğunu təsdiqləyir. Çünki Abdullah Öcalanın hazırda PKK üzərində liderlik təsirinin formal xarakter daşıdığı qətiyyən şübhə doğurmur. ABŞ-ın himayəsindən məhrum olub, sahibsiz qaldıqlarını anlayan PKK terror təşkilatı indi "siyasi fəaliyyət çətiri" altına sığınmağa can atır. Və rəsmi Ankaranın reaksiyası isə terrorçulara - onilliklər boyu mülki şəxslərə qarşı çoxsaylı dəhşətli cinayətlər törətmiş cinayətkarlara belə imkan tanınmayacağını göstərir.
Türkiyə hakimiyyəti birmənalı şəkildə bəyan edib ki, PKK terrorçuları ilə heç bir danışıqlar aparılmayacaq. Terrorçular ya tərksilah və təslim olacaqlar, ya da hərbi demontaj yolu ilə məhv ediləcəklər. Üstəlik, hazırda rəsmi Ankara PKK-nı tamamilə və birdəfəlik məhv etmək üçün tarixi şans qazanıb. Ona görə də, terrorçu cinayətkarlara "siyasi fəaliyyət çətiri" altına sığınmaq imkanı verilməyəcəyi qətiyyən şübhə doğurmur. Və bu, o deməkdir ki, Türkiyə ötən əsrin 70-ci illərindən üzü bəri xarici düşmənlərinin yaradıb, dəstəklədiyi PKK problemini təməldən həll etməyə indi çox yaxındır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Yeni Müsavat Media Qrupu
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ