İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Zirvəsindən qorxuya düşənlər - Bakıdan tutarlı cavab

Azərbaycanın azad etdiyi Qarabağda keçirilən möhtəşəm tədbirə qərəzli münasibət həm də zəfərimizi həzm edə bilməyənlərin son çırpıntılarıdır; Avropanın türkofoblarına kəskin reaksiyalar

İyulun 6-da Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (OTT) sammiti dostlarımızı sevindirdi, bədxahlarımızın iç üzünü bir daha açdı, eyni zamanda Türk birliyindən qorxanların normal davranışlarının şahidi olduq. Avropa Birliyinin ermənipərəst rəhbərləri xüsusi narahatlıqlarını büruzə verdilər. Ələlxüsus Macarıstanın baş naziri Viktor Orbanın iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (OTT) sammitində iştirakı bəzilərini sözün əsl mənasında dəli edib. 

Hansı ki, bu, Azərbaycanın nüfuzu, eyni zamanda ədalətli, dürüst mövqeyi, habelə Orbanın adekvat davranışıdır. Aİ-nin rəhbərlərindən olan ermənipərəst Cozef Borrell Orbanın Şuşa sammitində iştirakı ilə bağlı açıqlama verib, o deyib ki, Orban sammitdə Avropa İttifaqını təmsil etməyib. Bundan əlavə, Avropa İttifaqı təşkilatda müşahidəçi qismində “UTC-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) legitimləşdirmə cəhdlərini pisləyib”. “Macarıstanın baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının Qarabağda keçirilən sammitində iştirakı Aİ üçün qalmaqaldır”. Bu sərsəm iddia ilə isə Avropa Parlamentinin deputatı Natali Luazo çıxış edib. “Viktor Orbanın Türk Dövlətlərinin Sammitində Şimali Kipr təmsilçisi ilə, hətta Qarabağ şəhərində (?-E.P.) iştirakı Macarıstan üçün biabırçılıq, Avropa üçün isə qalmaqaldır. Macarıstanın baş naziri Orban Kipr problemini şübhə altına alırmı? ”- Luazo X sosial şəbəkədə qeyd edib... Təbii ki, AB-də türkofob, islamofob dairələr sammitdən əndişələniblər. Türk Birliyinə Avropanın xəbisliyi fonunda ilk açıqlamanın islamofob və türkofob Avropa və şəxsən Borreldən gəlməsi də təəccüblü deyil. Onun bu cür tezislərini hazırlayanlar isə Avropa İttifaqı xarici əlaqələr departamentində çalışan Zibert kimi şovinist və səlibçi təfəkkürlü şəxslərdir. Bu cür sərsəm davranış həm də onu göstərir ki,Ttürk dünyası artıq dünyanın idarəçiliyində söz, nüfuz sahibidir, bu, geosiyasi faktdır. Macarıstan və onun lideri Orban əslində Aİ üçün demokratiya, ədalət dərsi keçir, göstərir ki, dünya ilə əlaqələr necə qurulur. Bir diqqətçəkən məqam da odur ki, Türk dünyasına qarşı düşmənçilk edən yunan Kirpi və Yunanıstan da Borreli və onun kimiləri qızışdırır. Hansı ki, Yunanıstan bir müddət öncə Türkiyə ilə münasibətləri düzəltməyə çalışırdı. Görünür, Aİ bunun da qarşısını alır. Azərbaycanın azad etdiyi Qarabağda keçirilən möhtəşəm tədbirə qərəzli münasibət həm də zəfərimizi həzm edə bilməyənlərin son çırpıntılarıdır. Ancaq proseslərin məcrası göstərir ki, bu cür naqisliklər nəticəsiz olacaq. Çünki TDT qarşısıalınmaz bir gücdür. Avropa Parlamentinin deputatı da sərsəm açıqlama verib. Baş verənlər nə vəd edir? Macarıstan və Quzey Kıprısın TDT-yə tam əsasda üzvlüyünü yaxınlaşdırır? Cavab necə olacaq? Avropa TDT-dən niyə narahatdır?

 

Deputat Sahib Alıyev: "Sağalmaq üzrəyəm" | 1news.az | Xəbərlər

Deputat: “Onlar türkün gücünün və güclü türkün nə demək olduğunu yaxşı bilirlər”

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında Avropadan gələn qıcıqlı və qərəzli reaksiyalara maraqlı cavablar verdi: “Avropa Birliyində riyazi terminlə desək, kökaltdakı Makronun, yəni Jozep Borrel və digər ünsürlərin Türk Dövlətləri Təşkilatının Şuşadakı qeyri-rəsmi zirvə görüşü onların sərgiləməyə çalışdıqları kimi "Kipr türk separatçı qurumunu legitimləşdirmək cəhdləri"nə görə gözlərinə girməyib, əksinə, diriltməyə çalışdıqları hay separatizminə, daha doğrusu, “miatsum”çuluğa daha heç bir şans verilmədiyini gördüklərindən belə qeyzləniblər. Siz sözün hər anlamında həmin zirvədə Özbəkistan prezidenti cənab Mirziyoyevin çıxışına diqqət yetirdiniz? Baxın, görün bu təcrübəli dövlət xadimi nə deyir: “Müstəqil Azərbaycan dövlətinin qurucusu möhtərəm Heydər Əliyevin sözləri ilə desək, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Beləliklə, bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır”. Bu sözlərin diplomatik dildən tərcüməsi bilirsiniz nə anlam daşıyır? Özbəkistan prezidenti diqqətə çatdırır ki, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmadığı kimi, Türk dünyası da yoxdur! Başqa sözlə desək, Qarabağla Şuşa Azərbaycan üçün nədirsə, Türk dünyası üçün də odur. Cənab Mirziyoyevin çıxışında vurğulanan bax, budur! Bunun sadəcə söz olmadığı Şuşa Zirvəsində - bu ifadə necə də gözəl səslənir, deyilmi - imzalanan Qarabağ Bəyannaməsində bütün çılpağlığı ilə özünü göstərir. Təkqütblü dünya düzəni qurmağa çalışan yırtıcıları çıldıran və gələcəkdə daha da çox çıldıracaq məhz TDT-nin həmin bəyannamədə əksini tapan, belə demək mümkünsə, yol xəritəsidir. Həmin bəyannamədə əksini tapan aşağıdakı fikirlərə baxın, görün, həm də necə bir yol xəritəsi: “Qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı davamlı məsləhətləşmələrin aparılması, TDT-nin "qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulması", onların “səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqi”, “kibertəhlükəsizliyin birgə təmini”, “süni intellekt üzrə tərəfdaşlıqların qurulması, məlumat mərkəzlərinin və bulud infrastrukturlarının yaradılması”, “böyük dil modeli formasında ümumi platformadan istifadə”, “Milli kosmik proqramların potensialının və rəqabət qabiliyyətinin artırılmasına yönəldilmiş səylərin birləşdirilməsi, üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyət” - sizcə, bütün bunlar islamofobluqlarını, ondan da betər türkofobluqlarını gizlətməyənlərə rahatlıq verər?" 

S.Alıyev əlavə etdi ki, makronları, onun kublarını, kvadratlarını, eyni zamanda Borrel kimi kökaltılarını qıcıqlandıran özlərindən saymadıqları provoslav yunanların, kiprlilərin maraqlarının əleyhinə yönəlmiş addımlar deyil, türk dövlətlərinin Qarabağ Bəyannaməsində də vurğulandığı kimi, “vahid güc kimi çıxış etmək” niyyətidir: “Onlar türkün gücünün və güclü türkün nə demək olduğunu yaxşı bilirlər. Bundan narahatdırlar. Əgər onlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dəfələrlə diqqətə çatdırdığı kimi, bu regionda bölücü sədlər çəkmək istəmirlərsə, onda Macarıstan baş nazirinin TDT-nin Şuşa Zirvəsinə qatılmasını niyə həzm etmirlər? Kardırlar, eşitmədilər, hazırda Avropa Birliyinə sədrlik edən Macarıstanın rəhbəri cənab Orban oradakı çıxışında TDT-ni "Qərblə Şərq arasında əməkdaşlıq üçün çox vacib bir təşkilat" olaraq dəyərləndirdi? Bunlar bölücü sədlər çəkmirlərsə, məqsədləri qarşıdurma deyil də, əməkdaşlıqdırsa, niyə Avropa Birliyinin üzvü olmaqla yanaşı, üstəlik, ona sədrlik də edən ölkənin baş nazirinin Şuşada həmin qurumu təmsil etmədiyini deyirlər? Avropa Birliyini onda kim təmsil edir, Qarabağdan özləri çıxıb gedən “miatsum”çuları etnik təmizləmə qurbanları kimi təqdim etməyə çalışan borrellər? Özü də o ünsürləri ki, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə aparıb və Xocalı soyqırımı qarışıq, yüzlərlə hərbi cinayət törədiblər".

Nəhayət, deputat sual etdi: “Əgər Avropa Birliyini cənab Orban deyil də, Borrel kimi ünsürlər təmsil edirsə, Brüsseldəkilər oturub fikirləşsinlər ki, onda Azərbaycanın həmin quruma yanaşması necə olmaldır? Sual ritorikdir, ya yox, bu, məhz qərbdəkilərin gələcək davranışlarından asılı olacaq”.

Koronavirusa yoluxan Sahib Məmmədov evə buraxılıb: "Xəstəxanlara çox ağır  xəstələr gəlir"

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov qəzetimizə bildirdi ki, Türk Dövlətləri Təşkilatının Şuşadakı qeyri-rəsmi zirvə toplantısının qıcıq doğuracağı şübhəsiz idi: “Avropa İttifaqına daxil olan dövlətlərin, xüsusən Qərb dövlətlərinin separatçı Kosovonı dəstəkləməsi fonunda Macarstanın baş naziri Orbanı Şimali Kipr Türk Cümhuriyyətini legitimləşdirməkdə günahlandırması da absurddur. Əvvəla, Şimali Kipr Türk Cümhuriyyəti tədbirdə üzv dövlət kimi iştirak etməyib, qonaq qismində qatılıb. Macarıstan özü də bu təşkilatın üzvü deyil. Bu baxımdan Macarıstan baş nazirinin tədbirdə iştirakı Avropa İttifaqının hər hansı siyasətinə zidd deyil. İkincisi də Macarıstan baş naziri onsuz da tədbirdə Avropa İttifaqını deyil, yalnız öz ölkəsini təmsil edirdi. Bunu erməni lobbisinin təsiri altında olan Aİ parlament üzvü də yaxşı bilir. Vəzifəsindən getməkdə olan Cozef Borrel də sadəcə erməni lobbisinin daha artıq rəğbətini qazanmaq üçün dərhal açıqlama ilə çıxış etmək fürsətini əldən verməyib. Erməni lobbisi əvvəllər yüksək vəzifələrdə olmuş pensionerlərdən istifadə edir”. 

O ki qaldı Şimali Kipr Türk Cümhuriyyətinə, S.Məmmədov xatırlatdı ki, bu dövlət 50 ildən artıqdır de-fakto mövcuddur: “Kipr Respublikası Avropa İttifaqına üzv qəbul olunarkən problemin həlli mümkün idi, amma buna elə Avropa İttifaqının özü imkan vermədi. Belə olan halda Şimali Kipr Türk Cümhuriyyətinın beynəlxalq hüququn tam hüquqlu üzvünə çevrilməsi istiqamətindəki səyləri dayanmayacaq və onun müxtəlif inteqrasiya qurumlarında üzv olmasa belə ən azı müşahidəçi və ya qonaq kimi iştirakına təbii baxmaq lazımdır. Ümumiyyətlə, Avropanın Türkiyəyə olan münasibəti kifayət qədər qərəzlidir. O qədər qərəzlidir ki, bu, hətta özünü adi idman yarışlarında belə göstərir. Türkiyənin futbol üzrə Avropa Çempionatında iştirakı bunu bir daha göstərdi. Bütün xalqların totemləri var. Fransa və digər Avropa dövlətləri öz totemlərini hətta yaxalarına taxdıqları halda Türkiyə yığıma komandası bunu edə bilməsin? Adi bir işarəyə belə münasibətin arxasında duran, əlbəttə, qərəzdir. Ona görə də həm Türkiyə, həm Azərbaycan, həm digər türk dövlətləri mümkün halda inteqrasiyanı daha da dərinləşdirməli, həmçinin digər təşkilatlarda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əlaqələrini daha da genişlədirməlidirlər. Avropa İttifaqı ilə əməkdaşlıq isə əlbəttə ki, davam etməlidir. Onlar nə qədər istəyir və Türkiyə və Azərbaycana nə qədər lazımdırsa, o qədər...”

Zəfərimizi, həm də Türkün böyüklüyünü həzm edə bilməyən Avropanın xəstə siyasətçiləri danışdıqca özlərini daha çox ifşa edirlər. Qoy danışsınlar, yel qayadan heç nə apara bilməyəcək, karvan yoluna davam edəcək. Həm də Prezident İlham Əliyev sözünü deyib: “Peşman olacaqlar!”

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR