Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfəri qardaş ölkə mediasında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin mətbu orqanları tərəfindən yayılan informasiyalarda Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarında səsləndirdikləri fikirlərə, birinci xanım Mehriban Əliyevanın Türkiyənin birinci xanımı Əminə Ərdoğan ilə görüşünə, eləcə də səfər çərçivəsində imzalanan Azərbaycan-Türkiyə sənədlərinin imzalanmasına xüsusi diqqət çəkilib.
Anadolu Agentliyi dövlətimizin başçısının Türkiyəyə səfəri ilə bağlı “Azərbaycan Prezidenti Əliyev: Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”, “Prezident Ərdoğan: Qarabağda işğalın başa çatması ilə bölgəmizdə daimi sülh üçün tarixi imkan pəncərəsi açıldı” sərlövhələri ilə bir neçə məqalə yayımlayıb.
Türkiyə və Azərbaycan prezidentlərinin fikirlərinin geniş oxucu kütləsinə çatdırılan xəbərlərdə dövlətimizin başçısının Türkiyənin bu gün dünyadakı rolu vurğulanıb, İkinci Qarabağ müharibəsi dövründə qardaş ölkənin daim Azərbaycanın yanında olduğu, sülh yolu ilə həll olunmayan tarixi məsələnin savaş meydanında cəmi 44 gün ərzində həll edildiyi diqqətə çatdırılıb, Türk dünyasının birləşməsinin, ortaq köklərə sahib olan xalqların bir arada olmasının Türk Dövlətləri Təşkilatının (TDT) hər bir üzvünü gücləndirəcəyi, TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin də qatılacağı bildirilib.
“TRT” və “İyirmidört” Prezident İlham Əliyevin çıxışını “Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır” sərlövhəsi ilə yayımlayıb, dövlətimizin başçısından sitatlar verilib. Yazılar “Türk dünyasının birləşməsi TDT-nin gücünə güc qatacaq ", “Separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur”, “Təhsildə əməkdaşlıq vurğusu” kimi altbaşlıqlarla yayımlanıb.
Məlumatlarda Azərbaycan Prezidentinin “Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”, “Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”, “Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”, “Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir”, “Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır” kimi fikirləri yer alıb.
“NTV” media şirkəti tərəfindən hazırlanana məqalədə isə deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev ölkəsində keçirilən seçkilərdə qalib gəldikdən sonra ilk rəsmi səfərini Ankaraya edib. Rəsmi mərasimlə qarşılanan Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Liderlərin daha sonra nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilib. Görüşdən sonra iki ölkə arasında üç müqavilə imzalanıb. Birgə mətbuat konfransında çıxış edən Prezident Ərdoğan Ermənistan və Azərbaycan arasında daimi sülh üçün tarixi fürsət pəncərəsinin açıldığını, Prezident Əliyev isə “Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”,- deyə bildiriblər”.
Yazıda, həmçinin Prezident İlham Əliyevin Ankarada Anıtqəbiri ziyarət etməsi və ölkələrimiz arasında imzalanan anlaşmalara diqqət çəkilib.
İstanbul ticarət qəzeti “Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib” başlıqlı məqaləsində Prezident İlham Əliyevin Türkiyənin regionda sülhün, sabitliyin və əməkdaşlığın təminatçısı olduğunu vurğuladığı, Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı hər zaman Azərbaycanın yanında olduğunu xatırlatdığı qeyd olunub.
“Ensonhaber.com” saytı isə dövlətimizin başçısının Ankaraya səfərinə dair yazısını Azərbaycan Prezidentinin söylədiyi kimi, “Türkiyə bu gün dünya çapında söz sahibidir” sərlövhəsi ilə yayımlayıb.
Dövlət başçılarının görüşünə dair videoçarxın da yer aldığı informasiyalarda Prezident İlham Əliyevin seçkilərdə qazandığı qələbədən sonra ilk səfərini Ankaraya etdiyi, bunun bir ənənəyə çevrildiyi bildirilib.
Məqalələrdə Prezident İlham Əliyevin “Hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyirəm. Buna çox sevinirəm və bir daha görürəm ki, əziz Qardaşımın səyləri nəticəsində qardaş ölkə yeni zirvələri fəth edir”, “2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi” kimi fikirləri xüsusi qeyd edilib.
“Cumhuriyyet” qəzetində dərc olunan yazıda Azərbaycan Prezidentinin Anıtqəbiri ziyarət etdiyi, səfər zamanı üç müqavilənin imzalandığı, dövlət başçılarının mətbuata bəyanatında bir sıra vacib məsələlərə diqqət çəkdikləri vurğulanıb.
“A haber” saytında yayımlanan xəbərdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 7-də ölkəsində keçirilən prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə edib. İki lider mətbuata bəyanatında açıqlamalar verərkən Prezident Ərdoğan iki xalqın “Bir millət, iki dövlət” kimi çiyin-çiyinə hərəkət etdiyini bildirib. Prezident Əliyev isə Türkiyə barədə yüksək fikirlər səsləndirib, Türkiyənin dünyada söz sahibi dövlət olduğunu vurğulanıb.
Portalda dərc olunan digər informasiyada isə “Türkiyə-Azərbaycan Universitetindən bəhs edilib. Bildirilib ki, bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək.
“Akşam” və “Güneş” dərgilərində yayılan məqalələrdə Prezident İlham Əliyevin Türkiyənin dünyada söz sahibi, bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantı olduğunu bəyan etdiyi diqqətə çatdırılıb.
Qardaş ölkənin Anadolu Agentliyi, “Daily Sabah”, “Milliyet.com”, “Hürriyet”, “Haber Türk”, “A haber”, “TV 100” kimi media orqanları Ankarada Azərbaycanın və Türkiyənin birinci xanımları Mehriban Əliyevanın və Əminə Ərdoğan ilə görüşünü də geniş işıqlandırıb.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ