Onlayn ictimai-siyasi qəzet
ABŞ hakimiyyəti Türkiyənin Rusiya ilə ticarətini davam etdirməsindən çox narazıdır. Vaşinqton hesab edir ki, Ankara Moskvaya sanksiyalar rejimindən yan keçməyə kömək edir.
Xarici medianın yazdığına görə, bu həftə ABŞ maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə gedəcək və Türkiyə hakimiyyətini Rusiya ilə əməkdaşlıqdan imtina etməyə razılaşmaq üçün təhdid və vədlərə əl atacaq.
Nelson artıq bu ilin fevralında bir dəfə İstanbulda olub. Səfər zamanı o, türk firmaları ilə Rusiyanın biznes strukturları arasında artan əməkdaşlıqdan narahatlığını ifadə edib. Rusiya ilə Türkiyə arasında artan ticarət və türk şirkətlərinin guya Moskvaya sanksiyalardan yayınmağa kömək etməsi məsələsini ABŞ maliyyə nazirinin köməkçisi Elizabet Rozenberq və dövlət katibi Entoni Blinken qaldırıb.
Keçən il Amerika siyasətçilərinin təhdidləri ABŞ-ın bütün bu bankları sanksiyalara məruz qoyacağı ilə hədələməsindən sonra türk banklarının “Mir” ödəniş sistemi ilə əməkdaşlıqdan imtina etməsinə səbəb olmuşdu.
Buna baxmayaraq, Birləşmiş Ştatların təhdidləri hələ də Rusiya ilə Türkiyə arasında qarşılıqlı ticarətin qar uçqunu kimi böyüməsini dayandıra bilmir. 2022-ci ilin sonunda 85%, 2023-cü ilin on ayında isə daha 49% artaraq 60 milyard dollara çatıb.
“Türkiyə iqtisadiyyatı heç də yaxşı vəziyyətdə deyil. ABŞ-dan investisiyalar artmır. Lirənin dollara nisbətdə məzənnəsi durmadan artır. Bu vəziyyətdə Ankaranın Rusiya ilə ticarətdən imtina etmək niyyəti yoxdur”, - deyə türkiyəli ekspert Kərim Has izah edir. — “Bəli, Türkiyə tərəfi Rusiyaya qarşı hansısa sanksiyalar tətbiq etməyə məcbur olacaq. Lakin Rusiya ilə ticarəti davam etdirmək Ankaranın qlobal maraqlarına cavab verir. Ona görə də Amerika rəsmilərinin bu cür səfərləri vəziyyəti ciddi şəkildə dəyişdirmək iqtidarında deyil”.
Rusiya və Türkiyəni Akkuyu AES-in tikintisindən tutmuş qaz qovşağı layihəsinə qədər bir çox layihələr birləşdirməyə davam edir. “Bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır, ona görə də amerikalılar onları sadəcə hədələməklə heç nəyə nail olmayacaqlar. Bunun müqabilində Türkiyəyə nə isə təklif etməlidirlər. Amma hələlik heç nə təklif etmirlər, sadəcə tələb edirlər”, - ekspert qeyd edir.
Məsələn, “Röyter” yazıb ki, təkcə Şimal hərbi dairəsinin ilk üç ayında Rusiya Qərb ölkələrindən elektronika avadanlıqları ilə dolu15 min konteyner alıb. İstehsalçılar arasında ən böyük Amerika və Avropa şirkətləri var. 2022-ci ilin aprelindən oktyabr ayına kimi Qərb şirkətləri Rusiyaya 2,5 milyard dollardan çox dəyərində elektronika idxal edib və bu nəhəng ticarət hər hansı sanksiyalara baxmayaraq, indiyədək heç nə olmamış kimi davam edir”, - Qərb mediası vurğulayır.
“Başqa sözlə, amerikalılar hər kəsi öz şirkətlərinin əməl etmədiyi sanksiyalara əməl etməyə çağırır. Bu belə işləmir. Özləri başqalarına diktə etdikləri qaydaları pozduqca heç kim onlara qulaq asmayacaq”, - ekspert yekunlaşdırır.
Türkiyəni Rusiya ilə yaxınlaşmağa, Qərblə məsafə saxlamağa vadar edən səbəblər təkcə iqtisadi zəmində deyil. Hərçənd bu, özü də ciddi faktordur. Çünki Türkiyə rəhbərliyi 80 milyondan çox insanın dolanışığını, ticarətini, məşğulluğunu təmin etməlidir. Rusiya ilə iqtisadi əlaqələr müstəvisində öz güzəranını təmin edən milyonlarla türk var. Buraya aqrar məhsullar istehsal edən və Rusiya bazarlarına göndərən insanlarla yanaşı, çoxsaylı turizmçilər, Rusiyada tikinti sektorunda çalışan şirkətlərin işçiləri, aramsız şəkildə yük daşıyan yüz minlərlə başqaları da var. Rusiya ilə iqtisadi münasibətlərdə yaranan qısa fasilələr hər iki ölkəyə milyardlarla dollar həcmində ziyan vurur. “Rus hərbi təyyarəsinin Suriya səmasında vurulması” hadisəsində gərginləşən Türkiyə-Rusiya münasibətləri zamanı hər iki tərəf maddi ziyanın dəhşətli miqyasını gördü və ziyanın yarısından qayıtdı.
Bundan başqa, Türkiyənin Rusiya ilə münasibətini taraz saxlaması birincinin Asiyadakı türk dövlətlərinə və Rusiyanın daxilindəki türk muxtariyyatlarına qapısını da aralı saxlayır və Avropadan dışlanan Türkiyə üçün bu, həm böyük bazar deməkdir, həm də türk xalqları üçün nicat yoludur.
Üstəlik, ABŞ və Avropanın bəzi dövlətləri bəzən açıq, bəzən də gizli şəkildə anti-Türkiyə siyasəti yeridir, ölkəni parçalamaq istəyənlərə açıq maddi və hərbi dəstək verirlər, bu ölkənin öz regionunda avtoritet olmaq istəməsinə qarşı çıxırlar. Türkiyənin milli valyutasının zaman-zaman sınaqlara məruz qalmasının obyektiv səbəbləri ilə yanaşı, Qərbin müxtəlif fəndlərinin, sanksiyaların da rolu var.
Türkiyə tərəfi bütün bunlara etina etmədən, anti-Rusiya koalisiyasına, görünməmiş miqyasda tətbiq edilən sanksiyalara qoşulsa, ola bilər ki, bu, Rusiyaya böyük zərbə olar, ancaq o zərbənin 3, hətta 5 qatı Türkiyənin özünə dəyər. Türkiyə elə bir girdaba yuvarlanar ki, onu oradan heç ABŞ və Avropanın qüdrətli dövlətləri də çıxara bilməzlər – hələ o da çıxarmaq istəsələr.
Beləliklə, Rusiya ilə hərtərəfli münasibətləri qoruyub saxlamaq Rusiyadan çox Türkiyənin özünə lazımdır. Ona görə də qətiyyətlə demək olar ki, Ankara ABŞ-ın fitnəsinə getməyəcək.
Türkiyə dünyada yeganə ölkədir ki, həm Rusiya ilə əlaqələrini saxlayır, həm də onu Ukraynaya qarşı aqressiv olmaqda açıq şəkildə qınayır və Kiyevə siyasi, maddi, humanitar, hətta hərbi dəstək verməkdən çəkinmir. Bu, Kremlin xoşuna gəlməsə də, bu dövlət Türkiyənin bu davranışına dözməyə məhkumdur.
Kollektiv Qərb də Türkiyənin Rusiya ilə münasibətlərindən narazıdır və hesab edir ki, onun mövqeyi Qərb-Rusiya savaşında həlledici ola bilər. Ancaq bu da faktdır ki, hazırda Türkiyəni düşündürən nə Qərbin mənafeyidir, nə də Rusiyanın. Bu saat Türkiyə daha çox öz xalqının rifahını və təhlükəsizliyini düşünür.
Türkiyənin bu mötədil və nisbətən neytral siyasətinin bizə də faydası çoxdur. Amma bu, həm başqa, həm də uzun söhbətin mövzusudur.
Araz Altaylı, Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ