İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Azərbaycan Universitetinə bu il qəbul olacaqmı - anlaşma təsdiqləndi, proses başlayır

Ekspert: “Həm Türkiyənin, həm də Azərbaycanın diplomunu verməklə yüksək hazırlıqlı tələbələrin təhsili həyata keçiriləcək”

Türkiyə-Azərbaycan Universitetinin açılması cəmiyyətin xüsusi diqqətində olan məsələlərdən biridir. Buna daha çox strateji məsələ kimi yanaşılır. 

Nəzərə çatdıraq ki, Prezident İlham Əliyev aprelin 16-da “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.

Göründüyü kimi, proses artıq başlayıb. Bəs universitetə bu il qəbul başlayacaqmı? Tədris hansı prinsiplərlə aparılacaq? Birgə universitet təhsilimizə hansı yenilikləri gətirəcək? 

Təhsil eksperti Elmin Nuri magistraturaya qəbulun zəif nəticələrindən  danışıb – Mektebgushesi

 Elmin Nuri 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Türkiyə-Azərbaycan Universiteti Azərbaycan təhsil tarixində önəmli yerləri tutacaq böyük layihələrdəndir: “Artıq Türkiyə-Azərbaycan Universitetinə qəbul proseduru, orada tədris olunacaq ixtisaslar, bu universitetin gətirəcəyi yeniliklər, universitetin ali təhsil seqmentinə verəcəyi faydalarla bağlı rəsmi qurumlar da məlumatlar verib. Rəsmi təsdiqini tapmış məlumatlardan biri  budur ki, Türkiyə-Azərbaycan Universitetinə qəbul artıq bu ildən başlanacaq. Bir neçə ay bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayevin də brifinqdə səsləndirdiyi qeydlər var ki, onlar Türkiyə- Azərbaycan Universitetinin bu ildən fəaliyyət göstərəcəyinə misaldır. Artıq ilk ildə Türkiyə-Azərbaycan Universiteti Türkiyənin üç möhtəşəm universiteti ilə - Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti ilə tərəfdaş kimi fəaliyyət göstərəcək. Azərbaycandan isə Azərbaycan Texniki Universiteti hələ ki yeganə tərəfdaş kimi cəlb ediləcək”. 

Ekspert əlavə edib ki, bu siyahı sonradan artırıla bilər: “Növbəti tədris ilindən etibarən Türkiyə-Azərbaycan Universitetində ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə ixtisaslar fəaliyyətə başlayacaq. İlk il ümumilikdə yüz tələbənin qəbulu nəzərdə tutulub. Burada sevindirici hallardan biri odur ki, bəzi abituriyentlərimiz təəssüf ki, Türkiyəyə təki tələbə adını qazansınlar deyə gedirlər. Söhbət burada orta, aşağı ranqlı universitetlərdən gedir. Amma Türkiyə-Azərbaycan Universiteti həm Türkiyənin, həm də Azərbaycanın diplomunu verməklə yanaşı, həm də yüksək hazırlıqlı tələbələrin təhsilini həyata keçirəcək. Təsəvvür edin, texniki, texnoloji ixtisaslar üzrə cəmi yüz tələbənin qəbulu aparılacaq. Bu yüz tələbə öz qəbul göstəricilərinə görə digərlərindən fərqlənəcək. Burada əsas profil mühəndislik olacaq. Amma növbəti tədris ilindən etibarən kompüter elmləri, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisaslar da tədris olunacaq. Deyilənə görə, Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb ixtisası da fəaliyyət göstərəcək. Mən bunun olmasını arzu edirəm. Çünki Türkiyə universitetlərinin verdiyi tibbi təhsil keyfiyyətlidir. Tibbi təhsilin keyfiyyətinə görə dünyada ilk onluqda olan ölkələr sırasında məhz qardaş ölkə Türkiyə yer tutur. Həmçinin mühəndislik istiqamətli təhsilin keyfiyyətinə görə də Türkiyə üst sıralardadır. Onların təcrübələrindən faydalanmaq, bunu öz ölkəmizdə tətbiq etmək bizə çox böyük səmərə verəcək. Digər sevindirici fakt bundan ibarətdir ki, həm Qarabağ Universitetində, həm Türkiyə-Azərbaycan Universitetində türkiyəli kadrların da cəlb olunacağı gözlənilir. Onların kontingentinin burada təmsil olunmasına çox ehtiyac var. Türkiyə-Azərbaycan Universitetinin binasının harada olacağı isə hələ ki açıqlanmayıb”. 

Şu anda herhangi bir hazırlığımız yok" - Son Dakika Haberleri

Erol Özvar 

Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Erol Özvar mediaya (report) açıqlamasında deyib ki, bu il işlər tamamlanan kimi, Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbuluna başlanılacaq. O deyib ki, Azərbaycanda beynəlxalq əməkdaşlığı daha yüksək səviyyəyə daşıyacaq bir ali təhsil müəssisəsi modeli qurulacaq. Şura sədri qeyd edib ki, Türkiyə-Azərbaycan Universiteti bu il fəaliyyətə başlayacaq: "Layihənin ən mühüm xüsusiyyəti Türkiyə və Azərbaycanın ən köklü və güclü universitetlərinin proqramlarını bir araya gətirməkdir. Bu yeni modelə Türkiyənin köklü universitetlərinin Ali Təhsil Şurası tərəfindən təyin olunacaq önlisans (ali təhsilin ilkin mərhələsi), bakalavr və magistr proqramları daxil olacaq".

E.Özvar bildirib ki, Azərbaycan alimləri ilə təkcə bakalavr təhsili sahəsində deyil, həm də layihələrdə, tədqiqatlarda və kitab nəşri sahələrində də birgə işləyəcəklər: “Bakıda təhsil ilk növbədə səhiyyə, mühəndislik və informatika sahələrində veriləcək. Qəyyumlar Şurası daha sonra hansı proqramların açılacağını müəyyənləşdirəcək. Qəyyumlar Şurası Türkiyə və Azərbaycanın ali təhsil sahəsində çalısan ekspertlərindən ibarət olacaq. Buraya təkcə azərbaycanlı tələbələr deyil, dünyanın hər yerindən maraqlananlar müraciət edə bilər. Universitet modelində türk və ingilis proqramları açılacaq. Verilən təhsilin keyfiyyəti və təminatı Türkiyə və Azərbaycan Ali Təhsilinin Keyfiyyət şuraları tərəfindən təmin ediləcək”.

Onun sözlərinə görə, Türkiyə vətəndaşı olan tələbələr bu universitetə Ali Təhsil Qurumları İmtahanı (YKS) ilə daxil ola biləcəklər. Digər ölkələrdən olan tələbələr də beynəlxalq tələbə qəbulu prinsiplərinə uyğun olaraq qəbul olunacaqlar.

Afaq MİRAYİQ, 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR