İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ordu modelinə keçid nə vaxt bitir? - hərbi ekspert deyir ki...

“Dünyada və regionda baş verən hadisələr Türkiyə ilə hərbi müttəfiqliyin əhəmiyyətini artırmaqdadır”

Ötən həftəsonu Azərbaycan Müdafiə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, iclasda Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib. 

“Türkiyə modelinə uyğunlaşdırılma istiqamətində Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində 2023-cü ildə hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə qazanılan uğurlar, həmçinin növbəti ildə planlaşdırılan tədbirlər barədə danışılıb”, - məlumatda qeyd olunur. İclasın yekunları ilə bağlı çıxış edən nazir Zakir Həsənov 2024-cü il üzrə tapşırıqları kollegiya iştirakçılarına çatdırıb. Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərin intensivliyinin artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda sülhün bərqərar olmasına zəmin yaratdığını vurğulayan nazir  bundan sonra da ordunun qarşıya qoyulan istənilən tapşırığın dəqiq icrasına hazır olduğunu bildirib", - Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bəs Türkiyə (NATO) tipli ordu modelinə keçid nə vaxt başa çatacaq? Hazırda yolun harasındayıq? 2023 bu xüsusda konkret hansı uğurlarla yadda qaldı? Azərbaycan Ordusunun keçmək istədiyi modelin adını Türkiyə modeli, NATO standartlarına uyğun ordu modeli qoya bilərik. Adın hər nə olmasından aslı olmayaraq, bu, dünyada müasir ordu modeli sayılır. Bütün ölkələr bu keçidi bir formada təşkil edir. 

Ermənistanın əlində hansı silahlar var? Alparslan İmamqulu Sitat.info

Alp Arslan İmamqulu

Təhlükəsizlik eksperti Alp Arslan İmamqulunun “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda ordu birləşmə modellərinin yaradılması, silahla təchizatının müasirləşdirilməsi bir il ərzində atılan vacib addımlardan sayılır. Bundan əlavə, ekspert hesab edir ki, müxtəlif hərbi təlimlər keçirilməsi, Türkiyə ilə bir neçə müştərək təlimlərin olması, böyük təcrübə qazanılması əhəmiyyətli faktorlardır: “Eyni zamanda hərbi hava qüvvələrinin inkişafı ilə bağlı addımlar atılıb, bu sahədə Türkiyə ilə birgə təlimlər keçirilib. Xüsusi təyinatlılarımız isə onsuz da əvvəldən Türkiyə ordusu ilə ciddi əməkdaşlıq içində idi, Prezidentin tapşırıqlarından sonra bu əlaqələr, birgə əməkdaşlıq daha da genişləndirildi. Özəlliklə "Komando" briqadalarının yaradılması Türkiyə ordu modelinə keçid istiqamətində önəmli addımlardır. Bu proses gələcəkdə inkişaf etdirilməlidir. Dünyada və regionda baş verən hadisələr Türkiyə ilə hərbi müttəfiqliyin əhəmiyyətini artırmaqdadır. Ona görə də güc strukturlarının təkmilləşdirilməsi vacibdir. Hesab edirəm ki, Türk ordu modelinə keçid inkişaf etdiriləcək". 

Oxu.az - Ramiyə Məmmədova: “Türkiyə seçicisi başa düşür ki, Ərdoğan  xarizmatik liderdir”

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova da Türkiyə ilə hərbi sahədə əməkdaşlığın gücləndirilməsini mühüm məqsəd sayır. Onun sözlərinə görə, Naxçıvanda Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışını etməklə çox önəmli bir mesaj vermiş oldular: “Bu gen region qaynayır. Ölkəmizə qarşı təhdidlər səsləndirənlər olur. Azərbaycan Prezidenti son müsahibəsində qeyd etdi ki, sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir. Belə şəraitdə Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi güclənməli, Şuşa Bəyannaməsindən irəli gələrək bu sahədə addımlar sürətlənməli, eləcə də Türk ordu modelinə keçidlə bağlı daha çox iş görülməlidir. Bu, həm də sovet ordu sistemindən xilas olmaq, müasir, NATO səviyyəsində ordu qurmaq deməkdir. Yeri gəlmişkən, Ərdoğan türk ordusunun Azərbaycanda daha bir il qalmaq müddətini artıran qərar imzaladı, parlament də təsdiqlədi. Bu da imkanlar yaradır ki, birgə hərbi təlimlər tez-tez keçirilsin, hərbi hava qüvvələri, hərbi dəniz qüvvələri, xüsusi təyinatlılar və digər ordu birləşmələri üzrə təcrübənin artırılması fürsəti qazanılsın”. Təhlilçi düşünür ki, qarşıda Azərbaycan Türkiyə ordu modelinə keçidlə bağlı sistemli addımlarını intensivləşdirəcək: “Cənubi Qafqazda cərəyan edən proseslər bunu tələb edir. Ermənistan Fransadan silahlanır, Paşinyan İsveçrə modelinə keçiddən danışır, belə olan halda biz qardaş Türkiyə ilə hərbi müttəfiqliyi ən yüksək səviyyəyə qaldırmalıyıq”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR