Onlayn ictimai-siyasi qəzet
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda final günləri start götürüb.
Komanda növündə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma növündə yarışlar keçirilib.
Qızıl medalların sevincini qardaş Türkiyə komandasını təmsil edən Şimal Yılmazla İsmayıl Kələş yaşayıb. Final qarşılaşmasında Türkiyəyə məğlub olan Qazaxıstan (Valeriya Popelova və Eldar İmankulov) gümüş medallara sahib olub.
Üçüncü yer uğrunda mübarizədə Ukraynanı üstələyən Çin atıcıları Li Xue ilə Xie Yu bürünc medallara yiyələnib.
Mükafatlandırma mərasimində maraqlı anlar yaşanıb. Karyerasında ilk “qızıl”ı alan türkiyəli xanım atıcı göz yaşlarına sahib ola bilməyib. O, həm medal alanda, həm də təltifetmədən sonra məşqçisinə sarılaraq “ürəyini boşaldıb”.
Şimal Yılmaz qalibiyyət təəssüratlarını bölüşüb:
“Ötən həftələrin birində çox sevdiyim məşqçim dünyasını dəyişdi. Bəlkə də qızıl medal almağımın səbəbi o insandır.
12 yaşımdan onun yanındaydım, həm də klubdakı məşqçim idi. Bu medalı ona - Murat Yılmaza həsr edirəm.
Bundan sonra qazanacağım medalları da ona həsr edəcəyəm. Olimadalarda da uğur qazanacağıma ümid edirəm.
Mən final adamıyam. İndiyə qədər həlledici mübarizəyə qoşulduğum atışlardan medalsız ayrılmamışam. Bu səbəbdən özümə güvənirdim”.
Şimal Yılmaz indiyə qədər qatıldığı mötəbər yarışlarda 4 gümüş, 1 bürünc medal qazansa da, bu, onun ilk “qızıl”ı kimi tarixə düşdü.
Türkiyəli atlet Azərbaycanda yarışmasının onun üçün əlavə motivasiya olduğunu gizlətməyib:
“Azərbaycan mənə doğma gəlir. Ötən il Bakıdakı Dünya Kubokunda bürünc medal qazanmışdım, bu dəfə karyeramın ilk qızılını əldə etdim.
Buradakı azərbaycanlı atıcı dostlarımla çox yaxşı münasibətim var, mənə dəstək olurlar. İnanın, özümüzü Türkiyədəki kimi vətəndə hiss edirik”./sportinfo.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ