İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə bağlı qərara qarşı çıxan nazir KİMƏ GÜVƏNİR?

Aprel ayında Yunanıstanda keçirilməsi gözlənilən ümumi seçkilər öncəsi türk əhalisinin sıx olduğu Qərbi Trakyaya səfər edən Baş nazir Kiriakos Mitsotakis həm Türkiyəyə qarşı sərt açıqlamalar verib, həm də ABŞ-ın F-16 qırıcılarının satışına qarşı olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, Mitsotakis əvvəlcə lideri olduğu Yeni Demokratiya partiyasının Qərbi Trakiyanın Gümülcine şəhərindəki tədbirində çıxış edib, daha sonra Aleksandrupolidə mətbuat konfransı keçirilib.

Yunanıstanın baş naziri ABŞ hökumətinin Türkiyəyə F-16, Yunanıstana isə F-35 döyüş təyyarələri satmağı təklif etməsi ilə bağlı sualları cavablandırıb.

“Konqresin F-16-larla bağlı görəcəyi işlər onun öz məsələsidir. Konqresin bəzi əsas üzvləri daha əvvəl Türkiyəyə müasir silah sistemləri satmaq üçün Ankaranın öz mövqeyini dəyişməsinin vacib olduğunu bildiriblər. Türkiyə isə indiyədək mövqeyini dəyişməyib”, - deyən Mitsotakis Konqresin də baxışını dəyişəcəyini düşünmədiyini vurğulayıb.

Yunanıstanın Baş naziri Türkiyənin sərt sözlərindən narahat olduğunu, lakin qaynar bir hadisənin olacağına inanmadığını sözlərinə əlavə edib. Kiriakos Mitsotakis Ankarada xarici siyasətin daxili siyasi səbəblər üçün alət kimi istifadə edildiyini iddia edib.  Dialoqa hər zaman hazır olduqlarını bildirən yunan nazir danışıqların məntiq çərçivəsində olmasının vacibliyini qeyd edib.

Digər tərəfdən, Mitsotakis Türkiyə ilə Maritsa sərhədi boyunca - coğrafi və texniki cəhətdən mümkün olan hər yerdə barrikadalar quracaqlarını açıqlayıb: “Bu mövzuda heç kimdən razılıq almayacağıq. Aİ bunu maliyyələşdirməsə, barrikadanı öz pulumuzla quracağıq".

Türkiyə mediası iddialı açıqlamalar verən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Ankara əleyhdarı olan amerikalı konqresmenlərə etibar etdiyini yazır.

Qeyd edək ki, Türkiyəyə F-16-ların satışını dəstəklədiyini dəfələrlə bəyan edən ABŞ Dövlət Departamenti qırıcıların Türkiyəyə satışı və modernizasiya dəstləri ilə bağlı qərarını nəzərdən keçirilməsi, həmçinin icazə verilməsi üçün Nümayəndələr Palatası və Senatdakı komitələrə çatdırıb. Təsdiq üçün Konqresə təqdim olunan satış təklifi Türkiyənin hazırkı F-16 donanmasında olan 79 təyyarənin modernləşdirilməsini, həmçinin Ankaraya 40 yeni təyyarə satılmasını ehtiva edir.

Türkiyə əleyhinə açıqlamaları ilə tanınan Senatın Xarici Əlaqələr sədri Bob Menendes və ABŞ Konqresinin üzvü Chris Papas isə ABŞ-ın Türkiyəyə F-16-ların satışı ilə bağlı qərarına tamamilə qarşıdır. Hətta Yunanıstanın CNN telekanalının məlumatına görə, Menendes "Türkiyəyə F-16 satışını əngəlləyəcəyi" barədə vəd verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR